"... çox təəssüflənirəm”

"... çox təəssüflənirəm”

Ötən il Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında əldə olunan 10 medalın 7-si güləşçilərimizin payına düşdü. Bu nəticə Azərbaycanda qədim ənənələrə malik güləşin yüksək inkişafından xəbər verir. Danılmaz fakdır ki, Azərbaycan güləşi dünyanın ən aparıcı güləş ölkələri sırasındadır. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növündə qazanılıb. Azərbaycan idmançılarının iştirak etdikləri Olimpiya oyunlarının tarixinə nəzər yetirsək, dediklərimizi daha aydın görə bilərik. 2008-ci ildə keçirilən Pekin Olimpiadasına güləşçilərimiz 16 lisenziya əldə etmişdilər. Bu, ölkəmizin güləş tarixində rekord göstərici idi. Xatırladaq ki, buna qədər pəhləvanlarımız Atlanta (6 sərbəst, 2 yunan-Roma güləşi), Sidney (6 sərbəst, 3 yunan-Roma) və Afina (5 sərbəst, 3 yunan-Roma) Olimpiya Oyunlarında təmsil olunmuşdular. Güləşçimiz Namiq Abdullayev Atlantada gümüş, Sidneydə qızıl medal qazanmışdı. Afina Olimpiadasında isə Fərid Mansurov Olimpiya çempionu adına layiq görülmüşdü.

Qazanılan uğurlar, güləşçilərə göstərilən qayğı uşaq və yeniyetmələrin də bu idman növünə olan marağını artırır. Hazırda ölkəmizdə minlərlə uşaq və gənc güləşlə məşğul olur. Onlara yaradılan şərait, istifadəyə verilən müasir səviyyəli idman bazaları güləşçilərimizin beynəlxalq arenada tanınmasına zəmin yaradıb.
Əlbəttə, əldə olunan yüksək nəticələr heç də asan qazanılmır. Medal əldə etmək üçün gərgin məşq etmək, yorulmadan hazırlaşmaq lazım gəlir. Zirvəyə aparan yollarda, adətən, bələdçilərin - məşqçilərin əvəzsiz rolu olur. Öz yetirməsini müxtəlif səviyyəli yarışlara məhz məşqçilər hazırlayırlar. Əldə olunan nailiyyətlər məşqçilərin adı ilə bağlıdır, desək, yanılmarıq. Hər bir idmançı məşğul olduğu idman növünün incəliklərini məhz məşqçilərdən öyrənir.
Azərbaycanda müxtəlif idman növləri üzrə tanınmış məşqçilərin sayı yetərincədir. Öz işinə peşəkar yanaşan bu insanlar ölkə idmanının inkişafına öz əvəzsiz töhfələrini verirlər.
Məşqçilik peşəsi asan deyil və məsuliyyət tələb edir. Yeniyetmə idmançılarla işləyən məşqçilərin üzərinə isə daha böyük məsuliyyət düşür. İdmanda yenicə addımlamağa başlayanlarla işləyən, bütün gücü ilə onlara uğur qazandırmağa səy göstərən məşqçilərdən biri Nurəddin Rəcəbovdur. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi kimi fəaliyyət göstərən Nurəddin Rəcəbov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını və Təfəkkür Universitetini bitirib.
Təcrübəli məşqçi ilə Tofiq Bəhramov adına Respublika Stadionunun yunan-Roma güləşi üzrə bazasında görüşdük. Biz içəri daxil olanda zalda gərgin məşq gedirdi. Yeniyetmə güləşçilər Nurəddin Rəcəbovun rəhbərliyi altında növbəti yarışlara hazırlaşırdılar. Gəlişimizin məqsədini ona dedik. Təcrübəli məşqçi,vaxtın az olduğunu desə də, bizim suallarımızı cavablandırdı.
- Özümüz də şahid olduq ki, vaxtın yoxdur, yetirmələrini yarışa hazırlayırsan. Bununla belə, istərdik ki, keçdiyin yol, idmançı kimi əldə etdiyin nailiyyətlər, o cümlədən məşqçilik fəaliyyətin barədə söhbət edək. Əvvəlcə özün haqqında oxucularımıza məlumat verməyini xahiş edirik.
-1978-ci ildə Qərbi Azərbaycanda anadan olmuşam. Məlum səbəblərə görə, 1988-ci ildə ailəmlə birgə Sumqayıta köçmüşəm. Ailədə 5 qardaş, iki bacıyıq. Qardaşımın biri ağırlıqqaldırma idman növü ilə məşğul olub. O, 1997-ci ildə Londonda keçirilən dünya çempionatında qızıl medala layiq görülüb. Bundan başqa, qardaşım bir neçə ölkədaxili və beynəlxalq yarışlarda mükafatalayiq yerlər tutub. Mən və məndən kiçik qardaşım Hüsaməddin həyatımızı yunan-Roma güləşinə həsr etmişik. Təvazökarlıqdan uzaq da olsa, deyim ki, bu növdə uğurlarım var. Böyükyaşlı idmançılar arasında dəfələrlə Azərbaycan çempionu olmuşam. Dünya birinciliyində bürünc medal qazanmışam. Hüsaməddin də bir sıra beynəlxalq yarışlarda uğurla çıxış edib. O, gənclər və böyüklər arasında Avropa və dünya çempionatının mükafatçısıdır.
- Necə oldu ki, məhz güləşi seçdin?
- Məndə güləşə böyük qardaşım maraq oyadıb. İlk dəfə yeddinci sinifdə oxuyanda güləşlə məşğul olmağa başlamışam. Bu yaşda güləşlə məşğul olmaq heç də asan deyil. Ona görə ki, güləş zalına uşaqlar, adətən, erkən yaşda üz tuturlar. Bununla belə, güləşə marağım məni bu növə bağladı. Özümə inanırdım. Bilirdim ki, güləşin incəliklərinə yiyələnməkmənim üçün çətin olmayacaq. Tezliklə yarışlarda nəticə göstərdim. Qeyd edim ki, ilk məşqlərə "Zenit” idman cəmiyyətinin Sumqayıt filialında başlamışam. Yunan-Roma güləşinin sirlərini mənə təcrübəli məşqçi Qərib Əliyev öyrədib.

Hədər getməyən məşqlər

- Dedin ki, güləşə yeddinci sinifdə oxuyanda maraq göstərmisən. Məlumdur ki, bu yaşdan sonra uğurlu çıxış etmək, nailiyyət qazanmaq heç də asan olmur. Amma sənin nailiyyətlərin var...
- İlk dəfə rəsmi yarışa Azərbaycan çempionatında çıxmışam. Həmin çempionatda 54 kq çəki dərəcəsində güləşdim və fəxri kürsünün ən yüksək pilləsinə layiq görüldüm. Sonra məni Avropa birinciliyinə göndərdilər. Bu yarışda yeddinci yerdə qərarlaşdım. Zəif nəticə göstərmişdim, amma bu, məni məyus etmədi. Əksinə, qarşıma məqsəd qoydum ki, bundan sonrakı yarışlarda daha yaxşı çıxış edəcəyəm və medal qazanan idmançılar sırasında olacağam. Məşqçimin köməyi ilə öz üzərimdə səylə və məsuliyyətlə çalışdım. Zəhmətim hədər getmədi. 1996-cı ildə Polşada keçirilən dünya birinciliyində üçüncü yeri tutdum. Bir müddət sonra müəyyən səbəblərdən karyeramı başa vurmalı oldum.
- Nurəddin, sən idmana çox gec gəlib, tez də getmisən. Maraqlıdır, yarışlarda uğurlar qazandığın halda güləşdən niyə tez ayrılmısan?
- Etiraf edim ki, güləşlə gec məşğul olduğum üçün çox təəssüflənirəm. Bəlkə də, bu idman növü ilə vaxtında məşğul olsaydım daha böyük uğurlar əldə edə bilərdim. 24 yaşımda başa çatdırmaq məcburiyyətində qaldım. Müəyyən çətinliklərlə üzləşmişdim. Bir müddət Rusiyada yaşamalı oldum.
- Hazırda yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisisən. Deməli, güləşdən bir müddət ayrı düşsən də, bu növə olan marağın azalmayıb.
- 2009-cu ilin noyabr ayında böyüklərdən ibarət yığma komandaya köməkçi məşqçi kimi dəvət olundum. Bir ay test müddəti idi. Dekabr ayında mən rəsmi olaraq komandada işə başladım. 2011-ci ilin noyabr ayına qədər burada işlədim. Həmin ildən yeniyetmələrdən ibarət yığma komandaya böyük məşqçi təyin olundum.

"Qayğı, şərait varsa, nəticə mütləq olacaq”

- Yeniyetmə güləşçilərimizin ən böyük uğuru hansı olub?
- Ötən il paytaxtımızda təşkil olunan dünya birinciliyində komandamız 6 qızıl, 1 gümüş, 1 bürünc medalla komanda hesabında birinci yeri tutdu. Bu, yeniyetmə pəhləvanlarımızın güləş tariximizdə ən böyük uğuru idi. Yeri gəlmişkən deyim ki, dünyanın heç bir yeniyetmələrdən ibarət komandası belə nəticə əldə edə bilməyib. Təbii ki, bütün bu uğurlar bizə göstərilən qayğının nəticəsidir. Azərbaycan Güləş Federasiyası güləşçilərə hər cür şərait yaradıb. Maddi-texniki baza, təlim-məşqlər, idmançıların müəyyən vitaminlərlə və idman formaları ilə təminatı yüksək səviyyədə həyata keçirilir. Məhz buna görədir ki, istər böyüklər, istərsə də yeniyetmə güləşçilər lazımi nəticə əldə edə bilirlər. Qayğı, şərait varsa, nəticə mütləq olacaq.
- Nurəddin, əvvəllər böyüklərdən ibarət yığmada işləmisən. İndi isə yeniyetmələrlə məşğul olursan. Bu iki nəsil arasında fərq görürsənmi? Təbii ki, söhbət məşq prosesindən gedir.
- Yeniyetmə idmançılarla işləmək məsuliyyət və səbr tələb edir. Çünki yeniyetmələr, böyüklərdən fərqli olaraq, özlərini dəcəl uşaq kimi aparırlar. Bu, təbii prosesdir. Bu baxımdan, yeniyetmələrlə işləmək asan deyil. Yəni onların hər birinə fərdi yanaşmalısan. Yeniyetmənin özünəməxsus xüsusiyyətlərini bilməlisən. Şübhəsiz ki, bu işdə təcrübəm mənə kömək edir. Bu komandanı qəbul edəndə əvvəlcə hansı proqramla işləyəcəyimi müəyyənləşdirdim. Güləşçi kimi çıxış etdiyim dövrlərdə qeydiyyatını apardığım məşq proseslərinin dəftərini yenidən vərəqlədim. Həmçinin yunan-Roma güləşində əldə etdiyimiz medalların hansı məşq proseslərindən sonra qazanıldığını araşdırdım. Məqsədim o idi ki, yeniyetmələrə uğur qazandıra bilim. 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında əməyimizin bəhrəsini gördük.
- Güləşçi kimi müəyyən uğurlar əldə etmisən. Səncə, qazanılan qələbənin biri-birindən fərqi varmı?
- Mən qələbələri, hansı yarışda əldə edilməsindən asılı olmayaraq, fərqləndirməzdim. Qazanılan hər bir uğurun, medalın öz yeri var. İdmançı Avropa, dünya çempionatında və ya birinciliklərdə mükafata layiq görülə bilər. O, fəxri kürsünün hansı pilləsində dayanmasına fərq qoymamalıdır. Şübhəsiz ki, çempion olmaq daha qürurvericidir. Amma elə məqamlar var ki, gümüş və ya bürünc medal da idmançı üçün ən yüksək nəticə hesab oluna bilər. Məsələn, Olimpiya oyunlarında ikinci və ya üçüncü olmağın özü də böyük nəticə sayılır.

"Hər bir idmançı məsuliyyətli, nizam-intizamlı olmalı, böyük-
kiçiyin yerini bilməlidir”

- Yeniyetmələr bir müddətdən sonra gənclərdən ibarət komandalara keçirlər. Yəqin ki, sənin yetişdirdiyin güləşçilərdən də hazırda gənclər yığmasında yer alanlar var.

- Əlbəttə. Komandanın heyətində perspektivli idmançılar çoxdur. Onlardan bəziləri artıq gənclərdən ibarət yığmaya cəlb olunublar. Məsələn, ötən il keçirilən dünya birinciliyində mükafat qazananda güləşçimiz Elnur Həsənov (50 kq) hazırda gənclərdən ibarət yığma komandada məşq edir. Bir məşqçi kimi deyə bilərəm ki, Elnurun böyük gələcəyi var. O əvvllər 46 kq çəkidə güləşirdi. Şəxsi məşqçisi ona çəkisini artırmağa icazə vermirdi. Mən hiss edirdim ki, Elnur 50 kq çəkidə daha yaxşı nəticə göstərə bilər. Məcburən onun çəkisini 4 kq artırdıq. Seçimimizdə yanılmamışdıq. Bu idmançı dünya birinciliyində məhz 50 kq çəkidə medal qazandı. Elnur indi yarışlara 54 kq çəki dərəcəsində hazırlaşır. Düşünürəm ki, o, diqqətdən kənarda qalmasa, yaxşı nəticələr əldə edə biləcək. Digər yetirməm Mikayıl Rəhmanov 46 kq çəkidə Avropa birinciliyində gümüş dünya birinciliyində isə qızıl medala sahib çıxıb. Mikayıl hazırda 50 kq çəkidə güləşir. Digər güləşçimiz Sənan Süleymanov əvvəllər 42 kq çəkidə çıxış edib. O, bundan sonra 46 kq da güləşəcək. Adlarını çəkdiyim güləşçilərin böyük gələcəyi var. Onların hər birinin Olimpiya oyunlarında medal qazanmaq şansı ola bilər.
- Güləş digər idman növlərindən nə ilə fərqlənir?
- Hər bir idman növünün özünəməxsus cəhətləri var. Məncə, güləş idmançıdan çeviklik, cəsarət, ağıl, düşüncə tələb edir. Təsəvvür edin ki, döşəyin üzərində ani qərar verməyi bacarmalısan. Bir sözlə, güləş idmançıdan hərtərəfli hazırlıqlı olmağı tələb edir.
- Bəs, əsl güləşçi necə olmalıdır?
- Hesab edirəm ki, hər bir idmançı məsuliyyətli, nizam-intizamlı olmalı, böyük-kiçiyin yerini bilməlidir.Bu xüsusiyyətlər, şübhəsiz ki, güləşçilərə də aiddir.
- Artıq bir neçə ildir ki, məşqçilik edirsən. Necə bilirsən, əsl məşqçi necə olmalıdır? Yetirmələri ilə necə münasibət qurmalıdır?
- Hər bir məşqçi keçmiş idmançıdır. O, yetirmələrinin məşq prosesinə, təlim-məşq toplanışlarına, müxtəlif yarışlara hazırlayır, ekstremal şəraitdə bütün əziyyətlərə qatlaşmağı bacarır. O, yetirmələrinin fiziki, texniki-taktiki, psixoloji imkanlarını, təxəyyülünü, maraq dairəsini, qabiliyyətini, istedadını araşdırır. Məşqçi düşdüyü vəziyyətdən çıxış yolu axtarır, buraxılmış səhvləri araşdırır, özünü və yetirmələrini psixoloji sarsıntıdan çıxarır. Məşqçi idman növünün sirrini öyrətdiyi tələbələri ilə sıx münasibət qurmalı, yetirmələri ilə dostyana davranmalıdır. Əsl məşqçi səbirli, təvazökar, möhkəm iradəli olmalıdır. Bir sözlə, məşqçi bərkdən-boşdan çıxmalı, öz işinin peşəkar ustası olmalı, yetirmələrinə də bu cür keyfiyyətlər aşılamalıdır.

"O, Azərbaycanın güləş aləminə hərtərəfli nümunədir”


- Yəqin ki, məşqçinin özünün xüsusi proqramı da olmalıdır...
- Nəinki məşqçi, həmçinin idmançı da özü üçün proqram tərtib etməlidir. Bu, vacib amildir. Məsələn, mən hələ güləşərkən proqram əsasında hazırlaşırdım. Təlim-məşqlərə gedərkən məşq prosesinin qeydiyyatını aparırdım. Belarusda təlim-məşq toplanışında olanda bu ölkənin güləş komandasının baş məşqçisi Kamandar Məcidovun məşq üsulunu dəftərimə qeyd etmişdim. Həmin dəftəri indi də saxlayıram. Sonralar Elçin Cəfərovun yanında olarkən onun da məşq prosesini dəftərimə köçürmüşəm. İndi isə bu işi məşqçi kimi həyata keçirirəm. Məşqçi kimi fəaliyyətə başladığım ilk gündən proqram tərtib etmişəm. Məşq prosesinin hər günü bu proqramda öz əksini tapıb.

- Sən bir müddət Olimpiya çempionu Fərid Mansurovla birgə komandada işləmisən. Fəridin hansı xüsusiyyətlərini dəyərləndirərdin?
- Fərid Mansurovu yaxından tanıyıram. O, Azərbaycanın güləş aləminə hərtərəfli nümunədir. Ağıllı, sadə, səmimi insandır. Fəriddən öyrənəcəyimiz çox şey var.
- Güləşin 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarının prqramından çıxarılması məsələsinə münasibətin necədir?
- Güləş Azərbaycanın milli idman növüdür. Ta qədimdən dədə-balaramız bu idman növü ilə məşğul olublar. Biz özümüzü güləşsiz təsəvvür edə bilmirik. London Olimpiadasında əldə olunan 10 medalın 7-si güləşçilərin payına düşür. Ümumiyyətlə, bundan əvvəl keçirilən olimpiadalarda da güləşçilərimiz medallar qazanıblar. Bu növün Olimpiya oyunlarının proqramından çıxarılması düzgün addım olmazdı. Güləş, hazırda bütün dünyada populyardır. İnanırıq ki, bu məsələ ilə bağlı veriləcək qərar müsbət həll olunacaq. Güləşçilərimiz bizi daha neçə-neçə Olimpiya oyunlarında sevindirəcəklər.
- Ən böyük arzun nədir?
- Hər bir idmançının ən son arzusu Olimpiya çempionu tituluna yiyələnməkdiri. Təəssüf ki, özüm bu arzuya çata bilməmişəm. Amma, əminəm ki, yetirmələrim Olimpiya çempionu tituluna yiyələnəcəklər.
- Özünün güləş məktəbini yaratmaq istərdinmi?
- Bilirsiniz, istər şəxsi, istərsə də dövlətin maliyyələşdirdiyi güləş məktəbi bir amala xidmət edir. Yəni əsas məqsəd Azərbaycan idmanının inkişafına nail olmaq, bayrağımızı yüksəklərdə dalğalandırmaq, idman məktəblərinə daha çox uşaq cəlb etməkdir.
- Nurəddin, başqa hansı idman növlərinə maraq göstərirsən?
- Akrobatika gimnastikası ilə məşğul oluram. Gimnastik hərəkətlər, demək olar ki, bütün idman növlərinin əsasını təşkil edir. Hərdən vaxt tapan kimi futbol da oynayıram. Amma futbol azarkeşi deyiləm.
- Həyatından razısanmı?
- Əlbəttə. Əldə etdiyim hər bir şeyə görə Allaha şükür edirəm. İdmanda və şəxsi həyatımda qazandığım nailiyyətlər belə deməyimə əsas verir.
- Xoşbəxtsənmi?
- Bəli, xoşbəxtəm və bütün insanlara xoşbəxtlik arzulayıram. Hər bir insan üçün ən böyük səadət onun ailəsidir. Mənim oğlum və qızım var. Oğlum Kamran birinci sinifdə oxuyur. Nəzrinin isə iki yaşı var. Kamran hazırda rəqs dərnəyinə yazılıb. O da gələcəkdə atası kimi güləş məşqçisi olmaq istəyir.
- Həyatında nələri dəyişdirmək istərdin?
- Güləşdə əldə etdiyim nəticələrimi. Mən güləşlə erkən vidalaşmasaydım, daha yüksək yerlər tuta bilərdim.
- Çətin anların çox olub?
- Hər bir insan həyatda çətin anlarla rastlaşır. Təbii ki, mənim də çətin vaxtlarım olub. Qarşıma çıxan çətinlikləri Tanrının köməyi ilə dəf edə bilmişəm. Ümumiyyətlə, düşünürəm ki, əməlləri düzgün olan insana Allah həmişə kömək edir.
- Bəzi məşqçilər əvvəlcədən proqnoz verir, yetirməsinin hansısa bir yarışda yüksək əyarlı medal qazanacağını deyir. Səncə, bu, düzgündürmü?
- Bilirsiniz, əsas odur ki, məşqçi öz işinin öhdəsindən layiqincə gəlsin. Belə olanda, nəticələr də yüksək olur.Məncə, idmanda əldə olunan uğur Tanrının insana verdiyi ruzi kimi qiymətləndirilməlidir. Yəni Tanrı hər bir insana ruzi göndərir. İdmanda da belədir. Elə idmançı var ki, ondan qızıl medal gözləyirsən. Amma o göstərilən etimadı doğrultmur. Əksinə, nəticə gözlənilməyən idmançı fəxri kürsünün ən yüksək pilləsində yer alır. Hesab edirəm ki, hər bir kəs öz işinə məsuliyyətlə yanaşsa, onun ruzisi olar: həm idmanda, həm də həyatda.
- Səhvlərin olub?
- Hər bir insanın, istəsə də, istəməsə də, səhvləri olur. Bunu qavrayan insan sonra səhvlərini düzəltməyə çalışır. Təbii ki, mən də müəyyən vaxtlarda səhv etmişəm və həmin səhvləri təkrarlamamağa çalışmışam.
- Hobbin var?
- İdmanla bağlı əşyalar yığıram.
- Həyatda sənin üçün ən dəyərli olan nədir?
- Məncə, insanın ailəsi onun üçün dəyərlidir. Allah hər bir kəsin ailəsini qorusun.
- Səncə, dost nə deməkdir?
- Dost insanın "kölgəsi” olmalıdır. Yəni ən pis və ən yaxşı günlərində onu izləməlidir. Dostluqda yaş fərqi yoxdur. Mənim dostlarımdan birinin 15, o birinin isə 60 yaşı var.
- Özünə qapanan insansan?
- Etiraf edim ki, bu, məndə alınmır. Nə qədər özümə qapanmaq istəsəm də, bacarmıram.