Braziliya turniri: pul, dopinq və göz yaşları...

Braziliya turniri: pul, dopinq və göz yaşları...



XX dünya çempionatında ən maraqlı faktlar
Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatı öz sürprizləri, sevinc və kədərləri ilə dünya futbol tarixinə düşəcək. Mundialla bağlı bəzi yekunlar və maraqlı faktlar belə deməyə əsas verir.

Ronaldo ən pislər siyahısında
Bu dünya çempionatında bəzi oyunçuların ulduzu parlasa da, bəzi ulduzlar "söndü”. Məhz bu səbəbdən Britaniyanın "Eurosport” kanalı Braziliya mundialının qrup mərhələsində ən zəif çıxış edən 11 oyunçunu müəyyənləşdirib. Onların sırasında Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo, İspaniyanın və İngiltərənin ulduz oyunçuları da yer alıb.

Beləliklə, mundialın qrup mərhələsinin ən zəif oyunçularından ibarət rəmzi komandası belədir:
Qapıçı: İqor Akinfeyev (Rusiya):
Müdafiəçilər: Serxio Ramos (İspaniya), Pepe (Portuqaliya), Con Boy (Qana), Leyton Beyns (İngiltərə):
Yarımmüdafiəçilər: Aleks Sonq (Kamerun), Uilson Palasios (Honduras), Stiven Cerrard (İngiltərə), Andres İnyesta (İspaniya);
Hücumçular: Kriştianu Ronaldu (Portuqaliya), Dieqo Kosta (İspaniya)

Pul davası
XX dünya çempionatında ən çox dartışılan mövzulardan biri də puldur. Əvvəl Kamerun millisi onlara vəd edilən pulu ödəmək istəmədiyi üçün mundiala iki gün qalmış Braziliyaya getməkdən imtina etmişdilər. Amma FİFA Kamerun Futbol Federasiyasının 5 illik sanksiya ilə hədələdikdən sonra milli komanda mundiala gəldi. Başqa bir Afrika təmsilçisi Qana millisinin oyunçuları da onlara vəd olunan mükafatın verilmədiyini əsas gətirərək Portuqaliya ilə qrup oyunundan imtina edəcəklərini bildirmişdilər. Bundan sonra Qana hökuməti təcili surətdə Braziliyada olan futbolçulara üç milyon dollar göndərmişdi. Yalnız pullarını aldıqdan sonra qanalı oyunçular Portuqaliya ilə matça çıxdılar.
Nigeriya millsinin futbolçuları da ölkələrinin futbol rəhbərliyi ilə pul davası aparırdılar. Komanda Fransa ilə oyuna çıxmayacağını bəyan etmişdi. Buna Nigeriya Futbol Federasiyasının (NFF) 1/8 finala çıxan milinin futbolçularına vəd etdiyi mükafatı vermək istəməməsi səbəb olmuşdu.
Onlar mükafatlarının qısa bir zamanda ödənilməyəcəyi halda həm məşqlərə, həm də iyunun 30-da Fransaya qarşı keçiriləcək DÇ-2014-ün 1/8 final oyununa çıxmayacaqlarını bəyan etmişdilər.
Nigeriya millisinin oyunçuları dörd il öncə CAR-da keçirilən mundialda da eyni problemlə üzləşmişdilər. Federasiya qrupda iştiraka görə mükafat vəd etsə də, Nigeriya pley-off-a çıxmadığı üçün pullar ödənilməmişdi. Nigeriyalı oyunçular oxşar hadisənin bu dəfə Braziliyada təkrarlanacağından ehtiyyat ediblər.

Məşqçi istefaları
Braziliya çempionatı baş məşqçi istefaları ilə yadda qaldı. Bosniya və Hesaqovina millisinin baş məşqçisi Safet Suşiç komandasının F qrupunda mübarizəni dayandırmasından sonra istefa verdi. Yaponiya millisinin baş məşqçisi Alberto Zakkeroni də komandasının uğursuzluğuna görə özünü günahkar saydı və tutduğu vəzifədən getdiyini bəyan etdi.

İstefaya gedənlər sırasında Fid Dişi Sahili millisinin baş məşqçisi Sabri Lyamuşi də var. Komandasının Yunanıstana məğlub (1:2) olduğu oyundan sonra o da bəyan etdi ki, milli ilə başa çatan müqaviləsini yeniləməyəcək. Qeyd edək ki, Fil Dişi Sahili Yunanıstanla heç-heçə etsəydi, tarixində ilk dəfə dünya çempionlarında 1/8 finala yüksələcəkdi. Amma onlar uduzmaqla bu şansı əldən verdilər.
Uruqvayla oyunda məğlub olaraq evə qayıdan İtaliya millisinin baş məşqçisi Çezare Prandelli də karyerasına Braziliyada nöqtə qoydu. İran millisinin baş məşqçisi, 61 yaşlı portuqaliyalı Karluş Keyruş də istefa verənlər sırasındadır. Çempionatda üç ağır məğlubiyyətə uğrayan Honduras millisinin çalışdırıcısı Luis Fernando Suares də bu mundialda başçılıq etdiyi millidən gedib.
Braziliyanı erkən tərk edən İngiltərə millisinin baş məşqçisi Roy Hocson isə uğursuzluğa görə istefa verməyəcəyini deyib.

"İstefa vermək üçün heç bir səbəb görmürəm. Futbolçularımla və məşqçi heyəti ilə birgə məşqlərə davam edirik. İngiltərə Futbol Federasiyasının dəstəyi ilə burada işləməyə davam edəcəyəm. Komandanı çalışdırmaq üçün ən doğru insanın özümün olduğunu düşünürəm”.
Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu da uğursuzluğa baxmayaraq istefa verməyəcəyini bildirib.

İki qapıçı iki rekord
Braziliya çempionatında ən yaşlı oyunçu rekordu təzələnib. Kolumbiya millisinini qapıçısı Ali Fərid Mondraqon Yaponiya ilə matçda meydana çıxmaqla dünya çempionatlarının final mərhələsində forma geyən ən yaşlı futbolçu olub.

43 yaşlı qapıçı oyunun 85-ci dəqiqəsində David Ospinanı əvəzləyib. Bununla da o, kamerunlu futbolçu Roje Millanın rekordunu qırıb. Milla ABŞ-da keçirilən dünya çempionatında Rusiyaya qarşı oyuna çıxanda 42 yaşı var idi.
İtaliya millisinin qapıçısı Canluici Buffon da dünya çempionatının tarixinə düşüb. Kosta Rika ilə görüşdə komandasının qapısını qoruyan Buffon bununla da beşinci dəfə dünya çempionatında iştirak edib. Bu nəticə ilə o, Antonio Karbaxal (Meksika) və Lotar Matteusdan (Almaniya) sonra beş dünya çempionatında oynayan üçüncü futbolçu olub. Qeyd edək ki, Buffon bundan əvvəl 1998, 2002, 2006 və 2010-cu illərdə keçirilən dünya çempionatında İtaliya millisinin şərəfini qoruyub.

Dopinq
Braziliya mündialı futbolçuların kütləvi dopinq testi ilə də yaddaşlarda qalacaq. FİFA bəyan edib ki, 800 futbolçunun keçdiyi testdə heç bir oyunçunun qanında dopinq tapılmayıb. Dopinq-testindən keçməyən bəzi futbolçular isə turnir başa çatana qədər yoxlanacaq. Kosta-Rika millisinin yeddi futbolçusundan götürülən dopinq-testin nəticəsini də hamı maraqla gözləyirdi. Uruqvay və İtaliyaya gəlib gedən komandanın üzvlərindən götürülən testin nəticəsi mənfi olub. Xatırladaq ki, ədətən, dopinq-test prosesinə FİFA iki oyunçunu cəlb edir. Amma Kosta-Rikanın İtaliyaya qalib gəldiyi qrup matçından sonra ali futbol qurumu daha beş futbolçudan qan analizi götürmüşdü. FİFA bunu çempionatdan əvvəl bəzi futbolçuları testdən keçirməməsi ilə izah etmişdi.

Göz yaşlarını sil, Neymar
Bu çempionatda da meydanda sevinc və kədər göz yaşları müşahidə edilir. Braziliya-Meksikaqarşılaşmasından əvvəl hər iki ölkənin dövlət himni səslənərkən azarkeşlər maraqla mənzərənin şahidi olublar. Meydan sahiblərinin oyunçusu Neymar ölkəsinin himni səslənən zaman göz yaşlarının saxlaya bilməyib.
Braziliya millisinin oyunçusu Çiliyə qarşı keçirilən 1/8 final oyunu (1:1, penaltilər seriyasında 3:2) bitən kimi də ağlamağa başlayıb. Amma bu dəfə başqa səbəbdən...

Oyundan sonra o, jurnalistlərə deyib ki, 120 dəqiqə bundan başqa, penaltilər seriyası zamanı çox çətinlik çəkiblər. "Əslində sevincindən ağladım. Bu, bizim ən yaxşı oyunlarımızdan deyildi. Amma mərhələ adlamaq üçün göstərdiyimiz səylər məni də heyrətləndirdi. Hələ heç vaxt bu qədər ağrılarım olmamışdı. Zərbələr aldım, belimdə ağrı ola-ola oynadım. İndi ancaq istirahət haqda düşünürəm”, deyə o bildirib.
"G” qrupunda Portuqaliya millisi Qanaya 2:1 hesabı ilə qalib gəlsə də, 1/8 finala yüksələ bilməyib. Qana ilə oyunda komandasının qələbə qoluna imza atan Kriştiano Ronaldo qrup mərhələsini adlaya bilmədikləri üçün hönkür-hönkür ağlayıb.
"C” qrupunda kolumbiya ilə matçdan öncə Fil Dişi Sahili millisinin futbolçusu Serey Di ölkəsinin himni çalınanda ağlayıb. 29 yaşlı yarımmüdafiəçinin ağlaması himnlə əlaqədar olmayıb. S. Di oyundan iki saat əvvəl atasının ölümü xəbərini öyrənib. Himn çalınan zaman isə göz yaşlarını saxlaya bilməyib.

Kuriyoz
A qrupunda keçirilən Braziliya -Meksika matçını Pele avtomobilində radiodan canlı dinləyib. Buna səbəb oyunun keçirildiyi şəhərin yollarında tıxacın yaranması səbəb olub. Dünya futbolunun canlı əfsanəsi Pele də tıxac səbəbindən Braziliya -Meksika görüşünün ilk hissəsini izləyə bilməyib.
Argentina milli komandasının Brazilyada keçirilən məşqi başa çatan kimi azarkeşlər kütləvi şəkildə meydana axışıblar. Fanatlar bu zaman özlərini dinc aparıblar və sadəcə, futbolçularla söhbət etmək istəyiblər.
Bir azarkeş isə millinin lideri Lionel Messiyə yaxınlaşaraq ounun qarşısında diz çöküb və futbolçunun butslarını silməyə başlayıb. Bundan sonra Messi həmin azarkeşi qucaqlayıb və öz formasını ona hədiyyə edib.

Ən yaşlı jurnalist
Dünya çempionatında təkcə futbolçular və məşqçilər deyil, yarışın gedişatını işıqlandıran jurnalistlər də diqqət mərkəzinə düşür.

Yaponiyalı Xiroqişi Kaqava çempionatın ən qocaman jurnalistidir. 89 yaşı olmasına baxmayaraq, o, dünya çempionatında akkreditasiyadan keçib.
Yəqin ki, Kaqavanı hazırda peşə fəaliyyətini davam etdirən dünyanın ən yaşlı jurnalisti də saymaq olar.