Futbol üzrə dünya çempionatı təkcə meydanda baş verən hadisələrlə yadda qalmır. Yaşıl meydanlardan kənarda da futbolun əsrarəngizliyini təcəssüm etdirən bir sıra hadisələr diqqət mərkəzinə düşür.
Futbolsevərlərin yəqin ki, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatı yaxşı yadındadır. Sual oluna bilər ki, axı indi analoji yarış Braziliyada keçirilir. Köhnəni niyə xatırlayırsan?
Lakin bu suala cavab verərək deyə bilərik ki, CAR-dakı dünya çempionatını Braziliyadakı çempionatla bir məqam birləşdirir: Osminoq və yaxud səkkizayaqlı dəniz ilbizi!
Xatırlayırsınızsa, Afrikada keçirilən DÇ-də bu dəniz canlısı çempionatın bir sıra oyunları barəsində əvvəlcədən proqnozlar verirdi. "Paul” adlı osminoq çempionat ərzində 8 matçda qalibin adını düz tapmışdı. Hətta "Paul” çempionatda İspaniya millisinin qalib olacağını da düzgün proqnozlaşdırmışdı. Bunun nə qədər təsadüf və yaxud nə qədər doğru olduğunu bilmək olmaz. Lakin bu canlı proqnozları ilə bütün dünyanın diqqətini özünə cəlb etməyə müvəffəq olmuşdu. 2008-ci ilin yanvarında İngiltərənin Ueymut Dorset şəhərində anadan olan "səkkizayaqlı falçı” 2010-cu il oktyabrın 26-da Almaniyanın Oberhauzen şəhərindəki akvariumda öldü.
Maraqlıdır ki, almanların dünyaya bəxş etdiyi bu dəniz canlısı uzun müddət torpağa basdırılmadı. Onun yaşadığı və öldüyü okeanariumda bayraqlar endirildi. Azarkeşlər tərəfindən okeanarium rəhbərliyinə başsağlığı ünvanlandı. Soyuducuda saxlanılan "Paul” sonradan yandırıldı. Əvəzində həmin yerdə "dəniz falçısı”nın heykəli ucaldıldı.
"Paul” barədə bu qədər...
Braziliyada keçirilən dünya çempionatında "Paul”un bacısı onu əvəz edəcək. Görünür almanların "səkkizayaqlı” möcücəsi Cənubi Amerikada da davam edəcək. "Recina” adlı yeni "falçı” proqnozları ilə diqqəti özünə cəlb edib. "Recina”nın iyunun 16-da Almaniya-Portuqaliya matçında öz həmyerliləri üçün verdiyi qələbə proqnozu özünü doğrultdu.
Qeyd edək ki, Recina da Almaniyanın Oberhauzen şəhərindəki okeanariumda yaşayır. Onun sonrakı proqnozları çox maraqlıdır.
Bir məsələni də qeyd edim ki, futbolu səkkizayaqlı ilbizlər deyil, şüurlu və canlı insanlar oynayır. Proqnozlar isə sırf təsadüfdür...
Anar Əhmədov