Cahangir Mehdiyev: «Sənət zirvəsi göydə parlayan ulduz kimidir: ona tərəf getmək olar, çatmaq isə…»

Cahangir Mehdiyev: «Sənət zirvəsi göydə parlayan ulduz kimidir: ona tərəf getmək olar, çatmaq isə…»

… Onu xüsusi təqdim etməyə ehtiyac yoxdur. Yaratdığı obrazları, qazandığı nailiyyətləri də. O, sözün əsl mənasında, sənətkardır. Amma özünü sənətin zirvəsində hesab etmir. Zirvəyə gedən yolun yarısını da qət etməyib, hələ irəliləyir - sənətin zirvəsinə doğru… Onun fikrincə, özünün sənətin zirvəsində olduğunu düşünən şəxs, deməli, fəaliyyətini
dayandırıb, sənət onun üçün bitib…

Əməkdar incəsənət xadimi, əməkdar məşqçi Cahangir Mehdiyev 1951-ci il yanvarın 13-də Bakı şəhərində anadan olub. O, M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram teatrı və televiziya rejissorluğu fakültəsində (Mehdi Məmmədovun sinfi, 1968-1973) və Moskvada rejissorluq fakültəsində (Georgi Daneliyanın sinfi, 1974-1979) təhsil alıb. «Azərbaycanfilm» kinostudiyasında işləyib, 8 il «Mozalan» studiyasının direktoru və bədii rəhbəri olub. 2006-cı ildə İsveçrənin Sürix şəhərində keçirilən festivalda, «Mozalan» jurnalının rəhbəri kimi, ən yaxşı direktor və ən yaxşı bədii rəhbər mükafatına layiq görülüb.
Hazırda Azərbaycan televiziyasında işləyən təcrübəli rejissor Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına aid sənədli film hazırlayır.
Cahangir müəllim «Diplom işi», «Vah», «Evlənmək istəyirəm» («Papaq»), «Kişi sözü», «Gənc qadının kişisi», «Girişmə, öldürər», «Hacı Qara», «Qüdsi» bədii filmlərinin və bir neçə sənədli filmin rejissorudur.
Cahangir Mehdiyev bu filmlərin bir neçəsinin həm də ssenari müəllifidir. O, «Bakı və bakılılar», «Dəli Kür», «Ailə» və s. filmlərdə aktyor kimi çəkilib. C.Mehdiyevin kinoda ilk rolu 1957-ci ildə lentə alınan «Bakı və bakılılar» filmidir. 6 yaşlı Cahangir bu filmdə rəssam rolunu ifa edib.


«Rejissor yorğunluğu, stresi atmaq üçün bədən tərbiyəsi ilə «dostluq» etməlidir»


- Cahangir müəllim, Azərbaycan xalqı sizi rejissor kimi tanıyır. Çox adam bilmir ki, siz həm də həyatınızı idmana həsr etmisiniz. Gəlin, söhbətimizə həyatınızın ayrılmaz hissəsi olan idmana gəlişinizdən başlayaq.
- Altıncı sinifdə oxuyurdum. Həmin vaxt həm də idmanla məşğul olurdum. «Dinamo»da sərbəst güləş bölməsinə yazılmışdım. Bir müddətdən sonra güləşi atıb özümü boksda sınamaq istədim.
- Güləşdən niyə uzaqlaşdınız? Nəticəniz olmadı deyə?
- O vaxtlar uşaq idim. Belə demək mümkünsə, idmanda özümü axtarırdım. İdman elə sahədir ki, özünü tapana qədər gərək axtarışda olasan. Nəhayət, özümü boksda tapdım. «Dinamo»da üç ay idi ki, boks məşqləri keçirdim. Təvazökarlıqdan uzaq da olsa, deyim ki, bu növə çox tez alışdım. Məşqçim gördü ki, məndə sürət, çeviklik, reaksiya çox güclüdür və cəmi 3 ay məşq etməyimə baxmayaraq məni yarışa çıxardı. Daha doğrusu, o məni aldatdı. Sən demə, rinqdəki rəqibim titullu idmançı imiş. Döyüş çox gərgin keçdi. Əslində buna döyüş demək də olmazdı. Çünki rəqibim mənə bir-iki dənə yumruq «tutuzdurdu» və qarşılaşma başa çatdı. Elə bundan sonra gördüm ki, boks mənlik deyil.
- Demək istəyirsiniz ki, bir-iki tutarlı yumruq sizi boksdan uzaqlaşdırdı?
- Dediyim kimi, bir daha boks zalına ayaq basmadım. Sonra əlimə «Atletizm-sila, krasota i zdarovye» («Atletizm- güc, gözəllik və sağlamlıq») adlı kitab düşdü. Kitabda qantel gimnastikasına aid hərəkətlər təsvir olunmuşdu. Yavaş-yavaş başladım bu hərəkətlərə uyğun məşqlər etməyə. Gördüm ki, fiziki gücüm artır, əzələlərim şişir. Bundan sonra ağırlıqqaldırmaya üz tutdum. Bu növdə sağlamlığa heç bir təhlükə yoxdur, zədələnmək ehtimalı azdır. Sadəcə, hərəkətləri ağılla və düzgün yerinə yetirmək lazımdır. Paralel olaraq atletik gimnastika ilə də məşğul olurdum. Rusiyanın və Polşanın ağırlıqqaldırma ustaları ilə məktublaşır, onlardan məsləhətlər alırdım. Beləliklə, bu növdə idman ustası normasını yerinə yetirdim.
- Və bundan sonra həyatınızı incəsənətə həsr etdiniz…
-1968-ci ildə İncəsənət İnstitutuna daxil oldum. Unudulmaz sənətkar Mehdi Məmmədovun sinfində dram teatrı və televiziya rejissorluğu fakültəsində təhsil aldım. Sonra bir müddət kinostudiyada işlədim. Hiss edirdim ki, artıq peşəkar idmandan yavaş-yavaş uzaqlaşıram. Çünki incəsənətin «şirin zəhəri ilə zəhərlənirdim». Amma idmandan tam ayrılmadım. Yəni idmanla peşəkar səviyyədə məşğul olmasam da, bədən tərbiyəsindən uzaqlaşmadım. İncəsənətdə biliyimi artırmaq üçün sənədlərimi Moskvadakı Kinematoqrafiya İnstitutuna verdim. Bəxtim gətirdi və mən daxil oldum.
- Sizcə, yaxşı rejissor olmaq üçün nə lazımdır?
- İnsan həyatı müəyyən prinsiplər üzərində qurulmalıdır. Belə bir deyim var: «Sağlam bədəndə sağlam ruh olar». Mənim incəsənət sahəsində prinsipim məhz budur. Mən həmişə və hər yerdə deyirəm ki, yaxşı rejissor, yaxşı mütəxəssis olmaq üçün mütləq idman və bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. Bunu öz üzərimdə tətbiq etdiyim üçün belə bir nəticəyə gəlmişəm. Doğrudan da, idman mənə rejissorluq fəaliyyətimdə çox kömək edir, yorğunluğumu aradan qaldırır. Məncə, hər bir rejissor yorğunluğu, stresi atmaq üçün bədən tərbiyəsi ilə «dostluq» etməlidir.


«Musiqi sədaları altında keçirilən yarışlarda idmançı daxilən ruhlanır, qələbə əzmi, iradəsi onu qalib olmağa sövq edir»

- Cahangir müəllim, çəkdiyiniz filmlərin əksəriyyətində musiqiyə geniş yer vermisiniz. Hiss olunur ki, musiqi sahəsinə də biganə deyilsiniz.
- Musiqi mənim həyatımın ayrılmaz hissəsidir. Lap uşaq yaşlarından musiqi ilə maraqlanmışam. Musiqi məktəbində fortepiano üzrə təhsil almışam. İncəsənət institunda oxuyanda isə gitarada çalırdım. Rejissor kimi ilk mükafatımı da məhz musiqiyə daha çox yer verdiyim filmə görə almışam. Muğamlarımızı çox sevirəm. «Bayatı-Şiraz»ın caz variantını fortepianoda ifa etmək məni ruhən qidalandırır. Bilirsiniz ki, «Bayatı-Şiraz»ın caz variantı ölməz sənətkar Vaqif Mustafazadəyə məxsusdur.
- İdmanın musiqi ilə vəhdətini nədə görürsünüz?
- Musiqi ruhun qida mənbəyidir. Musiqinin təsirindən qidalanan siqnallar ani olaraq sinir mərkəzinə çatır. Musiqi idmana daha çox təsir edir. Musiqi sədaları altında keçirilən yarışlarda idmançı daxilən ruhlanır, qələbə əzmi, iradəsi onu qalib olmağa sövq edir. Əsrlər boyu dədə-babalarımız «Cəngi»nin sədaları altında qurşaq tutub, güc sınayıblar. Bir sözlə, musiqi idmanla hər zaman vəhdətdədir.




«Ssenariyə görə, Niyaz idmançı, özündənrazı bir obraz olmalı idi»

- «Kişi sözü» filmini Cahangir Mehdiyevin şah əsəri adlandırmaq olarmı?
- Bilirsiniz, valideyn övladları arasında fərq qoymur. Yəni o övladlarının hamısına eyni məhəbbətlə yanaşır. Rejissor da belədir. O, əsərləri arasında fərq qoymur. Bu baxımdan filmlərimin hamısı mənim üçün əzizdir. «Kişi sözü» filmi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu filmin rejissoru olsam da, həm də aktyor kimi çəkilmişəm. Əslində çəkilmək istəmirdim. Sadəcə, mənim müəllimim, tanınmış kinorejissor Georgi Daneliyanın tövsiyəsi ilə Niyaz rolunu özüm ifa etdim. Ssenariyə görə, Niyaz idmançı, özündənrazı bir obraz olmalı idi. Düzünü deyim ki, əsil idmançı görkəminə malik aktyor tapmaq asan deyildi. Buna görə də özümü Niyaz rolunda sınamaq qərarına gəldim. Mənə elə gəlir ki, pis alınmayıb. Əgər bu film ümumilikdə xalqımızın xoşuna gəlibsə, deməli, zəhmətim puç olmayıb. Onu da deyim ki, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyim «Ailə» filmində boks müəllimi rolunu ifa etmişəm.
- Niyaz özündən razı, təkəbbürlü bir obrazdır. Bu rolun ifasından sonra sizdə Niyaza aid xüsusiyyətlər yaranmadı ki?
- Hər bir aktyor ifa etdiyi obraza girməyi bacarmalıdır. Obrazın bütün xüsusiyyətlərini özündə cəmləşdirməlidir. Belə olmasa, həmin rol tamaşaçının nə sevgisini, nə də nifrətini qazana bilər. Həyatda Niyaz kimiləri çoxdur. Bu, təbiidir. Yaradıcılığın sirlərindən biri müsbət qəhrəmanda mənfi, mənfi qəhrəmanda isə müsbət keyfiyyətlər axtarmaqdır. Sözsüz ki, aktyor öz personajının xüsusiyyətlərinə yalnız rolu ifa edərkən malik olur. Bu mənada Niyazın təkəbbürlüyü, özündənrazılığı Cahangir Mehdiyevdə yalnız filmdə özünü göstərib.
- Amma saçınızın forması indi də Niyaz obrazında olduğu kimidir.
- Bu, mənim imicimdir, obrazımdır. Özümü belə obrazda görürəm. Amma bu, o demək deyil ki, mən Niyazam.
- Hər hansı bir filmin tamaşaçıda rəğbət oyatması rolların ifaçısının seçimindən çox asılıdır. Yəqin ki, rejissorluq sənətinin ən incə məqamı məhz bununla bağlıdır.
- Doğurdan da, rejissorluq çətin sənətdir. Əsas amil düzgün seçim etməkdir. Aktyor, ssenari, musiqi düzgün seçilməlidir. Çünki doğru seçim olanda nəsə maraqlı bir şey əldə etmək olar. Sözsüz ki, seçim də böyük istedaddan, fiziki hazırlıqdan aslıdır.



«Bir insan kimi də, rejissor kimi də xeyirxahlığa üstünlük verirəm»

- Ağırlıqqaldırma ilə indi də məşğul olursunuz?
- Mən buna ağırlıqqaldırma deməzdim. Atletik gimnastika və pauerliftinqlə məşğul oluram. Pauerliftinq mənim çox sevdiyim idman növüdür.
- Filmlərinizin əsas mövzusu nədir?
-İnsan, cəmiyyət, sağlam həyat…
-İnsanlarda daha çox hansı xüsusiyyətləri dəyərləndirirsiniz?
- Məncə, insanları iki kateqoriyaya bölmək olar: eqoizmə, nəfsə qulluq edənlər və xeyirxahlığa qulluq edənlər. Mən özümü ikincilərə aid edirəm. Mənim üçün əsas xeyirxahlıqdır. Bir insan kimi də, rejissor kimi də xeyirxahlığa üstünlük verirəm. Filmlərim də, diqqət yetirsəniz, xeyirxahlıqla bağlı olur. İnsanlarda sevgi hisslərinə xüsusi üstünlük verirəm. Sevgi, məhəbbət bəşər övladını bir-birinə qırılmaz tellərlə bağlayır. Deyirlər ki, nə qədər sevgi var, insanlıq yaşayacaq.


«Mübariz rolunu ifa etmək üçün onun qədər mərd olmaq lazımdır»

- Cahangir Mehdiyev sırf idman mövzusunda film çəksəydi, əsas rolu kimə etibar edərdi?
- Azərbaycanda güclü idmançılar var. Onların hər birinin həyatı bir filmin mövzusu ola bilər. Əgər idman mövzusuna müraciət etsəydim, milli qəhrəmanımız Mübariz İbrahimovun həyatını ekranlaşdırardım. Mübariz həm də güclü idmançı idi. Məhz bunun sayəsində özündə cəsarət tapıb, şəhidlik zirvəsinə yüksəlib.
- Sizcə, Mübariz İbrahimovun obrazını idmançılarımızdan kim yarada bilər? 
- Mübariz rolunu ifa etmək üçün onun qədər mərd olmaq lazımdır. Yaxşı bədən quruluşuna, görkəmə sahib olan, şəxsi intellektinə güvənən insanlar çoxdur. Amma bütün bunlar kinoda çəkilməyə kifayət etmir. Rola dəvət edilən insan nəyə qadir olduğunu sınaq çəkilişlərində nümayiş etdirməlidir.
- Əməkdar incəsənət xadimi Cahangir Mehdiyevin idman sahəsində yetirmələri varmı?
- Uzun illərdir ki, idmanla məşğulam. Bu sahədə məşqçi kimi yetirmələrim də var. Ağırlıqqaldırmanın incəliklərini öyrətdiyim Akif Alıyev veteranlar arasında bu növ üzrə dünya çempionudur. Elə bu uğura görə, əməkdar məşqçi adına layiq görülmüşəm. Təvazökarlıqdan uzaq olsa da deyim ki, ölkəmizdə həm əməkdar incəsənət xadimi, həm də əməkdar məşqçi titulunu daşıyan yeganə adam mənəm.
- Cahangir Mehdiyev rejissor kimi tanınıb, yoxsa idmançı kimi?
- Bunu tamaşaçı deyə bilər. Moskvada Mərkəzi Kino Evində keçirilən tədbirdə müəllimim məni «dünyada ən güclü kinorejssor» kimi təqdim etdi. Həmin tədbirdə Oskar mükafatçıları olan rejissorlar var idi. Düzü, hamı bu sözə təəccübləndi. Sən demə, müəllimim Georgi Daneliya məni fiziki gücümə görə belə adlandırıb. Yeri gəlmişkən deyim ki, hər zaman hörmətlə yanaşdığım sevimli müəllimim Daneliya «Çito-Qrito» adlı kitabındakı «Güzgü» hekayəsini bir sevimli tələbəsi kimi mənə həsr edib.


«İdman mənim həyat tərzimdir»

- Necə bilirsiniz, sənətin zirvəsini fəth etmisinizmi?
- İnsan həyatı buna bəs etməz. Zirvəni fəth etmək üçün yorulmadan, daim çalışmaq lazımdır. Təbii ki, bu heç kəsə qismət olmayıb. Bu, sadəcə arzudur. Sənət zirvəsi göydə parlayan ulduz kimidir: ona tərəf getmək olar, çatmaq isə… İnsan ömrü boyu bu yolu gedir. Harada qırıldı-qırıldı. Bəzən mənə deyirlər ki, yaşlı adamsan, idmandan uzaqlaş. Bu sözdən əsəbiləşirəm. Deyirəm ki, idman mənim həyat tərzimdir. Nə qədər ki, mümkündür, idmandan uzaqlaşmayacağam.

«Nəvə-nəticə-lərimi hansı idman növünə cəlb etmək barədə düşünürəm»

- Cahangir müəllim, 60 yaşınız olsa da, maşallah çox cavan görünürsünüz…
- Belə olmağıma baxmayın. Mən ulu babayam. 2 övladım, 3 nəvəm, 2 nəticəm var. Oğlum Elnur idmanla məşğul olur. O həm də kinorejissordur. Nəticələrimdən birinin adı Hüseyn, digəri nin adı isə Həsəndir. Artıq mən nəvə-nəticələrimi hansı idman növünə cəlb etmək barədə düşünürəm. Onlara velosiped, gimnastik qantellər almışam. Yeri gəlmişkən, deyim ki, öz evimin bir otağı məşq zalımdır. Orada, necə deyərlər, dərmir-dümür əlindən tərpənmək olmur.
- Dünyada sonsuz olan nədir?
- İnsan və qalaktika. Mən əbədi həyatı qalaktikada axtarıram. «Qurani Kərim»də deyildiyi kimi, bu dünyadakı əməllər o biri dünyada ədəbi yaşayacaq. İnsan fiziki cəhətdən dünyadan köçsə də, onun ruhu yaşayır. Çünki ruh əbədidir. Fizikanın qanununa görə, ruh itmir, o, bir formadan başqa formaya keçir.
-Bir müddət telekanalların birində «Sağlam bədəndə sağlam ruh olar» adlı idman verilişinin aparıcısı olmusunuz.
- Həmin verilişdə idmanın nəinki fiziki, həm də onun fəlsəfəsinə xüsusi yer ayırırdım. Məncə, təkcə idmandan danışmaq azdır. İdmanın fəlsəfəsini izah etmək, gənclərə aşılamaq lazımdır. Arzu edərdim ki, Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin müstəqil bir studiyası yaradılsın. Bu studiyada nəinki idman nəticələri, idmanın psixologiyası, fəlsəfəsinə aydınlıq gətirilsin. Mən təmənnasız olaraq bu studiyada işləməyə hazıram. Qeyd edim ki, indi bədən tərbiyəsi, fəlsəfə və incəsənət məni daha çox maraqlandırır. Yeri gəlmişkən, qeyd edim ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə birlikdə C.Məmmədquluzadənin «Anamın kitabı» və B.Vahabzadə «Atamın kitabı» pyesləri əsasında film üçün ssenari yazmışıq.
- Vaxtilə «Olimpiya dünyası» qəzetinə Sizdən müsahibə almışıq. O vaxtdan yaddaşımızda maraqlı müsahib kimi qalmısınız. Bilirsiniz ki, filmlər, tamaşalar kimi hər bir müsahibə üçün də ayrılmış müəyyən vaxt olur. Və bizim də jurnal üçün bu müsahibəyə ayrılmış vaxtımız başa çatır. Sonda Sizin «Olimpə doğru» jurnalı barəsində fikirlərinizi bilmək maraqlı olardı.
- Bu jurnal məzmununa, keyfiyyətinə görə digərlərindən fərqlənir. «Olimpə doğru»da idmana fərqli aspektdən yanaşılır, cəmiyyətdə tanınmışların görünməyən tərəfləri daha geniş şəkildə göstərilir. Məncə, məhz bu amil «Olimpə doğru» jurnalını daha oxunaqlı və maraqlı edir.