Dünya çempionatlarında Braziliyanı Səudiyyə Ərəbistanı ilə nə birləşdirir?

Dünya çempionatlarında Braziliyanı Səudiyyə Ərəbistanı ilə nə birləşdirir?



Almaniya yeni minillikdə ikinci böyük qələbəsini qazandı
Dünya çempionatlarında Braziliya-Almaniya matçında qeydə alınan böyükhesablı nəticə DÇ-nin tarixində yeni bir səhifə açdı. Dünya çempionatının tarixində dəfələrlə bu cür hesablı qələbələr qeydə alınıb. Məlumat üçün bildirək ki, ötən əsrdə keçirilən çempionatlarda oyunların əksəriyyəti məhsuldar qollarla yadda qalıb. Yeni minillikdə isə bu üçüncü belə hadisədir. Bunu nəzərə alaraq bu sayımızda dünya çempionatlarında ən böyükhesablı nəticə ilə yaddaq qalan
10 matçı sizə təqdim edirik.

1. Macarıstan - Cənubi Koreya - 9:0 (DÇ-1954, İsveçrə)
1954-cü ildə İsveçrə dünya çempionatına ev sahibiliyi edib. Macarıstan milli komandası bu çempionata yarışın əsas favoriti kimi yollanıb. Çünki bu yarışa qədər Macırıstan millisi ardıcıl olaraq iki dəfə Olimpiya oyunlarının qalibi olmuş, DÇ-nin final mərhələsinə qədər 27 dəfə qələbə qazanmışdı. DÇ-1954-də bu yığma AFR (Almaniya Federativ Respublikası), Türkiyə və Cənubi Koreya komandaları ilə eyni qrupda yarışıb. Qurupun ilk matçında asiyalılar Avropa komandası ilə üz-üzə gəliblər. Puşkaş, Palotaş, Koçiş, Lantoş və Çibor kimi futbolçular matçda rəqib qapısından 9 qol keçirməyə müvəffəq olublar. Bu həmin vaxta qədər dünya çempionatlarında qeydə alınan ən böyük hesablı qələbə sayılıb.

2. Yuqoslaviya - Zair - 9:0 (DÇ-1974. Almaniya)
Macarıstan-Cənubi Koreya matçından 20 il sonra tarix yenidən təkrarlanıb. Dünya futbolunda layiqli çıxışı ilə diqqət çəkən keçmiş Yuqoslaviya millisi həmin rekordu Zairlə görüşdə təkrarlayıb. Baeviç (3 qol), Caiç, Şuryak, Katalinski, Boqiçeviç, Oblak və Petkoviç Afrika təmsilçisinin qapısına yol tapa biliblər. Dortumundun "Vestfalenştadion” arenasında keçirilən qarşılaşmada qeydə alınan bu hesab nəticəsində yuqoslaviyalılar qol fərqinə görə Braziliya millisi qabaqlamışdı.

3. Macarıstan - Salvador - 10:1 (DÇ-1982, İspaniya)
Macarıstan millisi dünya çempionatı tarixinə növbəti dəfə 28 il sonra düşüb. Puşkaşın həmyerliləri bu dəfə İspaniyada keçirilən analoji yarışda Salvadora böyük hesabla qalib gəlib. Heyətdə Nyilaşi (iki qol), Peleşkei, Fazekaş (iki qol), Tot, Kişş (3 qol) və Senteş yığmanın qələbəsində rol oynayıblar. Salvador isə cəmi bir təsəlli qolu vurmağa nail olub. Amma buna baxmayaraq, Macarıstan millisi qrupda 3-cü yeri tutub, ev əliboş qayıtmışdı.

4. Uruqvay - Boliviya - 8:0 (DÇ-1950, Brazilya)
İkinci dünya müharibəsi başa çatdıqdan sonra dünya çempionatı Braziliyada keçirilib. Həmin çempionatda Uruqvay millisi ən böyükhesablı qələbəsini qazanıb. Boliviya millisini biabırçı məğlubiyyətə uğradan Uruqvayın heyətində Miqes (3 qol), Vidal, Skyaffino (iki qol), Peres və Qica fərqlənmişdilər.

5. İsveç - Kuba - 8:0 (DÇ-1938, Fransa)
İkinci Dünya müharibəsindən əvvəl futbol üzrə dünya çempionatı Fransada təşkil olunub. Həmin çempionatda İsveçrə bir matçda vurduğu qollara rekord nəticə göstərib. Kuba millisinin qapısından 8 cavabsız top keçirən İsveç yığması futbol ensiklopediyasına ən çox qol vuran komanda kimi düşüb. "Azadlıq adası” təmsilçilərinin qapısından qolları Andersson (3 top), Vetterstrema (3 qol), Keller və Nyüberq keçirib.

6. Almaniya - Səudiyyə
Ərəbistanı - 8:0 (DÇ-2002, Cənubi Koreya və Yaponiya)
Daha bir böyük hesablı qələbə yeni minillikdə qeydə alınıb. Həmin vaxt ilk dəfə idi ki, dünya çempionatı Asiya qitəsində təşkil olunurdu. Qrup oyunları çərçivəsində Almaniya Səudiyyə Ərəbistanı komandasını DÇ-yə gəlməsinə peşiman edib. Kloze (3 qol), Ballak, Yanker, Linke, Birhoff və Şnayderin qolları ilə "alman maşını”da adını bir matçda qol vuran yığmalar sırasına əlavə edib. Həmin çempionatda "bundestim” finala qədər irəliləsə də, çempionluğun bir addımlığında Braziliya səddini keçə bilməmişdi.

7. Uruqvay - Şotlandiya - 7:0 (DÇ-1954, İsveçrə)
1954-cu ildə İsveçrədə keçirilən dünya çempionatında daha bir matçda böyükhesablı qələbə əldə olunub.
4 il əvvəl Boliviyanın qapısından 8 qol keçirən cənubi amerikalılar Mərkəzi Avropada da fərqləniblər. Şotlandiya yığması ilə qarşılaşmada Uruqvay yığması 7 top vurmağı bacarmışdı. Ümumiyyətlə həmin il keçirilən dünya çempionatı qol baxımından məhsuldar keçib. Hər bir matçda demək olar ki, komandalar 4 topdan artığını vurublar.

8. Türkiyə - Cənubi Koreya - 7:0 (DÇ-1954, İsveçrə)
İsveçrədə daha bir böyükhesablı qələbə qazanıb, tarixə iz qoyan yığmalar arasında Türkiyənin də adı var. Cənubi Koreya millisinin qapısından 7 qol keçirən "ay-ulduzlular” Uruqvayın nəticəsini təkrarlamışdılar.
Türkiyə millisinə bu qələbəni Mamat (iki qol), Küçükqandoniadis, Burhan (3 qol) və Erolun qolları qazandırmışdı. Bu qələbədən sonra türkiyəlilər mərhələ keçməyə çalışsalar da, mübarizəni uğursuz sona çatdırmışdılar.

9. Polşa - Haiti - 7:0 (DÇ-1974, Almaniya)
1974-cü ildə Almaniyada keçirilən dünya çempionatı Polşa millisinə tarixdə yer ayırıb. Polşalılar həmin çempionatda bürünc medala layiq görülüblər. Bürünc medala gedən yolda "panlar” Haiti millisinə böyük hesabla qaliblər. Lyato (iki qol), Deyna, Şarmax (3 qol) və Qorqon Polşa millisinə 3 xal qazandırıblar. Xatırladaq ki, polşalı Qjeqoj Lyato həmin çempionatda vurduğu 7 qolla bombardir olmuşdu.



10. Portuqaliya - KXDR - 7:0 (DÇ-2010, CAR)
2010-cu il futbol üzrə dünya çempionatı tarixində ilk dəfə idi ki, "Qara qitə”də təşkil olundu. Ötən əsrdən fərqli olaraq yeni minillikdə futbol azarkeşləri ikinci ən böyükhesablı qələbənin şahidi olublar. Portuqaliya millisi KXDR millisinin qapısından 7 top keçirib. Həmin vaxt Meyreleş, Sabroza, Almeyda, Mendeş (2 top), Munis və Ronaldu adını tabloya yazdırıb. Lakin buna baxmayaraq Portuqaliya millisi 1/8 finalda mübarizəni dayandırmışdı.