Dəyişən rəqəmlər, yeni çempion, kobud futbolçular və antirekord
Braziliyada təşkil olunan XX dünya çempionatı başa çatdı. Almaniya yığması finalda Argentina millisinə əlavə dəqiqələrdə 1:0 hesabı ilə qalib gələrək, Dünya kubokunu qazandı. Ötən həftə tarixə qovuşan dünya çempionatı bir sıra fərqli məqamları ilə yadda qaldı desək, yanılmarıq. Bu hadisələr arasında 5 qat dünya çempionu Braziliya yığmasının məğlubiyyəti, almaniyalı Miroslav Klozenin dünya çempionatları tarixində yeni rekordu, İspaniya millisinin biabırçı məğlubiyyəti və digərlər azarkeşlərin diqqətini çəkdi. 1 ay ərzində keçirilən 64 qarşılaşmada çempionata rəng qatan anlar baş verdi. Əvvəlki çempionatdakı rəqəmlər dəyişdi, yeni ulduzlar parladı.
"Olimpiya dünyası” qəzeti həmin maraqlı hadisələri toplu halına salıb, bu sayında öz oxucularına təqdim edir.
Braziliya "kabusu”
Dünya çempionatının ən yadda qalan hadisəsi, təbii ki, meydan sahiblərinin uğursuz çıxışı oldu. Hələ çempionatdan əvvəl heç bir pessimist braziliyalı ağlına belə gətirə bilməzdi ki, onların milli komandası ardıcıl iki oyunda qapısından 10 top buraxacaq. Bu hadisədən sonra Braziliyanı dünya çempionu edən Luis Felipe Skolari öz vəzifəsindən kənarlaşdırıldı. Halbuki, 2002-ci ildə Cənubi Koreya və Yaponiyada təşkil olunan mundialda Skolari "sambaçılar”ı "pentakompion” etmişdi.
Digər bir hadisə isə Braziliya prezidenti ilə bağlıdır. Bu ölkənin prezidenti Dilma Rusef mundialdan sonra öz futbolçularına və məşqçilərinə təşəkkür ünvanlayıb. Ölkə başçısı xalqa bəxş etdikləri sevincə görə onlara öz minnətdarlığını bildirib. Lakin bunun hansı məna kəsb etdiyini bilmək olmaz.
Klozenin rekordu
Mundialın maraqlı hadisələri arasında Miroslav Klozenin dünya rekordunu xüsusi qeyd etmək olar. Maraqlıdır ki, dünya çempionatlarında ən çox qol vuran almaniyalı Avropa futbolunda heç bir nəticə əldə edə bilməyib. Zinəddin Zidanın nüfuzu, Kriştianu Ronaldunun populyarlığı fonunda Kloze elə də məşhur deyil. Lakin almaniyalı hücumçu tarixdə ilk dəfə braziliyalı Ronaldo və öz həmyerlisi Herk Mülleri geridə qoydu. Görəsən, hər iki futbolçu karyerasını davam etdirsə idi, rəqabət necə olardı? Kloze buna görə baş məşqçi Yoahim Lövə minnətdar olmalıdır.
Düzdür, Löv onu Braziliyaya ehtiyat oyunçu kimi gətirmişdi. Lakin o sübut etdi ki, uğur qazanmaq üçün yaş əsas deyil.
Xatırladaq ki, Kloze hazırda klub karyerasını İtaliyanın "Latsio” klubunda davam etdirir. Dünya çempionatına qədər "Latsio”nun heyətində parlaq oyun nümayiş etdirdiyinə görə, almaniyalı baş məşqçi onu da millinin heyətinə dəvət etmişdi. Çoxları düşünürdü ki, Kloze əvvəlki mundialda olduğu kimi - yüksək səviyyədə çıxış edə bilməyəcək. Lakin "Miro” onun barəsində pis düşünənləri məyus etdi. Həm rekordçu, həm də dünya çempionu tituluna yiyələndi.
Suaresin dişi
Uruqvay milli komandasının hücumçusu Luis Suaresin parlaq çıxışı sonradan "kölgəyə” düşdü. Xüsusilə, Suaresin İngiltərə yığmasının qapısına vurduğu 2 həlledici qol komandasının növbəti mərhələ şanslarını artırdı. Əgər İtaliya yığması ilə matçda Suares özünü yaxşı aparsa idi, bəlkə də, növbəti mərhələdə Uruqvay yığması daha uğurlu çıxış edər, DÇ-nin seçilmişlərindən olardı.

Amma Luis Suares İtaliya yığması ilə oyunda milyonların qınaq obyektinə çevrildi. O, "Skuadra adzurra”nın müdafiəçisi Corcio Kellinini çiynindən dişləyib öz karyerasına ağır zərbə vurdu. FİFA bu məsələyə laqeyd yanaşmadı. Ali futbol qurumu uruqvaylı hücumçunu 9 oyunluq diskvalifikasiya edib, 4 aylıq futboldan kənarlaşdırdı. Amma İspaniyanın "Barselona” klubu Suaresi belə vəziyyətdə tək qoymadı. "Kataloniyalılar” 63 milyon funt sterlinqə onu "Liverpul”dan transfer etdilər. Maraqlıdır ki, transfer müqaviləsinə xüsusi bənd əlavə edilib. Belə ki, Suares DÇ-dəki hadisəni bir daha təkrar edərsə, 3,5 milyon funt sterlinq cərimələnəcək. Futbol ictimaiyyəti bunun təkrar olunması istisna etmir.
Holland dəyişikliyi
1/4 final mərhələsinin ən yaddaqalan hadisəsi Hollandiya yığmasının baş məşqçisi Lui Van Qaalın etdiyi qapıçı dəyişikliyi oldu. Kosta-Rika millisi ilə matçın əlavə olunmuş vaxtında "narıncılar”ın baş məşqçi Lui Van Qaal əsas qapıçı Yasper Sillessenin əvəzinə Tim Krulu meydana buraxdı. Həmin qapıçı penaltilər seriyasında rəqibin 2 topunu dəf edərək, komandasını növbəti mərhəyə çıxartdı. 1/2 final mərhələsi çərçivəsində keçirilən Argentina millisi ilə oyunda hollandiyalı təcrübəli mütəxəssis eyni addımı atmadı. Tim Krulu ehtiyatda saxlayan Lui Van Qaal Sillessenə güvəndi. Lakin gənc qapıçı penaltilər zərbəsində həmkarının uğurunu təkrarlaya bilmədi və onun qapısına vuralan toplar qarşısıalınmaz oldu.
Ardıcıl vurulan qollar Xamesi mundialda bombardir etdi
Almaniya çempion olsa da, çempionatın bombardiri digər komandanın futbolçusu oldu. Braziliyadakı mundialda Xames Rodrigers adlı "ulduz” parladı. İlk oyunda rəqib qapısından top keçirən kolumbiyalı hücumçu iştirak etdiyi bütün matçlarda meydanı qolsuz tərk etmədi. O, mundialın 5 matçında rəqib qapısından 6 top keçirdi. Xames bir yarışda ardıcıl olaraq ən çox qol vuran futbolçu kimi tarixə düşdü. 1/4 finalda Braziliyaya məğlub olaraq mübarizəni dayandıran Kolumbiya millisinin gənc hücumçusu 6 qolla mundialın bombardiri oldu. Almaniya millisindən Tomas Müller ikinci (5) pillədə qərarlaşdı. Hərəyə 4 qol vuran Neymar (Braziliya), Messi (Argentina), Robin van Persi (Hollandiya) 3-5-ci yerləri bölüşdürdülər.
Futbol mütəxəssisləri düşünürdü ki, çempionatın ən yaxşı futbolçusu məhz Xames Rodrigers seçiləcək. Lakin FİFA həmin mükafata Lionel Messini layiq gördü. FİFA-nın bu hərəkəti futbol mütəxəssisləri və azarkeşlər tərəfindən birmənalı qarşılanmadı.
Qeyd edək ki, çempionat başa çatmamış Avropanın tanınmış klubları Xames Rodrigersə "elçi” düşdülər. Komandalar onu heyətə qatmaq üçün 90 milyon avro xərcləməyə hazırdırlar. Hazırda İspaniyanın "Real” (Madrid) və "Barselona” klubları keçmiş "Monako”nun futbolçusunu sırasına qatmaq niyyətindədirlər. Çox güman ki, kolumbiyalı futbolçu yeni mövsümdən etibarən Madrid təmsilçisinin heyətində çıxış edəcək.
"Qırmızı furya” ilə vidalaşma
İspaniya milli komandası son 6 il ərzində Avropa çempionatında 2, mundialda isə 1 dəfə kuboku başı üzərində qaldırmışdı. Məhz buna görə də, "qırmızı furya” Braziliyada favoritlərdən hesab olunurdu. Çoxları düşünürdü ki, İspaniya yığması bu dəfə də dünya çempionatının qalibi olacaq.
Lakin gözlənilənlərin tam əksi baş verdi. Son dünya çempionları heç qrup mərhələsini də keçə bilmədilər və azarkeşlərin ümidlərini puç etdilər. Hollandiya yığmasına böyük hesabla uduzan (1:5) Visente del Boskenin yetirmələri Çili millisi ilə matçda da meydanı başıaşağı tərk etdi - 0:2. Avstraliya yığması ilə matçda təsəlli qələbəsini qazanan (3:0) ispanlar Braziliyadan əliboş qayıtdılar. Bu, cari dünya çempionatında ən böyük sensasiyalardan biri oldu.
Vətənpərvər Kosta-Rika
Mundialda milyonların rəğbətini qazanan komandalardan biri də Kosta-Rika yığması oldu. Qrupun autsayderi sayılan kosta-rikalılar ən güclü rəqiblərini mübarizədən kənarlaşdırdılar. Ən maraqlısı odur ki, 3 keçmiş dünya çempionları - İtaliya, Uruqvay və İngiltərə yığmaları Şimali Amerika təmsilçisi ilə bacarmadılar. Hansı komanda bunu bacara bilərdi? Kosta-Rika millisi bu uğurlu çıxışı ilə dünya çempionatında özləri üçün parlaq səhifə açdı. Qrup mərhələsini lider kimi başa vuran "vətənpərvərlər” 1/8 finalda çempionatda müdafiəyəyə meyilli çıxış edən Yunanıstan komandasını sınağa çəkdilər. Xorxe Luis Pintonun yetirmələri penaltilər seriyasında keçmiş Avropa çempionunu mübarizədən kənarlaşdırdılar. Lakin Hollandiya yığması ilə matç şimali amerikalılar üçün mundialda sonuncu matç oldu. Yəqin ki, azarkeşlər Kosta-Rika komandasının mübariz çıxışını uzun müddət unutmayacaqlar.
Qapıçıların "sərgüzəştləri”
DÇ-də gözəl oyun nümayiş etdirən Kosta-Rika komandası bütün dünyaya öz qapıçısı Keylor Navası tanıtdı. Çox güman ki, adından söz etdirən bu qapıçı yaxın vaxtlarda daha tanınmış klubların maraq dairəsinə düşərək, transfer olunacaq. Mundialda ən yaxşı çıxışı ilə seçilən qapıçılardan biri də Meksika yığmasının üzvü Gilyermo Oçoa idi. Qrup mərhələsi çərçivəsində Braziliya millisi ilə matçda möhtəşəm oyun nümayiş etdirən Oçoa qapıçı peşəsinə nümunə oldu. Əgər Meksika yığması 1/8 finalda Hollandiya komandısına uduzmasa idi, Oçoa yəqin ki, çempionatın ən yaxşı qapıçısı olacaqdı. Lakin bu mükafata Almaniya millisinin qapıçısı Manuel Noyer layiq görüldü. Finalda gümüş medalla kifayətlənən Argentina komandasının qapıçısı Serxio Romero da mundialda ən yaxşılardan oldu. Ümumiyyətlə, XX dünya çempionatı qapıçıların "sərgüzəştləri” ilə yadda qaldı.
Neymar və Di Mariyanın zədələri kimləri sevindirdi?
Budəfəki dünya çempionatı bir sıra futbolçuların zədələnməsi liə yadda qaldı. Braziliya yığması 1/4 final mərhələsi çərçivəsində Kolumbiya millisi ilə matçda Neymarı "itirdi”.
Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Mariya da 1/4 final mərhələsində zədələnərək, komandasına kömək edə bilmədi. Di Mariyanın finalda oynayacağı bildirilsə də, futbolçunun zədəsi buna imkan vermədi. Etiraf etmək olar ki, Almaniya komandası ilə matçda Di Mariyanın yoxluğu özünü göstərdi. Kim bilir, bəlkə o, meydanda olsa idi, Argentina millisi dünya çempionu ola bilərdi.
DÇ-2014-ün ən kobud komandaları hansılar oldu?
Mundial kobud qayda pozuntuları ilə də yadda qaldı. Hakim haqsızlıqlarının "at oynatdığı” yarışda futbolçular da sərt çıxışlardan əl çəkmədilər. Bu dünya çempionatında ən çox qayda pozunutusu ilə yadda qalan komanda Braziliya millisi oldu. "Sambaçılar”a 7 matçda 14 sarı vərəqə göstərildi. Kolumbiya komandası ilə matçda meydan sahibləri 31 dəfə qaydanı pozdular. "Selesao” orta hesabla 19,2 dəfə qayda pozuntusuna yol verdi. Kosta-Rika yığması (18,8) ikinci, Uruqvay millisi isə üçüncü pillədə qərarlaşıb - 18,8. Sonrakı pillələrdə isə Hollandiya (18,2), Kolumbiya (18), Belçika (17,4) və Əlcəzair (17,3) yığmaları yer aldılar.
Dünya kubokunu "köhnə qitə”yə gətirən ilk komandası
Almaniya yığması 4-cü dəfə çempion olmaqla, Dünya kubokunu Cənubi Amerikadan "köhnə qitə”yə gətirən ilk Avropa komandası kimi tarixə düşdü. Almaniya və Argentina milliləri DÇ-də 3-cü dəfə finalda üz-üzə gələn cütlük kimi diqqət çəkdilər. Xatırladaq ki, bu komandaların ilk finalı 1986-cı ildə təşkil olunub. Meksikadakı həmin yarışda Argentina 3:2 hesabı ilə qalib gəlmişdi. Növbəti matçda (İtaliya-90) cənubi amerikalılar rəqibə 1:0 hesabı ilə uduzmuşdular.
16 il əvvəlki rekord dəyişmədi
DÇ-2014-ün final görüşündə tərəflərdən hər hansı biri 2 top vuracağı təqdirdə, çempionların rekordlar kitabında yeni bir səhifə açılacaqdı. Bununla da, 1998-ci ildə Fransada keçirilən analoji yarışın rekordu yenilənəcəkdi və Braziliya-2014 ən çox qol vurulan çempionat kimi yadda qalacaqdı. Lakin bu, baş vermədi. Xatırladaq ki, DÇ-1998-də qapılara 171 qol vurulmuşdu. Bu çempionatda da Almaniya millisinin futbolçusu Mario Götzenin vurduğu qələbə qolu 171-ci oldu. Bir sözlə, 16 il əvvəlki rekord dəyişmədi.
Həm çempion, həm də vahid lider
Mundiallar tarixinin ən yaxşı bombardirləri arasında dünya çempionu Miroslav Kloze liderliyi ələ aldı. DÇ-2014-ün yarımfinal matçı çərçivəsində Braziliya yığması ilə görüşdə (7:1) fərqlənən Miroslav Kloze siyahıda zirvəyə yüksəldi. 35 yaşlı futbolçu 23 oyuna vurduğu 16 qolla dünya çempionatları tarixinin ən yaxşı bombardiri adını qazandı.
Xatırladaq ki, Braziliya yığmasının keçmiş hücumçusu Ronaldo 15 qolla ikinci, almaniyalı Herd Müller isə 14 qolla üçüncü pillədə qərarlaşıblar.
Braziliyada sönən "ulduzlar”
Dünya çempionatından əvvəl dünya futbolunun bəzi "ulduzlar”ının Brazilyada da uğur qazanacağı proqnozlaşdırılırdı. Lakin həmin "ulduzlar”ın "parıltısı” dünya çempionatına "işıq saçmadı”. Ən uğursuz çıxış edən futbolçular arasında portuqaliyalı Kriştianu Ronaldu ilə Pepe, Kamerundan Benoit Assou Ekotto ilə Aleks Sonq, Belçikadan Eden Hazard, Braziliyadan Dani Alveş ilə Fred, Yaponiyadan isə Kaqava var. Siyahıda turnirdə çox zəif oyun göstərən İspaniya millisinin də iki futbolçu yer alıb. Bunlar təcrübəli qapıçı İker Kasilyas və Serxio Ramosdur.
Ən yaxşı Kosta-Rika, ən pis İspaniya
Çempionatdan sonra ən yaxşıları bir araya toplasaq, maraqlı bir siyahı meydana çıxar. Ən yaxşı komanda Alamaniya millisidir. Çünki Dünya kuboku onların oldu. Çempionatda daha yaxşı çıxış edən komandalar, xüsusilə azarkeş rəğbəti qazanan yığmalar arasında Kolumbiya, Çili və Kosta-Rika yığmalarını göstərmək olar. Azarkeşləri məyus edən, onların etibarını itirən komandalar arasında İspaniya, İngiltərə, Portuqaliya milliləri oldular. Çempionata yaraşmayan hadisə isə, bayaq dediyimiz kimi, uruqvaylı Luis Suaresin italiyalı Çellinini dişləməsi oldu.
"Pentakampeonlar” anti-rekordla yadda qaldılar
Dünya çempionatına ev sahibiliyi edən 5 qat dünya çempionu Braziliya millisi tarixə antirekordla düşdü. Çempionatı uğursuz başa vuran "sambaçılar” qapılarından 14 qol buraxdılar.
Bu vaxta qədər "pentakampeonlar” heç bir dünya çempionatında belə nəticə ilə yadda qalmamışdılar. Bu antirekord 1986-cı ildən 2014-cü ilə qədər DÇ-də qeydə alınan son nəticədir. Xatırladaq ki, Braziliya ardıcıl iki matçda - Almaniya və Hollandiya ilə qarşılaşmada qapısından 10 qol buraxdı.
Hakimlərin səhvi yenə də davam etdi
Mundialın yekunlarına nəzər salanda, çox təəssüf ki, hakim səhvləri də diqqətdən yayınmır. Braziliyada da futbolçular hakimlərin qərəzli qərarları ilə üzləşdilər. Ədalət təmsilçilərinin ilk qərəzli çıxışı mundialın açılış oyununda özünü göstərdi. Yaponiyalı Yuişi Nisimura açılış matçına layiq olmayan idarəçiliyi ilə yadda qaldı. Digər oxşar hadisə 3-cü yer uğrunda matçda qeydə alındı. Əlcəzairli Camal Haymuidi hakimliyə yaraşmayan qərarları ilə diqqət mərkəzinə düşdü. Qeyd olunduğu kimi, bu cür hadisələr hər dünya çempionatında baş verir. Lakin FİFA hələ də bunun çarəsini tapa bilmir.
Anar Əhmədov,
Rahib Səmədov