"Qəbələ” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan, Ruslan Abışov, Cavid Hüseynov və Pavol Farkaşı transfer edən "qırmızı-qaralar” braziliyalı Markinyos Kariokanı da heyətinə qatıb. Yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, 1992-ci il mayın 28-də anadan olan Markinyos peşəkar futbolçu karyerasına 2011-ci ildə Braziliyanın "Parana” klubunda start verib. Gənc futbolçu 2013/2014-cü illər mövsümünü Rumıniyanın "Otselul” kollektivində keçirib. O, sözügedən komandada 33 oyunda meydançaya çıxıb və 9 dəfə fərqlənməyi bacarıb.