Bakının "İnter” klubu Azərbaycan futbolunda rekord vurub. Paytaxt təmsilçisi avrokuboklarda ardıcıl 4-cü qələbəni qazanıb.
Bu göstərici isə Azərbaycan klublarının qitəmiqyaslı turnirlərdə rekordunun təkrarıdır. 1994-cü ildən avrokuboklarda çıxış edən təmsilçilərimiz bunadək 4 qələbədən ibarət bir seriya ilə öyünürdü.
Həmin rekord da yalnız "Qarabağ”a məxsus idi. Ağdamlılar buna ötən mövsüm imza atmışdı. 2011/12-ci illər mövsümünün son oyununda evdə "Brügge”ni 1 cavabsız qolla məğlub edən Qurban Qurbanovun yetirmələri 2013/14-cü illər mövsümündə daha 3 qələbə ilə bu seriyanı 4-ə çatdırmışdı. Makedoniya "Metallurq”unu iki dəfə 1:0, Polşa "Pyast”ını 2:1 hesabı ilə məğlub edən "Qarabağ” sonuncularla cavab matçında seriyanı davam etdirə bilməmişdi - 2:2.
Bir il sonra həmin rekorda şərik çıxan "İnter” startda ardıcıl 3 qələbə ilə buna nail olub. Ötən mövsümün son qarşılaşmasında Norveç "Trömse”sini 1:0 hesabı ilə məğlub edən Kaxaber Sxadadzenin yetirmələri Moldova "Tiraspol”unu iki dəfə məğlub etmişdi - 3:2 və 3:1. İsveçdə "Elfsborq” üzərində 1:0 hesablı qələbə isə seriyanı 4-ə, yəni "Qarabağ”ın rekorduna çatdırdı. Bakılılar Skandinaviya təmsilçisini evdə məğlub etməyi bacarsa, 5-ci qələbə ilə mütləq rekordun sahibi olacaq.