Dünya çempionatından sonra...

Dünya çempionatından sonra...


Vitse-çempionlar məşqçidən üz döndərmədilər
İspaniya millisinin baş məşqçisi Visente del Boske postunu tərk etməyəcək. Bununla bağlı İspaniya Futbol Federasiyası və baş məşqçi birgə qərar veriblər.
Federasiyanın gəldiyi nəticəyə görə, milliyə başçılıq etdiyi 6 il ərzində üzləşdiyi 2 məğlubiyyət del Boskenin postundan uzaqlaşdırılması üçün əsas ola bilməz. Beləliklə, təcrübəli mütəxəssis 2016-cı il Avropa çempionatına kimi postunda qalacaq.
Visente del Boske İspaniya millisinə 2008-ci ildən başçılıq edir. İspanlar onun rəhbərliyi altında 2010-cu il dünya çempionatı və 2012-ci il Avropa çempionatında qalib gəliblər.

Xeyirxah van Qaal
"Mançester Yunayted”in yeni baş məşqçisi Lui van Qaal xeyriyyə tədbirinə 1 milyon funt xərcləyib. 62 yaşlı hollandiyalı mütəxəssis pulu əzələ distrofiyası ilə mübarizə aparan təşkilatın hesabına köçürüb.
Bu, van Qaalın ilk belə addımı deyil. Britaniya mətbuatı qeyd edir ki, hollandiyalı mütəxəssis vaxtaşırı müxtəlif xeyriyyə təşkilatlarının fonduna pul köçürür.
Qeyd edək ki, Lui van Qaal dünya çempionatı ərəfəsində "Mançester Yunayted”lə müqavilə bağlayıb. Onun illik gəliri 12 milyon avro olacaq.

Çempionların imzalı
köynəyinin qiyməti neçəyədir?
Futbol üzrə dünya çempionatının yeni qalibi olan Almaniya yığmasını yarışda istifadə etdiyi əşyalar xeyriyyə məqsədi ilə hərraca çıxarıb. Hərracda "Bundestim”in baş məşqçisi Yoahim Lövün kostyum və plaşı, qapıçı Manuel Noyerin mobil telefonu, Almaniya kansleri Angela Merkelin imzası olan top da yer alıb. Ümumilikdə, Almaniya millisi
50-yə qədər əşyanın satışını təkil edib. Hərracdan gələn gəlir xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə sərf ediləcək. Satışa çıxarılan əşyalar arasında ən bahalısı Almaniya millisinin formasıdır. Üzərində dünya çempionlarının imzası olan köynəyə ən əzı 4,7 min avro ödəməklə sahib çıxmaq olar. Məlumat üçün bildirək ki, həmin köynək üçün imzaları Lukas Podolski Brazilyada olan vaxtı toplamışdı.



İtaliyanı evə göndərən
hakim karyerasını
başa vurdu
Dünya çempionatında iştirak edən meksikalı hakim Marko Rodriges karyerasını başa vurdu. İtaliya-Uruqvay (0:1) matçının baş hakimi olan Rodriges çempionatda səhvlərə yol verən ədalət təmsilçisi kimi yadda qalıb. Həmin qarşılaşmada Luis Suaresin Ceorcio Kellininin çiynini dişləməsinə göz yuman hakim karyerasında ən böyük səhv etdiyini etiraf edib.
"Hər zaman arzu edirdim ki, ən azı, 3 dəfə dünya çempionatında iştirak edim. Buna müvəffəq oldum. Karyeramda uğurlu və uğursuz çıxışlarım oldu. Lakin mən robot deyiləm, insanam. İnsanın səhvləri qaçılmazdır. Artıq karyerama nöqtə qoyuram. İstirahət etmək, ailəmlə birlikdə olmaq istəyirəm”, - deyə Marko Rodriges deyib.
Qeyd edək ki, Marko Rodriges həmin oyunda Klaudiyo Markizyonu qırmızı vərəqə ilə meydan qovmuşdu. Bu matçda qeyri-obyektiv qərarlar üzündən İtaliya qrupda qalaraq, DÇ ilə vaxtından əvvəl vidalaşmışdı.


88 milyon avro, 5 illik
müqavilə və "9” nömrə
Çempionatın anti-qəhrəmanı olan uruqvaylı Luis Suares İspaniyanın "Barselona” klubuna transfer olundu. Artıq hakim müayinəsindən keçən Suares Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb. O, klubda "9” nömrəli formanı geyinəcək. İngiltərənin "Liverpul” klubundan 88 milyona transfer olunan qalmaqallı futbolçuya "Barselona”da hələ ki, məşqlər etməyə icazə verilməyəcək. Buna səbəb kimi Luis Suaresin FİFA tərəfindən cəzalanması göstərilir.


Dünya çempionatından kim nə qədər qazandı?!
FİFA Braziliyada keçirilən dünya çempionatı üçün 11 milyard pul xərcləndiyini açıqladı. Ev sahibləri bu yarışda 4,65 milyard qazandılar. Bundan başqa həmi məbləğdən 20 milyonu çempionatın keçirilməsi üçün sərf edildi. Dünya çempionatında iştirak edən futbolçuların klubları 70 milyonu öz aralarında bölüşdürdülər. Sığorta üçün 100 milyon ayrıldı. DÇ-də özlərinə çatacaq 12 milyon avronu tələb edən Kamerun millisi də diqqətdən kənarda qalmayıb. Dünya çempionlarının hər birinə 408 miyoln avro verildi. Hakimlərə isə 35-40 min avro təqdim edildi.


Çempionlar dünya
kubokunu qoruya bilmədilər
Dünya çempionatının əsas mükafatı - kubok Almaniya millisinin bu hadisəni bayram etdiyi tədbir zamanı zədələnib. Bu barədə Almaniya Futbol İttifaqının prezidenti Volfqanq Nirsbax deyib.
Onun sözlərinə görə, qələbənin bayram edilməsi zamanı Dünya kubokunun bir hissəsi qırılıb: "Amma bunun eybi yoxdur. Bizdə həmin hissəni bərpa edə biləcək mütəxəssislər var. Biz həmin hissənin necə qırıldığını bilmirik. Geniş və dərin araşdırma apardıq. Amma bu araşdırma heç bir nəticə vermədi”.
"Bild” qəzeti yazır ki, Dünya kubokunun əsli deyil, surəti zədələnib. Çünki FİFA-nın qaydalarına görə, kubokun əsli təşkilatın ofisində saxlanılır. Qalib komandaya isə onun surəti verilir.

Papa üçün köynək, uşaqlar üçün isə 135 min dollar
Dünya çempionatının gümüş mükafatçıları olan Argentina yığmasının üzvləri komandanın formasına avtoqraflar yazdırıblar. Həmin imzalı futbol köynəyi Roma papası Fransiske hədiyyə ediləcək. Xatırladaq ki, Roma papası Argentina millisinin azarkeşidir. O həm də bu ölkənin "San-Lorenso” klubunun fanatıdır.
Bundan başqa, çempionatda ikinci yeri tutan komanda əldə etdikləri pulu "Leonel Messi Fondu” vasitəsilə uşaq onkologiya mərkəzinə köçürüblər. Bu məbləğlə həmin mərkəzdə uşaqların müalicəsi, yeni korpusun inşası və həkimlərin Barselonadakı "San-Xuan de Dios” xəstəxanasında təkmilləşməsi nəzərdə tutulub. Xatırladaq ki, həmin onkologiya mərkəzi dünyada bir nömrəli səhiyyə ocağı sayılır.


4 ildən sonra qayıdış
Futbol üzrə dünya çempionatının ev sahibinin yeni baş məşqçisinin adı məlum olub. 5 qat dünya çempionlarına qarşıdakı illərdə Karlos Dunqa rəhbərlik edəcək. Keçmiş dünya çempionu və kapitan olan Dunqa ilə rəsmi müqavilə iyulun 22-də bağlanıb. Məlumat üçün bildirək ki, Karlos Dunqa bu posta ilk dəfə deyil ki, təyin olunur. CAR-da keçirilən dünya çempionatında "pentakampeonlar” məhz onun rəhbərliyi altında çıxış etmişdilər. 1/4 final mərhələsində Hollandiya millsinə uduzduqdan sonra 50 yaşlı baş məşqçi komandadan uzaqlaşdırılmışdı. Onun baş məşqçi olduğu illər ərzində (2006-2010) yığma komanda Amerika Kubokuna (2007), Konfederasiya Kubokuna (2009) sahib çıxmışdı.