
Azərbaycan çempionu "Qarabağ” klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirdi.
Olimpnews.az saytı xəbər verir ki, Ağdam təmsilçisi iyulun 30-da III təsnifat mərhələsinin ilk oyununa çıxdı. Qurban Qurbanovun yetirmələri bu mərhələdə Avstriyanın "Zalsburq” klubu ilə üz-üzə gəldi. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan oyunda ağdamlılar 2:1 hesabı ilə qələbə qazandılar.
Matçda hesabı təmsilçimiz açdı. Oyunun 2-ci dəqiqəsində Danilo Dias rəqib qapısına yol tapdı - 1:0. İlk hissə elə bu hesabla başa çatdı.
Fasilədən sonra hücumlarını artıran qonaqlar hesabı bərabərləşdirməyə müvəffəq oldular. Müdafiəçilərin səhvindən sonra topu ələ keçirən Kristian Şveqler rəqib qapıçı İbrahim Şehiç üçün seçim yeri qoymadı. Qoldan sonra ruhdan düşməyən «Qarabağ» stadiona toplaşmış 33 min azarkeşə sevinc dolu anlar yaşatdı. Oyunun 86-cı dəqiqəsində əks-hücum zamanı İlqar Qurbanovun ötürlüyü topu Reynaldo rəqib qapıçını geridə qoyaraq qapıdan keçirdi - 2:1.
Beləliklə, «Qarabağ» klubu doğma azarkeşlər önündə tarixi qələbə qazandı. Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması avqustun 6-da keçiriləcək.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
"Qarabağ” (Azərbaycan) - "Zalsburq” (Avstriya) - 2:1 (1:0)
Qollar: Danilo Dias, 2; Reynaldo, 86 - Kristian Şveqler, 77.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (18. İlqar Qurbanov, 46), 5. Maksim Medvedev, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 9. Reynaldo, 11. Danilo Dias (7. Namiq Yusifov, 70), 20. Riçard Almeyda, 41. Leroy Corc (14. Rəşad Sadıqov, 57), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Zalsburq: 31. Peter Qulaç, 6. Kristian Şveqler, 17. Andreas Ulmer, 36. Martin Hinteregger, 5. Andre Ramalyo, 8. Nabi Keyta (4. Peter Ankersen, 38), 10. Sadio Mane, 24. Kristof Leytqeb (42. Nils Kaşner, 90), 44. Kevin Kampl, 7. Marsel Zabitser (77. Massimo Bruno, 61), 26. Conatan Soriano.
Qırmızı vərəqələr: Admir Telli, 42, Reynaldo, 86 - Kristian Şveqler, 35.
Baş hakim: Sergey Boyko (Ukrayna).
30 iyul. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Rahib