
Təəssüf ki, onun haqqında «futbolumuzun canlı əfsanəsi» sözlərini daha deyə bilməyəcəyik. Təəssüf ki, Ələkbər müəllimin ürəyi yaşayıb yaratmaq eşqi ilə bir daha döyünməyəcək.
Maraqlı, düzlu söhbətləri, rəngarəng və təkrarolunmayan xatirələri ilə əbədiyyətə qovuşdu Ələkbər müəllim. Bu il may ayının 9-da 84-cü baharını qeyd edən məşhur futbolçu avqustun-1-də tək yaşadığı mənzilində dünyasını dəyişdi. Görəsən, Ələkbər müəllim son nəfəsində nə arzulayıb, ürəyindən nə keçib, yanında kimi istəyib?

Aşağıdakı xəbəri eşitmək hər bir azərbaycanlı, hər bir futbol azarkeşi üçün çox ağırdır. Amma nə edəsən, bu, həyatdır.........
Azərbaycan futbolunun görkəmli nümayəndələrindən biri, əməkdar idman ustası, əməkdar məşqçi, Azərbaycan milli komandasının sabiq baş məşqçisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, "Şöhrət" ordenli, professor Ələkbər Məmmədov 01.08.2014-cü ildə həyata əlvida dedi.
Onun vəfatı ilə bağlı dünyanın futbol qurumlarından və rəsmi şəxslərdən Azərbaycan Futbol Federasiyaları Assosasiyasına (AFFA) başsağlığı daxil olmaqdadır.
Moskvanın "Dinamo” klubu rəsmi saytında Ələkbər Məmmədovun vəfatı ilə bağlı başsağlığı yerləşdirib. Hekroloqda Ələkbər Məmmədovun həyatı və karyerası haqqında geniş məlumat verilib. Yazıda, həmçinin həmyerlimizin "Dinamo”nun heyətində keçirdiyi oyunlar, o cümlədən 1955-ci il sentyabrın 4-də "Milan” komandası ilə qarşılaşmada dörd qol vurması xüsusi qeyd olunub.
FIFA-nın prezidenti Yozef Blatterin və UEFA-nın prezidenti Mişel Platininin adından, həmçinin Türkiyə Futbol Federasiyası, Rusiya Futbol İttifaqı, Rusiya Premyer Liqası, Almaniya Futbol İttifaqı, Qazaxıstan Futbol Federasiyası və Gürcüstan Futbol Federasiyası tərəfindən Ələkbər Məmmədovun vəfatı ilə AFFA-ya başsağlığı verilib.

Ələkbər Məmmədovla vida mərasimi bu gün saat 13:00-dan 15:00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçiriləcək.
Allah rəhmət eləsin!


P.S. Ələkbər Məmmədov sağlığında "Olimpiya dünyası” qəzeti və "Olimpə doğru” jurnalının redaksiyasında tez-tez qonaq olurdu. Bu dəfə də "Olimpə doğru” jurnalının növbət sayında onun haqqında yazı çap ediləcəkdi. O hər dəfə məni görəndə məqalənin nə vaxt işıq üzü görəcəyini soruşurdu. Çox təəssüf ki, bu məqaləni oxumaq ona qismət olmadı. Bağışla məni, Ələkbər müəllim! Ruhun cənnət olsun!
Səadət