FİFA milli komandaların iyul ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb. 2014-cü ildə açıqlanan yeddinci cədvələ əsasən, mundialın 64 qarşılaşması reytinq siyahısında ciddi dəyişikliklərə səbəb olub. Uzun müddət zirvədə qərarlaşan İspaniya yığmasının "hegemonluğ”u başa çatıb. Pireneylilər 7 pillə geriləyiblər. Braziliyanın 4, İtaliyanın 5 və İngiltərənin 10 pillə geriləməsi də qeyd olunmalıdır. Sonuncu iki komanda ilk "10-luq”dan da kənar düşüb. İtaliya hazırda dünyanın 14-cü, İngiltərə isə 20-ci komandasıdır.
Turnir cədvəlinə 1 pillə irəliləyən son dünya çempionu Almaniya yığması başçılıq edir. Almanların aktivində 1724 xal var. 2-ci yerdə 3 pillə irəliləyən Argentina yığması qərarlaşıb. 2 dəfə dünya çempionu olan argentinalılar liderdən 118 xal geri qalmaqla bu pillədədirlər (1606 xal). İlk "üçlüy”ü 12 pillə irəliləyən Hollandiya millisi qapayır. Hollandların aktivində 1496 xal var.
İlk "onluq”da 4 pillə irəliləyən Kolumbiya (1492 xal), 6 pillə irəliləyən Belçika (1401 xal), 1 pillə irəliləyən Uruqvay (1330 xal), 4 pillə geriləyən Braziliya (1241 xal), 7 pillə geriləyən İspaniya (1229 xal), 3 pillə geriləyən İsveçrə (1216 xal) və 7 pillə irəliləyən Fransa (1202 xal) komandaları yer alıblar.
Azərbaycan milli komandası ötən reytinqlə müqayisədə, digər əksər komandalarda olduğu kimi, mövqeyini dəyişib. Ötən ay 83-cü yerdə qərarlaşan komandamız tarixinin ən yaxşı nəticəsi olan həmin göstəricini daha da yaxşılaşdırıb. Millimiz bu dəfə 10 pillə irəliləyərək 73-cü pillədə qərarlaşıb. Hazırda Berti Foqtsun yetirmələrinin aktivində 410 xal var. Komandamız son 1 ayda heç bir matça çıxmasa belə, FİFA reytinqinin 20 illik tarixi ərzində özünün ən yüksək pilləsindəki yerini yaxşılaşdırıb. Bu nəticə ilə millimiz Makedoniya, Kabo-Verde, Avstraliya, Zambiya, Səudiyyə Ərəbistanı, Mərakeş, Anqola, Belarus, Konqo, və Yamayka yığmalarını geridə qoyub.
Yığmamız tarixinin ən yaxşı nəticəsini göstərən 4 komandadan biridir. Mundialın tapıntılarından olan Kosta-Rika yığması da 16-cı yerə qalxmaqla tarixində yeni səhifə açıb.
Qonşularımızdan Rusiya 23-cü (-4), Türkiyə 32-ci (+3), Ermənistan 41-ci (-3), İran 49-cu (-6) və Gürcüstan 96-cı (0) pillədə qərarlaşıb. Göründüyü kimi, yalnız Azərbaycan və Türkiyə yığmaları reytinq sıralamasında irəliləyib. Qeyd edək ki, komandamız UEFA-nın reytinq cədvəlində 39-cu yerdədir.
EURO-2016-nın seçmə mərhələsindəki rəqiblərimizə gəlincə, qrupda ən yaxşı göstərici İtaliya millisinə məxsusdur. Appenin təmsilçisi ötən aydakı mövqeyini qoruya bilməyərək 5 pillə geriləyib. İtalyanlar 1056 xalla 14-cü pillədə qərarlaşıblar. Xorvatiya millisi irəliləyənlər sırasındadır. "Damalalılar” 955 xalla 17-ci pillədə qərarlaşıblar. Digər rəqibimiz Norveç yığması 2 pillə irəliləməsi ilə diqqət çəkib. Norveçlilər 520 xalla 53-cü yerdədir. Bolqarıstan yığması ötən ayla müqayisədə, 6 pillə irəliləyib. Bolqarlar 425 xalla 72-ci yerdədir. Malta komandası isə 18 pillə geriləyib. Qrupun autsayderi olan "cırtdanlar” 146 xalla siyahıda 150-ci olublar.
Qeyd edək ki, növbəti reytinq cədvəli avqustun 14-də açıqlanacaq.
1 (2). Almaniya 1724
2 (5). Argentina 1606
3 (15). Hollandiya 1496
4 (8). Kolumbiya 1492
5 (11). Belçika 1401
6 (7). Uruqvay 1330
7 (3). Braziliya 1241
8 (1). İspaniya 1229
9 (6). İsveçrə 1216
10 (17). Fransa 1202
11 (4). Portuqaliya 1148
12 (14). Çili 1098
13 (12). Yunanıstan 1091
14 (9). İtaliya 1056
15 (13). ABŞ 989
16 (28). Kosta-Rika 986
17 (18). Xorvatiya 955
18 (20). Meksika 930
19 (21). Bosniya və Hers. 917
20 (10). İngiltərə 911
...53 (55). Norveç 520
...72 (78). Bolqarıstan 425
...73 (83). AZƏRBAYCAN 410
...150 (132). Malta 146