"Qarabağ” klubu UEFA Çempionlar Liqasında (ÇL) iki ilkə imza atıb. Azərbaycan çempionu bu yarışın III təsnifat mərhələsində qələbə qazanan ilk klubumuz kimi tarixə düşüb. Belə ki, bunadək qitənin ən nüfuzlu klub turnirində pley-offun bir addımlığınadək irəliləyən təmsilçilərimiz qələbə qazanmadan UEFA Avropa Liqasına düşmüşdülər. 2009-cu ildə "Bakı” Bolqarıstan "Levski”si (0:0, 0:2), 2012-ci ildə isə "Neftçi” İsrailin Kiryat-Şmona şəhərini təmsil edən "Hapoel” (0:4, 2:2) önündə aciz qalmışdı.
"Qarabağ” həm də ÇL-də ardıcıl 3 qələbə qazanan ilk Azərbaycan komandası olub. Avstriyalılardan əvvəl Malta "Vallletta”sını iki dəfə məğlub edən (1:0, 4:0) ağdamlılar təmsilçilərimizdən heç birinin bacarmadığı uğura imza atıblar.
Bundan başqa, Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirində eyni mövsümdə 3 qələbə qazanan 2-ci komanda olub. "Qarabağ” 2005/06-cı illər mövsümündə ÇL-də 3 dəfə qalib gələn "Neftçi”nin rekordunu təkrarlayıb.
Yeri gəlmişkən, ÇL-in bombardirlərinin siyahısı açıqlanıb. III təsnifat mərhələsinin ilk oyunlarından sonra cədvələ Çexiyanın "Sparta” klubunun futbolçusu David Lafata başçılıq edir. Onun hesabında 8 qol var.
3 futbolçu - Danko Lazoviç ("Partizan”, Serbiya), Miroslav Lazoviç ("Legiya”, Polşa) və Levi Hanssen (HB "Torshavn”, Farer adaları) hərəyə 3 dəfə fərqləniblər. Onlar 2-4-cü yerləri bölüşürlər.
Növbəti 14 yerdə isə hərəyə 2 qol vuran oyunçular qərarlaşıb. 5-18-ci yerlərin şərikləri sırasında Azərbaycan çempionu "Qarabağ”ın da üç üzvü var. Bunlar braziliyalılar Çumbinyo, Danilo Dias və Reynaldodur. Sonuncu ikisi Avstriya "Zalsburq”u ilə matçda fərqlənməklə Çumbinyo və digərlərinə çatıblar.
Bundan başqa, Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov avrokuboklarda 50-ci oyununu keçirib. "Qarabağ”ın 32 yaşlı müdafiəçisi buna nail olan ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb.
Rəşad Sadıqov bu matçların 45-ni Azərbaycan, 5-ni Türkiyə klubları ilə keçirib. "50”yə 3 klubda çatan müdafiəçi "Qarabağ”da 27, "Neftçi”də 18, "Kayserispor”da 5 avrokubok görüşünə çıxıb. Arxa xətt oyunçusu ÇL-də 9, əvvəl UEFA kuboku adlanan Avropa Liqasında 31, İntertoto kubokunda 10 matçda iştirak edib.
Yubiley matçını ÇL-in III təsnifat mərhələsinin Avstriya "Zalsburq”u ilə ilk oyununda keçirən bu futbolçu həm də adaşı Rəşad Sadiqovun rekordunu təkrarlayıb. Belə ki, adaşlar Azərbaycan klubları ilə ən çox avrokubok matçı keçirən oyunçulardır - hərəyə 45 oyun.
R. Sadiqov da 45 oyunu iki klubumuz - "Neftçi” və "Qarabağ”ın heyətində keçirib. O, paytaxt təmsilçisində 26, əyalət klubunun heyətində isə 19 belə qarşılaşmada iştirak edib.