UEFA-nın əmsallar cədvəli açıqlanıb. Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda dəyişikliklər olub.
Bu dəyişikliklər Azərbaycanın da mövqeyinə təsir göstərib. Xatırladaq ki, "Neftçi” Gürcüstanın "Çixura” klubu ilə qarşılaşmada qolsuz heç-heçə edib. Bu da ölkəmizin reytinqinə 0,125 xal qazandırıb. Nəticədə, Azərbaycanın son 5 mövsümə əsasən toplanan əmsalını - futbol tariximizin ən yüksək göstəricisi olan 10,750-yə çatdırıb.
Lakin bu rekord da mövqeyimizi qorumağa kifayət etməyib. Belə ki, Slovakiya klublarının uğurlu çıxışı nəticəsində bu ölkənin xal hesabı Azərbaycana çatıb. Lakin sonuncu - yəni cari mövsümdə toplanan xallara görə Slovakiya 30-cu pilləni ələ keçirib. Ölkəmiz isə artıq siyahıda 31-cidir.
29-cu olan Macarıstan təmsilçiləri də son oyunlarda uğursuz çıxış edib. Onlarla aramızda olan xal fərqi azalıb. Hərçənd "Neftçi” qalib gəlsə idi, Azərbaycan 29-cu da ola bilərdi.
Qeyd edək ki, ölkəmizin xal hesabının böyük hissəsi "Qarabağ”la "İnter” tərəfindən qazanılıb. Onlar hərəyə 0,750 xal əldə ediblər. "Neftçi” isə onların qazandığının yarısını əldə edib.