Bir illik fasilədən sonra "Neftçi”yə qayıdan Çili futbolçusu Nikolas Kanales paytaxt təmsilçisində məşqlərə başlayıb. Hücumçu klubun təlim-məşq bazasında təşkil olunan hazırlıqlardan əvvəl komanda yoldaşları ilə görüşüb.Kanalesə "Neftçi”nin forması da təqdim olunub. Cənubi amerikalı oyunçu 11 nömrəli formanı geyinəcək.
Hücumçu klubun rəsmi saytına fikirlərini bildirərkən deyib: "”Neftçi” mənim üçün doğma klubdur. Burada özümü yeni hesab etmirəm. Karyeramın ən uğurlu dövrünü burada keçirmişəm. "Neftçi”nin heyətində UEFA Avropa Liqasının qrup mərhələsində oynamışam. Çempionatda da ən məhsuldar oyunçu olmuşam. Məqsədim odur ki, Avropadakı nailiyyətimizi yenidən təkrarlayaq. Komandanın heyəti də buna imkan verir. "Neftçi”də kifayət qədər güclü futbolçular cəmləşib və inanıram ki, biz qarşıya qoyulan vəzifənin birlikdə öhdəsindən gələcəyik. "Neftçi”nin azarkeşlərini çox sevirəm. Bilirəm ki, onlar da mənim üçün darıxıb. Çalışacağam ki, vuracağım qollarla onları yenə də sevindirim”.
Qeyd edək ki, Kanales 26 qolla 2012/13-cü illər mövsümündə Azərbaycan çempionatının ən yaxşı bombardiri olub.