Millimiz Avropa super finalında bürünc medal qazandı

Millimiz Avropa super finalında bürünc medal qazandı

İspaniyanın Torredembarra şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa super final yarışlarına yekun vurulub.
Azərbaycan milli komandası sonuncu oyununda Türkiyə yığmasını 5:3 hesabı ilə məğlub edərək turnirin bürünc medallarına sahib çıxıb. Amid Nəzərovun dubl etdiyi oyunda Zeynal Zeynalov, Sabir Allahquliyev və Orxan Məmmədov hərəyə bir dəfə fərqləniblər. Komandamız bu oyundan əvvəl Çexiya, Polşa və Bolqarıstan komandaları ilə qarşılaşıb.
Millimiz turnirin ilk günündə Çexiya yığmasını 6:2 hesabı ilə məğlub edib. Komandamzın heyətində Asif Zeynalov iki dəfə, Hikmət Bağırov, Amid Nəzərov, Orxan Məmmədov və Sabir Allahquliyev isə hərəyə bir dəfə fərqləniblər.
Polşa yığması ilə oyunda isə komandamız 6:1 hesabı ilə məğlub olub. Millimizin heyətində yeganə təsəlli qolunu Asif Zeynalov vurub.
Yarışın üçüncü günündə Bolqarıstan yığması ilə qarşılaşan millimiz 7:2 hesabı ilə qələbə qazanıb. Comərd Baxşəliyev het-trik, Zeynal Zeynalov dubl etməklə yadda qalıb. Komandamızın heyətində digər iki qolun müəllifi isə Orxan Məmmədov və Asif Zeynalov olub.