Tarixi ənənələri gələcəyə daşıyan “Lokomotiv”

Tarixi ənənələri gələcəyə daşıyan “Lokomotiv”


Respublikamızda idmanın inkişafına öz töhfələrini verən klublar, idman cəmiyyətləri, idman-sağlamlıq mərkəzləri yetərincədir. Belə idman ocaqlarından biri də "Lokomotiv” İdman-Sağlamlıq Mərkəzidir ("Lokomotiv” İSM). Mərkəzin rəisi Elşən İsmayılovla görüşdük və buranın fəaliyyəti barədə geniş məlumat aldıq.

- Rəhbərlik etdiyiniz idman-sağlamlıq mərkəzi respublikamızın ən qədim idman ocaqlarından biridir. İstərdik ki, bu idman ocağında aparılan işlər, idmançılarımızın əldə etdikləri nailiyyətlər haqqında məlumat verəsiniz.
- "Lokomotiv” İdman-Sağlamlıq Mərkəzi Zaqafqaziya Dəmir Yolu Könüllü İdman Cəmiyyətinin qərarı ilə 1936-cı ildə yaradılıb. 1989-cu ildə bu mərkəz "Lokomotiv” Yol bədən tərbiyə və idman klubu adı altında fəaliyyət göstərib. 1998-ci ildə isə "Lokomotiv” Yol bədən tərbiyə və idman klubunun bazasında "Lokomotiv” İdman-Sağlamlıq Mərkəzi yaradılıb. Dəmiryolçu - idmançılar respublikamızda bədən tərbiyəsi idman hərəkatının inkişafında mühüm rol oynayırlar. Hazırda "Lokomotiv” İSM-də voleybol, futbol, stolüstü tennis, taekvondo, velosiped, kamandan oxatma, boks, cüdo, sərbəst güləş və yunan-Roma güləşi üzrə bölmələr fəaliyyət göstərir. Burada 2 min nəfərdən çox idmançı məşğul olur. Mərkəzin 4 idman qurğusu var. Onlardan biri - 1912-ci ildə inşa edilmiş zal bu gün nadir idman qurğularından birikimi qorunur. "Lokomotiv” İSM-in respublikamızın müxtəlif bölgələrində - Gəncədə (qərb zonası üzrə), Ucarda (aran zonası üzrə), Şabranda (şimal zonası üzrə) və Salyanda (cənub zonası üzrə)idman bölmələri fəaliyyət göstərir. Bu illər ərzində "Lokomotiv” İSM-in bir çox idmançıları beynəlxalq yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə sahib olublar.Olimpiya çempionu (1968-ci il) və dünya çempionu (1970-ci il), voleybolçu Vera Lantratova, kamandan oxatma üzrə Avropa çempionu (1975-ci il) Vladimir Maksimov, cüdo üzrə keçmiş SSRİ xalqları Spartakiadasının qalibi (1991-ci il) Elçin İsmayılov, cüdo üzrə Avropa çempionu (1992-ci il) Gülşən Şirinova, üçtəkanla tullanma üzrə Asiya çempionu (1993-cü il) Aleksey Fatyanov bizim mərkəzin yetirmələridir. Bundan başqa, boks üzrə dünya çempionatınıngümüş mükafatçısı (2005-ci il) Emil Məhərrəmov, bürünc mükafatçısı Rauf Müslümov (2006) cüdo üzrə gənclər arasında Avropa kubokunun bürünc mükafatçısı Kənan Nağıyev (2010), sambo üzrə gənclər arasında Avropa çempionatının bürünc mükafatçısı Kazım Babayev və başqaları Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyublar.İdmanda göstərdikləri xidmətlərə görə, "Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin onlarla idman mütəxəssisi dövlətimiz tərəfindən müxtəlif fəxri adlara və mükafatlara layiq görülüb. Qeyd edim ki, dəmiryolçu - idmançılar torpaqlarımızın bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində də qəhrəmanlıq göstəriblər. Belə ki, cüdo üzrə idman ustası İlham İsmayılov, göstərdiyi qəhrəmalığa görə, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

- "Lokomotiv” İSM ötən ili necə yola saldı?

- Bildiyiniz kimi, 2012-ci il Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə "İdman ili” elan olunmuşdu. Ötən il respublikamızın idmançıları üçün uğurlu oldu. Bizim atletlərimiz də müxtəlif yarışlarda nailiyyətlər əldə etdilər. İdmançılarımız ötən il həm respublika yarışlarında, həm də beynəlxalq turnirlərdə güclərini sınadılar. İlin əvvəllərində 1998-1999-cu illər təvəllüdlü cüdoçuların Bakı şəhər birinciliyi keçirildi. Bir idmançımız həmin yarışda bürünc medal qazandı. Respublika birinciliyində isə bir cüdoçumuz ikinci oldu. Ötən il fevralda 23-25-də keçirilən və Xocalı faciəsinin 20 illiyinə həsr olunan cüdo turnirində bir gümüş, bir bürünc medal əldə etdik. Cüdoçularımız da "İdman ili”ni uğurlu nəticələrlə yola saldılar. Belə ki, bu növ üzrə keçirilən respublika birinciliyində (10-12 fevral) çıxış edən yetirməmiz Nəsimi Umbayev (48 kq) qızıl medala layiq görüldü. 62 kq çəkidə yarışan Müşfiq Usubov isə üçüncü oldu. Yeri gəlmişkən deyim ki, ötən ilin aprel ayında Rumıniyanın paytaxtı Buxarest şəhərində samboçuların Avropa birinciliyi keçirildi. "Lokomotiv” İSM-in perspektivli samboçusu Nəsimi Umbayev bu yarışda bürünc mükafat qazandı. İyun ayında təşkil olunan ölkə birinciliyində isə Nəsimi üçüncü oldu. Onun komanda yoldaşı Müşfiq Usubov da bu yarışda bürünc medal əldə etdi. Samboçumuz Yusif Heydərov ötən il Ukraynanın Yalta şəhərində təşkil olunan beynəlxalq turnirdə üçüncü yeri əldə etdi. İdman-Sağlamlıq Mərkəzində universal döyüş növü ilə məşğul olan Anar Rüstəmov bu növ üzrə Avropa çempionatında gümüş medal əldə etdi.

- Bəs digər növlərdə hansı nəticələriniz olub?

- Qeyd etməliyəm ki, 2012-ci ili "Lokomotiv” İSM-in oxatma idman növü ilə məşğul olan idmançıları üçün qənaətbəxş hesab etmək mümkündür. Belə ki, oxatanlarımız ölkə və Bakı çempionatlarında ümumilikdə 5 qızıl, 3 gümüş, 4 bürünc medal qazandılar. Perspektivli idmançımız Svetlana Simonova Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə ikinci yerə sahib çıxdı. Mərkəzdə tennis idman növü ilə məşğul olan yetirmələrimiz də, ötən il müxtəlif səviyyəli yarışlarda mükafatalayiq yerlər tutdular.

- Elşən müəllim, güləşçilərinizin ötən il qazandıqları nəticələrdənrazı qaldınızmı?

- "Lokomotiv” İdman-Sağlamlıq Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə məşqlər keçirilir. Sərbəst güləşin sirlərini idmançılarımıza Əməkdar məşqçi Ramin Allahverdiyev öyrədir. Yunan-Roma güləşini isə Əməkdar məşqçi Mürsəl Qafarov tədris edir. Təcrübəliməşqçilərin yetirmələri yüksək nailiyyətlər qazanıblar. Sərbəst güləşçilərimiz ötən il bir sıra yarışlarda çıxış etdilər. May ayında keçirilən beynəlxalq turnirdə bir güləşçimiz 3-cü oldu. Oktyabrda gənc pəhləvanların iştirak etdiyi Bakı şəhər birinciliyində 3 idmançımız bürünc medal qazandı. Bakı şəhər çempionatında 3 qızıl, 1 gümüş və 3 bürünc medal medal sərbəst güləşçilərimizin payına düşdü. Gəncə şəhərində İsax Cəfərovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bizim iki yetirməmiz medal qazandı. Qeyd edim ki, "Lokomotiv” İSM-in sərbəst güləş üzrə əsas bazasında 100-ə yaxın idmançı bu növlə məşğul olur.Onların arasında respublika və beynəlxalq səviyyədə tanınmış güləşçilər var. İdman-Sağlamlıq mərkəzinin yunan-Roma güləşçiləri də bir sıra yarışlarda, respublika çempionatı və birinciliklərində uğurla yarışıblar. Güləşçilərimiz üçün lazımı şərait yaradılıb. Onların təlim-məşq toplanışlarına göndərilməsi, idman geyimləri ilə təmin olunması yüksək şəkildə həyata keçirilir. Bir sözlə, əlimizdən gələni edirik ki, idmançılarımız həm "Lokomotiv” İSM-in, həm də ölkəmizin adını uca tutsunlar. Təcrübəli məşqçi Mürsəl Qafarovun yetirmələri onlara göstərilən etimadı doğruldurlar. Bu növdə perspektivli, güclü güləşçilərimiz yetərincədir. Bu növün sirlərinə bizim mərkəzdə yiyələnən Orxan Əhmədov böyük gələcəyə malik idmançılardandır. O, gənclər arasında Avropa və dünya çempionu (2009-cu il), 2012-ci ilinAzərbaycan çempionudur. Orxan ötən il keçirilən "Qızıl Qran-Pri” beynəlxalq turnirində də bütün rəqiblərini üstələyərəkqızıl medala layiq görüldü.

- 2013-cü ilin 2 ayı artıq arxada qalıb. Mərkəzin idmançıları bu müddət ərzində hansı yarışlarda iştirak ediblər?

- Yanvar ayının əvvəllərində Şağan Olimpiya İdman Kompleksində sambo üzrə Bakı şəhər birinciliyi təşkil olunmuşdur. Həmin turnirdə idmançılarımız da mübarizə aparırdılar. Bu idmançıların 8-i medal qazandı (3 qızıl, 1 gümüş, 4 gümüş). Oxatanlarımız da 2013-cü ilə uğurla başlayıblar. Yanvar ayında örtülü salonda keçirilən oxatma üzrə Bakı şəhər birinciliyində 2 idmançımız birinci yerə çıxdı. Digər iki idmançımız isə üçüncü pillədə qərarlaşdı. Elə həmin ayın sonlarında təşkil olunan oxatma üzrə (örtülü salon) Bakı şəhər çempionatında isə iki idmançımız 1-ci və 2-ci yerləri qazandılar. Ötən ay keçirilən oxatma idman növü üzrə respublika birinciliyində 1 gümüş, ölkə çempionatında isə 1 qızıl, 1 gümüş medal "Lokomotiv” İSM-in düşdü. Fevralın 6-7-də Şağan Olimpiya Kompleksində təşkil olunan cüdo üzrə respublika birinciliyində yetirmələrimiz öz çəkilərində 8 medal qazandılar (2 qızıl, 2 gümüş, 4 bürünc) perspektivli samboçumuz Nəsimi Umbayev ötən ay iştirak etdiyi respublika və Bakı şəhər birinciliklərində birinci yerə layiq görüldü. Bu müddət ərzində güləşçilərimiz də, müxtəlif səviyyəli yarışlarda iştirak ediblər. Həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz 2013-cü ilə uğurla başlayıblar. Yeri gəlmişkən deyim ki, elə buyaxınlarda "Lokomotiv” İSM-in sərbəst güləş üzrə açıq birinciliyi keçirildi. Turnirdə 10-dan çox komandanın 200 idmançısı gücünü sınadı. Ötən həftə təşkil olunan Azərbaycan birinciliyində bizim mərkəzin sərbəst güləşçiləri Bəxtiyar İsrafilli (74 kq) və Fərid İsmmayılov (50 kq) birinci yerə layiq görüldülər. Rusiyanın Rostov şəhərində bir neçə gün bundan əvvəl keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə "Lokomotiv”in yunan-Roma güləşçiləri də iştirak etdilər. Komandamız MDB ölkələrinin (15 ölkə) iştirak etdiyi bu yarışda birinci oldu. Bu, yüksək nəticədir. Bu cür yarışların keçirilməsi yeniyetmə və gənc güləşçilərə təcrübə qazandırır. 2013-cü il təzə başlayıb. "Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin idmançılarını müxtəlif səviyyəli yarışlar gözləyir. Əminəm ki, nailiyyətlərimiz bir-birini əvəzləyəcək.

- Elşən müəllim, "Lokomotiv” İSM-in fəaliyyətindən danışarkən, buranın eyniadlı voleybol komandasından söhbət açmamaq mümkün deyil...

- Voleybol bizim mərkəzdə aparıcı idman növlərindən biridir. Klubumuz özünün uğurlu çıxışları ilə bizi sevindirir. "Lokomotiv” cəmi 5 ildir ki, yaranıb. Qısa müddət ərzində komanda dinamik inkişafa nail olub. Klubumuz 2010-2011-ci illərdə "Avropa Çağırış Kuboku”nda II yeri tutub. 2011-2012-ci illərdə təşkil olunan anoloji turnirdə isə I yerə layiq görülüb. "Lokomotiv”in heyətində Oksana Parxomenko, Yelena Parxomenko, Valeriya Korotenkogüclü voleybolçular var. Komandanın güclü maddi-texniki bazası var, voleybolçularımız üçün hər cür şərait yaradılıb. Təsadüfü deyil ki, "Lokomotiv”in heyətində Avropa çempionları, Olimpiya Oyunlarının mükafatçıları çıxış edirlər. Əlbəttə bu cür səviyyəli oyunçuları komandaya cəlb etmək heç də asan deyil. Dəfət olunan hər bir idmançıya şərait yaradılmalı, onun maddi təminatı ödənilməlidir. Qeyd etdiyim belə problemlərin həllində bizə Azərbaycan Voleybol Federasiyasının və "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi dəstək verir.

- "Lokomotiv” komandası bu il bu il Çempionlar Liqasında (ÇL) debüt etdi. Qrup mərhələsini qalib kimi başa vuran komandanız, püşk nəticəsində, pley-offda "Azərreyl” klubu ilə qarşılaşdı. Sizcə püşkün bu "hədiyyəsini” "dəmiryolçuların” bəxtsizliyi kimi qiymətləndirmək olarmı?

- Mən belə deməzdim. Bildiyiniz kimi "Lokomotiv” ÇL-də ilk dəfə çıxış etməsinə baxmayaraq, 6 oyunda cəmi bir dəfə məğlub oldu. Pley-off mərhələsində isə qeyd etdiyiniz kimi, ölkəmizin digər təmsilçisi "Azərreyl” ilə qarşılaşmalı oldu. Həmin oyun "Azərreyl”in qələbəsi ilə başa çatdı. Mən deməzdim ki, bizim komanda "Azərreyl”dən zəifdir. Ölkəmizin 2 komandasının üz-üzə gəlməsinin tamamilə başqa səbəbləri var. Düşünürəm ki, rəqibimiz bu oyuna daha yaxşı hazırlaşmışdı. Komandamızın məğlubiyyətinin digər bir səbəbi isə, heyətin tam şəkildə fopmalaşdırılmaması idi. "Lokomotiv”in tərkibində edilən dəyişikliklər də məğlubiyyətə səbəb olan amillərdəndir. "Lokomotiv”in hər bir üzvü fərdi şəkildə güclü voleybolçudur. Lakin, qeyd etdiyim kimi, komandanın formalaşdırılımaması öz təsirini göstərdi. Məncə, məşqçinin də müəyyən səhvləri oldu. Bilirsiniz, məşqçinin peşəkarlığı elə olmalıdır ki, o, lazım olan anda oyunçunu pik nöqtəsinə çıxara bilsin. Qeyd etdiyim bu amillər birinci pley-off mərhələsində "Lokomotiv”in məğlubiyyətinə səbəb oldu. Püşkə gəlincə isə, deməliyəm ki, bu Avropa Voleybol Konfederasiyasının (CEV) xüsusi qərarı ilə bağlı idi. Qərara əsasən Çempionlar Liqasında eyni ölkəni təmsil edən iki komanda qarşılaşmalı idi. Xatırlayırsınızsa, Rusiya və Türkiyə komandaları da bir-birinə qarşı çıxış etdilər. Konfederasiya elə planlaşdırıb ki, finalda müxtəlif ölkələrin komandaları qarşılaşsınlar.

- "Lokomotiv”in Super-Liqada çıxışını necə qiymətləndirirsiniz?

- Komandamız Azərbaycan çempionatındayüksək texnika nümayiş etdirir. Çempionlar Liqasına da əla startla başlamışdıq. Xatırlayırsınızsa, ÇL-də Moskvanın "Dinamo” komandası ilə Bakıda qarşılaşan "Lokomotiv” rəqibini 3:0 hesabı ilə rəqibini məğlub etdi. Hazırda klubumuz Super-Liqa oyunlarında da yaxşı çıxış edir. Azərbaycan Voleybol Federasiyasının baş katibi kimi, bütün komandalara eyni münasibət bəsləyirəm. "Lokomotiv” İSM-in sədri kimi isə, mənim doğma komandam "Lokomotiv” voleybol klubudur. Bu baxımdan, "Lokomotiv”dən çox şey gözləyirəm. Bayaq qeyd etdiyim kimi, klubumuz beynəlxalq səviyyəli yarışlarda uğurla yarışır. 2010-2011-ci illər mövsümündə "Çağırış kuboku”nda "Azərreyl”lə qarşılaşdıq və ikinci olduq. Həmin vaxt qalib komandaya kuboku Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi. Bu cür yarışlarda yüksək yerlər qazanan "Lokomotiv”in ölkə çempionatında birincilər sırasında olmasını istərdim. Ümumiyyətlə isə, komandamızın çıxışlarından razıyam. "Lokomotiv” voleybol klubu bu gün inkişaf yolundadır.

- Komandanızın ehtiyat bazasını yaratmaq üçün nə kimi işlər görülür?

- İki il bundan əvvəl klubun rəhbərliyi və "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə birgə belə bir qərara gəldik ki, ikinci komandamızı yaradaq. Hazırda Super-Liqada "Lokomotiv-Biləcəri” adlı komandamız çıxış edir. Düzdür, bu klub yüksək nəticə göstərə bilmir. Etiraf edim ki, biz "Lokomotiv-Biləcəri”nin yüksək səviyyədə oyun nümayiş etdirəcəyini gözləmirik. Bu komandanı yaratmaqda əsas məqsədimiz o idi ki, gənc voleybolçularımız çempionatdan kənarda qalmasınlar. Bu, öz effektini verməkdədir. Gənc voleybolçularımız çempionatda çıxış etməklə inkişaf edir, təcrübə toplayırlar. Yeri gəlmişkən deyim ki, "Lokomotiv-Biləcəri” komandasının heyətinin əsasını yerli voleybolçular təşkil edir.

- Bildiyiniz kimi, 2015-ci ildə Azərbaycan möhtəşəm bir idman tədbirinə-I Avropa oyunlarına ev sahibliyi edəcək. Bir idman mütəxəssisi kimi sizin bu məsələyə münasibətinizi öyrənmək istərdik.

- Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub. Bu gün respublikamızın, demək olar ki, hər bir guşəsində müasir standartlara cavab verən idman qurğuları fəaliyyət göstərir. Ölkəmizdə 35 Olimpiya İdman Kompleksləri istifadəyə verilib, bir neçəsi isə inşa edilməkdədir. Respublikamızda hər il müxtəlif növlər üzrə beynəlxalq turnirlər, dünya, Avropa çempionatları keçirilir. Beynəlxalq idman qurumlarına ölkəmizdə böyük etimad göstərirlər. Birinci Avropa Oyunlarına ev sahibliyinin Azərbaycana verilməsi bir daha göstərir ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzu çox yüksəkdir. Mən əminəm ki, Avropa Oyunları ölkəmizdə yüksək səviyyədə təşkil olunacaq. Çünki sahədə təcrübəmiz kifayət qədərdir. Ölkəmiz 2015-ci ildə yeni bir tarix yazacaq. Azərbaycan Avropa Oyunlarının vətəninə çevriləcək. İnanıram ki, idmançılarımız "ev” oyunlarında hamıdan çox medal qazanacaqlar.

- Avropa Oyunlarının proqramına voleybol da daxil edilib.

- Voleybol mütəxəssisi kimi, buna çox sevinirəm. İnanıram ki, milli komandamız möhtəşəm oyunlarda gözəl çıxışı ilə xalqımıza sevinc bəxş edəcək. Məni ən çox sevindirən isə, Avropa Oyunlarının proqramında çimərlik voleybolunun yer almasıdır. On ildir ki, biz çimərlik voleybolu üzrə yarışları "Qreden Biç” hotelinin keçirməli oluruq. Avropa Oyunları isə bu növün inkişafına, yeni bazanın yaranmasına təkan verəcək.

- Elşən müəllim, "Lokomotiv” İdman Sağlamlıq Mərkəzinin fəaliyyətindən ətraflı danışdıq. Amma özünüz haqqında məlumat vermədiniz...

- Mən idmana çox böyük marağı olan hərbiçi ailəsində böyümüşəm. Atam hərbiçi-dəmiryolçu idi. O, işi ilə əlaqədar olaraq, tez-tez yaşayış yerini dəyişməli olurdu. Uzun müddət Naxçıvanda, imişlidə yaşamışıq. Hara köçürüksə, evimiz mütləq dəmir yoluna yaxın ərazidə yerləşirdi. Lap birinci sinifdə dəmiryol məktəblərində oxumuşam. İdmana da dəmir yolunun zallarında başlamışam. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının (AzDBTİA) idman fakultəsini bitirmişəm. Cüdo və sambo üzrə SSRİ idman ustasıyam. Kiçik qardaşım Elçin İsmayılov cüdo üzrə beynəlxalq dərəcəli idman ustasıdır. O, 1991-ci ildə sonuncu dəfə keçirilən SSRİ xalqları spartakiadasının qalibi olub. 1990-cı ildə "Lokomotiv” İdman Cəmiyyətində idman qurğusunun rəhbəri kimi fəaliyyətə başlamışam. Daha sonra isə "Lokomotiv” İdman Sağlamlıq Mərkəzinin rəisi vəzifəsi mənə həvalə olunub. 2001-ci ildə keçirilən Azərbaycan Voleybol Federasiyasının konfransında bu qurumun baş katibi seçilmişəm. İdman sahəsində gördüyüm işlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mənə mənzil verib. Bu, ömrümün idmana həsr olunan 28 ilinə verilən ən yüksək qiymətdir.
Hürrü Abdullayev