Millimiz asiyalıların müqavimətini qıra bilmədi

Millimiz asiyalıların müqavimətini qıra bilmədi

Avqustun 20-də Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirdi. Millimiz yoldaşlıq görüşü çərçivəsində Özbəkistan yığması ilə münasibətlərinə aydınlıq gətirdi. Lakin 90 dəqiqə ərzində tərəflərdən heç biri fərqlənə bilmədi və matç 0:0 hesabı ilə başa çatdı.

Yoldaşlıq oyunu
Azərbaycan - Özbəkistan - 0:0

Azərbaycan: 23. Səlahət Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov (k), 20. Ufuk Budak, 19. Rahid Əmirquliyev, 15. Ruslan Abışov, 7. Vaqif Cavadov, 11. Rauf Əliyev, 10. Rüfət Dadaşov, 26. Toğrul Erat, 13. Dmitri Nazarov.
Özbəkistan: 1. Eldorbek Suyunov, 2. Eqor Krimets, 20. İslam Tuxtaxujayev (k), 17. Səlim Mustofayev, 13. Davron Haşimov, 9. Sardar Raşidov, 7. Fazil Musayev, 10. Camşid İsgandarov, 14. Vladimir Kozak, 11. Novruz Alimov, 6. İvan Naqayev.
Hakimlər: George Vadaçkoria, Levan Varamişvili, Levan Todria (hamısı Gürcüstan).
20 avqust. Bakı. "Bakcell Arena” stadionu.


Özbəkistan millisi ilə qarşılaşma yığmamızın 2014-cü ildə keçirdiyi 3-cü oyunu oldu. İlin əvvəlində Dubayda Filippin komandası üzərində qələbə qazanan (1:0) yığmamız ABŞ millisi ilə səfər matçında uduzmuşdu - 0:2.
Yeri gəlmişkən, Azərbaycan millisi tarixində ikinci dəfə avqustun 20-də meydana çıxırdı. Yığmamız indiyədək yalnız bir dəfə həmin tarixdə rəsmi matç keçirmişdi. Bu da 6 il əvvələ təsadüf etmişdi. Berti Foqtsun yetirmələri həmin vaxt İslandiya ilə qarşılaşmışdı. Reykyavikdəki görüşdə qalib müəyyənləşməmişdi - 1:1.
Asiya təmsilçisi üçün isə avqustun 20-dəki görüş 3-cü oldu. Belə ki, özbəkistanlılar 2003-cü ildə Latviya, 2008-ci ildə isə Omanla məhz avqust ayında qarşılaşmışdılar. 11 il əvvəl 3 cavabsız qolla məğlub olan asiyalılar ikinci cəhddə 2:0 hesabı ilə qalib gəlmişdilər.
Millimizlə oyun Özbəkistan yığması üçün yubileylə əlamətdar oldu. Ilk rəsmi matçını 1992-ci ildə keçirən asiyalılar 200-cü rəsmi oyununa çıxdılar.
Rəqibimiz "Bakcell Arena”dakı qarşılaşmayadək 199 qarşılaşma keçirmişdi. Bu görüşlərdə Özbəkistan komandası 85 qələbə qazanmış və 44 dəfə heç-heçə ilə kifayətlənmişdi. 70 dəfə uduzan Asiya təmsilçisi top fərqində bu cür göstəriciyə malik idi - 347:258.
Bakıdakı oyun iki ölkə təmsilçilərinin də yubiley qarşılaşması oldu. Belə ki, indiyədək 9 dəfə üz-üzə gələn Azərbaycan və Özbəkistan yığmaları 10-cu dəfə münasibətlərinə aydınlıq gətirdilər. Millimiz tarixində ən çox qarşılaşdığı rəqibə 4 dəfə qalib gəlmişdi. 3 dəfə heç-heçə qeydə alınmış, asiyalılar 2 dəfə qələbə qazanmışdılar. Top fərqində də yığmamız öndə olması ilə seçilirdi - 11:10.
Matçdan bir neçə saat əvvəl Azərbaycan yığmasının yoldaşlıq oyunu üçün start heyəti məlum idi. Almaniyalı baş məşqçi Berti Foqts mayın 28-də ABŞ-la keçirilmiş matçla müqayisədə bəzi dəyişikliklərə əl atdı.
Ümumilikdə, ilk "11-lik”də 4 futbolçu dəyişikliyi nəzərə çarpırdı. Qapıda Səlahət Ağayevə şans verən Foqts Kamran Ağayevə əvəzolunmaz olmadığını göstərdi. Milli ilə müqayisədə klublarda o qədər də sabit çıxış etməyən K. Ağayev son vaxtlar zədədən də əziyyət çəkirdi. Bütün bunlar da baş məşqçinin seçiminə təsir etdi.
Müdafiənin mərkəzində Ruslan Abışovla Rasim Ramaldanov qərarlaşdı. Yeni mövsümdə "Xəzər Lənkəran”ın heyətinə düşməkdə çətinlik çəkən R. Ramaldanovun start heyətində yer almasını gözlənilməz saymaq olmazdı.
Hər halda, bu cütlük də, müdafiənin cinahlarında yer alan komandanın kapitanı Mahir Şükürovla Ufuk Budak da ABŞ-la görüşə də ilk dəqiqələrdən başlamışdılar. Amma həmin oyunda R. Abışov dayaq yarımmüdafiəçisi kimi çıxış etmiş, arxada isə Elvin Yunuszadə yer almışdı.
3 ay əvvəlki oyunda yarımmüdafiə xəttində yer alanlardan yalnız Vaqif Cavadov öz yerində mübarizə aparırdı. Qara Qarayev və Elvin Yunuszadə klubları UEFA Avropa Liqasında oynadığından, Abdulla Abatsiyev isə ehtiyatda qaldığından meydanda olmadı.
Əvəzində "Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev yenidən start heyətində çıxış etdi. Dmitri Nazarovla Tuğrul Erat da bu dəfə "11-liy”ə düşməyi bacardı.
Hücum xəttində neçə vaxtdır dəyişməz qalan cütlük mübarizə aparırdı. Belə ki, Berti Foqts ön xətdə yenə Rauf Əliyevlə Rüfət Dadaşova yer vermişdi.

Oyun qonaqların hücumları ilə başladı. Lakin rəqib futbolçuların son anlarda qeyri-dəqiqliyi hesabın dəyişməsinə mane olurdu. Tədricən ərazi üstünlüyünü ələ keçirən təmsilçimiz ilk hissədə qol vurmaq üçün əla imkan qazandı. Sağ cinahdan təşkil olunmuş hücum zamanı Mahir Şükürovun ötürdüyü topu Vaqif Cavadov qapıya vursa da, rəqib qapıçı zərbəni dəf etdi. İkinci hissə də millimizin ərazi üstünlüyü ilə keçdi. Lakin hesab açılmadı.
Beləliklə, yığmamız bu il evdə keçirdiyi ilk matçında heç-heçə ilə kifayətləndi. Millimizin növbəti yoldaşlıq oyunu səfərdə Rusiya komandasına qarşı olacaq.

Oyundan sonra

Berti Foqts:
"Futbolçularda
yorğunluq hiss olunurdu”

- Oyun haqda fikirlərinizi bilmək istərdik.
- Bu oyundan razı qala bilmərəm. Futbolçularda yorğunluq hiss olunurdu. Çoxlu səhvlər gördüm. Qol vurmaq üçün vəziyyətlətimiz olsa da, fərqlənmək üçün heç nə edə bilmədik.

- Yeni sınadığınız futbolçulardan bəyəndikləriniz oldumu?
- 100 faiz razı qala bilmərəm. Bizim Rusiya millisi ilə də yoxlama görüşümüz var. Bu futbolçuları hələ mətbuatda tənqid etməyəcəyəm. Onların özlərinə səhvlərini başa salmağa çalışacağam.

- Dmitri Nazarovu kimin əvəzinə komandaya gətirməyi planlaşdırırsınız?
- Ona 90 dəqiqə şans verdim. Cəmi 3 məşq keçmişdi. Oyunda onun nəyə qadir olduğunu görmək istəyirdim.

- Rusiya yığması ilə görüşdə bu heyətdən yararlanacaqsınız, yoxsa "Qarabağ” və "Neftçi”nin futbolçularına da şans veriləcək?
- Sözsüz ki, "Qarabağ” və "Neftçi” klublarının futbolçuları da heyətdə yer alacaq.

- "Qarabağ” və "Neftçi”nin futbolçularından ən çox kimin yeri görünürdü?
- Heç kimin. Mən bugünkü heyəti yoxlamaq istəyirdim.

- Kiyan Soltanpuru meydana niyə buraxmadınız?
- Çünki əvəzetmə limitimiz başa çatmışdı. 6 oyunçu əvəzləyə bilərdik. Emin Nuri zədələndiyi üçün Elnur Allahverdiyevi məcburən meydana buraxdıq.

- Millidə 4 futbolçudan başqa, himni oxuyan yox idi...
- Mən də Almaniya millisində çıxış edəndə himni oxumurdum. Belə çıxır ki, mən pis adamam? Gəlin, vətənpərvərliyimizi, Azərbaycanı sevdiyimizi himnlə göstərməyək.


Mircəlal Qasımov:
"Azərbaycan yığması texniki cəhətdən çox güclüdür”

- Hava çox isti idi. Ona görə də, ilk hissənin sonunda komanda müdafiəyə çəkildi. Yarımmüdafiədə səhvlərə yol verdik. Topa nəzarət etmək çətin idi. Asiya oyunlarına tam hazır olduğumuzu artıq söyləyə bilərik. Yenə düşünürəm ki, Azərbaycan yığması texniki cəhətdən çox güclüdür. Bu yoldaşlıq oyununda ola bilər ki, texnika nümayiş etdirmək mümkün olmasın. Biz başqa ölkədə oynadığımızı hiss etmədik. Çünki bizi azarkeşlərimiz yaxşı dəstəklədi. Oyundan əvvəl saytlarımızdan birində tənqid olunmağım təbiidir. Heç kəs ikinci heyəti görmək istəmir. Bunu təbii qarşılamaq lazımdır.