FİFA milli komandaların avqust ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb. 2014-cü ildə açıqlanan səkkizinci cədvələ, əsasən, siyahıda ciddi dəyişikliklər olmayıb. Buna da səbəb ötən 4 həftədə o qədər də çox matçın keçirilməməsidir.
Turnir cədvəlinə son dünya çempionu Almaniya yığması başçılıq edir. Almanların aktivində 1736 xal var. 2-ci yerdə Argentina yığması qərarlaşıb. 2 dəfə dünya çempionu olan argentinalılar liderdən nə az, nə də çox, düz 132 xal geri qalmaqla bu pillədədir (1604 xal). İlk "üçlüy”ü Hollandiya millisi qapayır. Hollandların aktivində 1507 xal var.
İlk "onluq”da Kolumbiya (1495 xal), Belçika (1407 xal), Uruqvay (1316 xal), Braziliya (1241 xal) ilə birlikdə 1 pillə irəliləyən İspaniya (1241 xal), İsveçrə (1218 xal) və Fransa (1212 xal) komandaları yer alıblar.
Azərbaycan milli komandası ötən reytinqlə müqayisədə, digər əksər komandalarda olduğu kimi, mövqeyi dəyişməyib. Ötən ay 73-cü yerdə qərarlaşan komandamız mövqeyini qorumaqla tarixinin ən yaxşı nəticəsini təkrarlayıb. Millimiz bu dəfə hesabını 3 xal artırsa da, irəliləməyə müvəffəq olmayıb. Hazırda Berti Foqtsun yetirmələrinin aktivində 413 xal var. Qeyd edək ki, komandamız UEFA-nın reytinq cədvəlində 37-ci yerdədir.
EURO-2016-nın seçmə mərhələsindəki rəqiblərimizə gəlincə, qrupda ən yaxşı göstərici İtaliya millisinə məxsusdur. Appenin təmsilçisi ötən aydakı mövqeyini qoruyub. İtalyanlar 1069 xalla 14-cü pillədə qərarlaşıblar. Xorvatiya millisi irəliləyənlər sırasındadır. "Damalalılar” 1 pillə irəliləyərək, 964 xalla 16-cı pillədə qərarlaşıblar. Digər rəqibimiz Norveç yığması mbvqeyini qorumaqla diqqət çəkib. Norveçlilər 512 xalla 53-cü yerdədir. Bolqarıstan yığmasıda ötən ayla müqayisədə, mövqeyində qalıb. Bolqarlar 429 xalla 72-ci yerdədirlər. Malta komandası isə mövqeyindəki ən pis yeri tərk etməyib. Qrupun reytinqdəki autsayderi olan "cırtdanlar” 143 xalla siyahıda 150-ci olub.
Yoxlama oyunlarındakı rəqiblərimizdən Rusiya 899 xalla 23-cü, Özbəkistan 528 xalla 51-cidir. Avqustun 20-də qarşılaşdığımız özbəklər 1 pillə irəliləyibsə, sentyabrın 3-də qarşılaşacağımız rəqibimizin mövqeyi dəyişməz qalıb. Qonşu Türkiyə yığması isə 711 xalla 32-cidir.
Qeyd edək ki, növbəti reytinq cədvəli sentyabrın 18-də açıqlanacaq.
1 (1). Almaniya 1736
2 (2). Argentina 1604
3 (3). Hollandiya 1507
4 (4). Kolumbiya 1495
5 (5). Belçika 1407
6 (6). Uruqvay 1316
7-8 (8). İspaniya 1241
7-8 (7). Braziliya 1241
9 (9). İsveçrə 1218
10 (10). Fransa 1212
11 (11). Portuqaliya 1152
12 (12). Çili 1100
13 (13). Yunanıstan 1092
14 (14). İtaliya 1069
15 (16). Kosta-Rika 1023
16 (17). Xorvatiya 964
17 (18). Meksika 942
18 (15). ABŞ 937
19 (19). Bosniya və Hers. 925
20 (20). İngiltərə 915
...53 (53). Norveç 512
...72 (72). Bolqarıstan 429
...73 (73). AZƏRBAYCAN 413
...150 (150). Malta 143