Millimizlə yoldaşlıq oyununa görə təqvim dəyişdi

Millimizlə yoldaşlıq oyununa görə təqvim dəyişdi

Azərbaycan millisinin sentyabrın 3-də Rusiya ilə keçirəcəyi yoxlama görüşü qonşu ölkənin çempionatının təqviminə təsir edib. Rusiyada Premyer Liqanın təqvimi dəyişikliyə məruz qalıb.
Belə ki, VI turun "Lokomotiv” - "Zenit” matçının vaxtı dəyişdirilib. Qarşılaşma sentyabrın 1-də keçirilməli olsa da, Rusiya millisinə futbolçu verən klubların görüşü avqustun 31-də təşkil olunacaq. Buna səbəb yığma üzvlərinin Azərbaycanla matçdan 2 gün əvvəl meydana çıxmasının düzgün sayılmaması olub.
Qeyd edək ki, IV turun oyunlarının avqustun 29-31-də keçiriləcək Topaz Premyer Liqasından fərqli olaraq, Rusiyada bir görüş sentyabrın 1-də keçiriləcək. Bu da "Krasnodar”la "Dinamo” arasındakı görüşdür.
Yeri gəlmişkən, sentyabrın 3-də Moskvada Rusiya - Azərbaycan yığmaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun başlanma vaxtı müəyyənləşib.
Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.
Qeyd edək ki, matç "Ximki Arena”da təşkil olunacaq.