Madridin "Real” klubu Anxel di Marianı satmaq niyyətindədir. Lakin bu məsələ komandanın təcrübəli və nüfuzlu futbolçuları tərəfindən heç də birmənalı qarşılanmayıb. Belə ki, Kriştiano Ronaldo və Serxio Ramos "Real”-ın prezidenti Florentino Peresə müraciət edərək Di Mariyanın "kral klubu”nda saxlanılmasını istəyiblər. Hələlik Peresin bu müraciətə nə cür münasibət göstərdiyi bilinmir.
Argentinalı futbolçu Di Mariya İspaniya Superkuboku uğrunda keçirilən "Real”- "Atletiko” qarşılaşmasında əvəzetmə ilə meydana çıxıb. O, klubun azarkeşləri tərəfindən alqışlarla qarşılanıb. Məlum olub ki, madridli fanatlar da Anxelin satılmasının əleyhinədirlər. "Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçinin hələlik bu klubda qalacağını deyib. Qeyd edək ki, Fransanın PSJ komandası Di Mariya ilə çox ciddi maraqlanır. Həmçinin "Liverpul” və "Mançester Yunayted” klubları da Anxeli heyətə cəlb etmək arzusundadırlar.
Xatırladaq ki, bu il Braziliyada keçirilən futbol üzrə dünya çempionatında Anxel di Mariya Argentina millisinin finala qədər irəlləməsində əlindən gələni əsirgəməyib. Lakin zədələndiyi üçün final mərhələsində çıxış edə bilməyib.