“Qarabağ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynayacaq

“Qarabağ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynayacaq


Ötən həftə UEFA Avropa Liqasının təsnifat mərhələrinə yekun vurulub. Ölkəmizi turnirdə təmsil edən "Neftçi” ilə "Qarabağ” növbəti oyunlarını keçiriblər. "Ağ-qaralar” evdə Serbiyanın "Partizan”, ağdamlılar isə səfərdə Hollandiyanın "Tvente” klubları ilə qarşılaşıblar. Hər 2 təmsilçimizin qrup mərhələsinə vəsiqə qazanmaq şansı olsa da, vəsiqə yalnız bir klubumuza qismət olub. "Qarabağ” səfərdən sərfəli nəticə ilə qayıdaraq, tarixində ilk dəfə qrup mərhələsinə yüksəlib.


"Ağ-qaralar” avrokuboklarda mübarizəni dayandırdı

UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
"Neftçi” - "Parizan” (Serbiya) - 1:2 (0:1)
Qollar: Vobay, 58 - Şkuletiç, 24; 90+2.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov, 90. Ernest Nfor.
Partizan: 25. Milan Lukaç, 4. Miroslav Vuliçeviç, 5. Nemanya Petroviç, 6. Voyislav Stankoviç (k), 30. Branko İliç, 8. Darko Braşanaç, 14. Petar Qrbiç, 17. Andrey Jivkoviç, 18. Nikola Drinçiç, 27. Danko Lazoviç, 32. Petar Şkuletiç.
Qırmızı vərəqə: Nfor, 86; Ramos, 90, Caue, 90 - Şkuletiç, 90.
Baş hakim: Robert Şorgenhofer (Avstriya).
28 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:3

Azərbaycan kubokunun qalibi "Neftçi” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün son matçına çıxıb. Serbiyanın "Partizan” klubu ilə Bakıdakı cavab oyunu paytaxt təmsilçisinin taleyinə aydınlıq gətirib. Avropada yoluna davam etmək, tarixində ikinci dəfə qrupda çıxış etmək üçün "Neftçi” qalib gəlməli idi. Amma komandamız öz meydanında 1:2 hesabı ilə məğlub olaraq, qrup mərhələsinə yüksələ bilməyib.
Oyun rəqibin hücumları ilə başlayıb. Matçın 13-cü dəqiqəsində Drinçiçinin cərimə zərbəsindən vurduğu topda azacıq dəqiqlik çatmayıb. Az sonra təmsilçimiz bunun cavabını qolla verə bilərdi. Lakin Nforun gözəl zərbəsini rəqib qapıçı çətinliklə dəf edib. Hücumlarını davam etdirən Serbiya təmsilçiləri hesabda önə keçməyi bacarıblar. Oyunun 24-cü dəqiqəsində Şkuletiç qapıçı ilə təkbətək çıxaraq topu qapıdan keçirib - 0:1. Bundan sonra özlərini itirməyən meydan sahibləri hesabı bərabərləşdirmək üçün irəli atılıblar. Vobayın uzaq məsafədən zərbəsində azacıq dəqiqlik çatmayıb.
İkinci hissə "Neftçi”nin hücumları ilə başlayıb. Rəqibi qapısına doğru sıxışdıran "ağ-qaralar” hesabı bərabərləşdirməyə müvəffəq olublar. Oyunun 57-ci dəqiqəsində Denis Silvanın ötürməsindən sonra zərbə mövqeyinə çıxan Vobay uzaq küncü dəqiq nişan alıb. Bundan sonra "Neftçi”nin növbəti mərhələsinə çıxması üçün 1 qola ehtiyac vardı. Hücumlarını davam etdirən Böyükağa Hacıyevin yetirmələri hesabda önə keçə bilərdilər. Lakin Kanalesin iti bucaqdan zərbəsini rəqib qapıçı dəf edib. Rəqib komanda bunun cavabını qolla verə bilərdi. Şkuletiçin uzaqdan vurduğu təhlükəli zərbənin qarşısını qapıçı Stamenkoviç alıb.
Matçın sonları daha dramatik alınıb. Belə ki, oyunun 85-ci dəqiqəsində Nfor kobud oyuna görə ikinci sarı vərəqə ilə meydandan çıxarılıb. Bundan sonra oyununu itirən "neftçilər” qapısında növbəti qolu da görüblər. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə müdafiçilərin səhvindən sonra topu ələ keçirən Şkuletiç komandasının qələbə qolunu vurub. "Neftçi” qapısından ikinci qolu buraxandan sonra iki komandanın oyunçuları arasında dava düşüb. Hakim "Neftçi”nin 2, "Partizan”ın isə 1 oyunçusuna qırmızı vərəqə göstərib.
Beləliklə, 2 oyunun nəticəsinə görə 3:5 hesabı ilə məğlub olan "Neftçi” avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilməyib.

Oyundan sonra
Marko Nikoliç ("Partizan” klubunun baş məşqçisi): "”Neftçi”yə qonaqpərvərliklərinə görə öz təşəkkürümü bildirirəm. Meydançanın durumunu və hava şəraitini nəzərə alaraq oynamaq çətin idi. Oyuna yaxşı başladıq. Topa nəzarəti ələ keçirdik və 1 qol vurduq. İkinci hissədə oyunumuzda canlanma yox idi. Saşa İliçi meydana buraxdıqdan sonra bir qədər oyunumuzu düzəltdik. "Neftçi”ni əzmkar oyuna görə təbrik edirəm. Hər iki komanda bu meydança amilinə görə əziyyət çəkdi. "Neftçi” daha çox hava toplarından yararlanırdı. Meydança yaxşı olsa idi, komandalar daha yaxşı oyun göstərərdilər. İkinci hissədə çox əziyyət çəkdik. 3 saatlıq fərq bizə təsir edirdi. "Neftçi” Serbiyaya 2 gün əvvəl gəlmişdi, deyə, mühitə tez öyrəşmişdi. Biz isə, 1 gün əvvəl Bakıya gəlmişdik”.

Böyükağa Hacıyev ("Neftçi” klubunun baş məşqçisi): "Bu oyunda hamı bizdən qələbə gözləyirdi. Futbolda belə sürprizlər olur. Sizləri sevindirə bilmədiyim üçün üzr istəyirəm. Nfor qırmızı vərəqə almasa idi, belə olmayacaqdı. Bu gün qismətimizdə qələbə qazanmaq yox imiş. İstefam haqqında söhbət gedə bilməz. Bu gün "Neftçi”nin pley-offa kimi gəlməsi özü də yaxşı haldır. İndi qrupa düşməyimiz alınmadı. Bertuççi öz zonasında boşluqlara yol verirdi. Ona görə də ehtiyatda qaldı. Məqsəd İsayevin bir qədər zamana ehtiyacı var. O, Azərbaycan çempionatı üçün tam hazırdır. Bertuççi həddindən artıq iddialı futbolçudur. O, Braziliya U-21-də oynayıb. Amma çox təəssüf ki, o, ümidləri yenə doğrultmadı. Bu, mənim səhv əvəzetməm idi. Flavinyo bu il avrokubok oyunlarında heç vaxt mənim ümidlərimi doğrultmayıb. Vobay isə istənilən rəqib üçün baş bəlasıdır. O özü əvəzlənməyini istədi. Belə oyunlardan sonra mənim üçün Azərbaycan çempionatı heç bir maraq doğurmur”.

Ağdamlılar isə yola davam edirlər



UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
"Tvente” (Hollandiya) - "Qarabar” - 1:1 (1:0)
Qollar: Kastaynos, 38 - Muarem Muarem, 51.

Tvente: 1. Nik Marsman, 2. Kuko Martina, 3. Andreas Byelland (k), 4. Darril Laxman, 5. Robbert Bilder, 8. Kayl Ebesilio, 22. Kamohelo Mokotjo, 7. Yuness Moxtar, 10. Hakim Ziyex, 30. Luk Kastaynos, 33. Kasper Kusk.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 70. Çumbinyo, 17. Vüqar Nadirov.
Baş hakim: Paolo Silvio Mazzoleni (İtaliya).
28 avqust. Enshede. "Tvente” stadionu.
İlk oyun - 0:0

"Qarabağ” isə səfərdə Hollandiyanın "Tvente” klubu ilə qarşılaşıb. Ağdamlılara səfərdə qollu heç-heçə də kifayət edirdi. Tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq şansı olan "Qarabağ” arzusunu gerçəkləşdirib. Azərbaycan çempionu Avropa Liqasının pley-off mərhələsini adlayıb. Bakıda qolsuz heç-heçə ilə kifayətlənən "Qarabağ” səfərdə "Tvente” ilə 1:1 hesablı heç-heçə əldə edib.
Özlərini qonaq kimi aparmayan ağdamlılar matçın ilk dəqiqələrindən hücumlara atılıblar. Belə ki, oyunun 12-ci dəqiqəsində "Qarabağ”ın futbolçuları rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaradıblar. Lakin Reynaldonun ötürməsini Çumbinyo qola çevirə bilməyib. Az sonra Reynaldonun özü fərqlənməyə yaxın olub. Lakin onun zərbəsini rəqib qapıçı dəf edib. Hollandlar bunun cavabını qolla verə bilərdilər. Amma Moktanın zərbəsi qapı dirəyinə dəyib. Az sonra Lahmanın vurduğu topu rəqib qapıçı Şehiç dəf edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda azarkeşlər hər iki komandanın ifasında təhlükəli hücumların şahidi olublar. Oyunun 37-ci dəqiqəsində Riçard Almeydanın təhlükəli zərbəsi qapı dirəyinə tuş gəlib. Qol vəziyyətindən lazımınca istifadə edə bilməyən ağdamlılar qapılarında qol görüblər. Komanda yoldaşından əla ötürmə alan Kastaynos qapını dəqiq nişan alıb. İlk hissə rəqibin minimum hesablı qələbəsi ilə başa çatıb.
İkinci hissə "Qarabağ”ın hücumları ilə başlayıb. Bunun nəticəsində təmsilçimiz hesabı bərabərləşdirməyə müvəffəq olub. Sol cinahdan təşkil olunmuş hücum zamanı komanda yoldaşından ötürmə alan Muarem rəqib futbolçuların əhatəsində topu qapıya vurub - 1:1. Vurulan qol "Qarabağ” üçün tarixi əhəmiyyət kəsb edib. Belə ki, bu qol "Qarabağ”ın avrokuboklarda vurduğu 50-ci qol olub. Bu top həm də Avropa Liqası turnirində 40-cı olub. Digər 10 qoldan 7-si Çempionlar Liqası, 1-i Kuboklar kuboku, 2-si İntertoto kubokunda vurulub. Kuboklar kubokundakı yeganə qol ilk kimi də tarixdə qalıb. 1996-cı il avqustun 22-də Finlandiyada "MüPA”nın qapısına vurulan qol "Qarabağ”ın avrokuboklardakı 1-ci qolu idi. Bəxtiyar Musayevin vurduğu həmin qoldan 18 il sonra ağdamlıların 50 -ci qolunu Muarem vurub. Qeyd edək ki, 50 qolun müəllifləri arasında rekordçu 7 dəfə rəqib qapılarına yol tapan Reynaldodur.
1:1 hesablı nəticə ağdamlıların növbəti mərhələyə yüksəlməsi üçün yetərli idi. Buna görə də, Ağdam təmsilçisi müdafiəyəyə daha çox fikir verərək, hesabı qorumağa çalışırdı. Həmyerlilərimiz ara-sıra hücumlara atılıb rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdılar. Belə hücumların birində Reynaldo qol imkanından lazımınca istifadə edə bilməyib. Oyunun sonlarında rəqib komanda hücumlara atılıb. Lakin onların hücumlarında qapıçımız Şehiç inamlı çıxışı ilə yadda qalıb.
Nəticədə, Azərbaycan futbolu tarixində ikinci dəfə təmsilçimiz avrokubokların qrup mərhələsinə düşüb. Bu uğura Ağdamın "Qarabağ” klubu imza atıb. Azərbaycan çempionu 2012/13-cü illər mövsümündə eyni nailiyyətə imza atan "Neftçi”dən sonra ikinci komandamızdır. Maraqlıdır ki, "Qarabağ” da qrupa "Neftçi” kimi düşüb. Yəni hər iki komanda Azərbaycan çempionu kimi yarışa başlayıb. Çempionlar Liqasının II təsnifat mərhələsini keçən təmsilçilərimiz növbəti raundda uduzublar. Bundan sonra isə Avropa Liqasına düşən klublarımız ikinci dərəcəli turnirin pley-offunda seviniblər.

Oyundan sonra
Alfred Şreyder ("Tvente”nin baş məşqçisi): "İlk hissədə hesab 1:0 idi. Amma 2:1, 3:1 də ola bilərdi. İkinci hissənin əvvəlində də ciddi heç nə baş vermirdi. 1:1 hesabından sonra hər şey dəyişdi. Biz o qədər də çox qol vəziyyəti yaratmadıq. "Qarabağ” çox gözəl komandadır. Qol onlara əlavə qüvvə verdi. Rəqibimiz fiziki cəhətdən bizdən yaxşı komandadırlar. Biz adət etdiyimizdən fərqli oyun gördük. Avropadakı oyunlar böyük məktəbdir. Çox təəssüf ki, qrup mərhələsinə keçə bilmədik”.