“Baku United” klubu UEFA futzal kubokunda mübarizə aparır

“Baku United” klubu UEFA futzal kubokunda mübarizə aparır

Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu” təşkilatının təsisçisi olduğu İngiltərə çempionu "Baku United” klubu UEFA futzal kubokunun ilkin mərhələsində uğurlu çıxışını davam etdirir.
"Baku United” yarışın ilk mərhələsində "B” qrupunda Bosniya və Herseqovinanın "Sarayevo”, İsveçin "Malmö siti” və Qibraltarın "Qibraltar skorpionz” klubları ilə mübarizə aparıb.
Avqustun 27-də keçirilən ilk oyunda bakılıların rəqibi Qibraltar təmsilçisi olub. Oyun "Baku United”in tam üstünlüyü şəraitində keçib və komandamız rəqibinə heç bir şans verməyərək 10:0 hesabı ilə qalib gəlib.
"Baku United” klubu ikinci görüşdə isə İsveç çempionu "Malmö siti” komandasını eyni hesabla məğlub edib -10:0.
Bakılıların heyətində qolları rəqib qapısından Tobe (3), Aqon (2), Marcelo, Xose Karlos, Keni, Karlos Munyoz və Poulinyo keçiriblər.
İki oyundan sonra altı xal toplayan "Baku United” komandası "B” qrupuna başçılıq edir.