21 yaşınadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlara start verilib. Azərbaycan yığmasının yer aldığı 8-ci qrupda 1 qarşılaşma təşkil olunub.
Bernard Lippertin yetirmələri son ev oyununa çıxıblar. Millimiz qrupda 2-ci pillədə qərarlaşan İsrail yığmasını sınağa çəkib. Yığmamız səfərdə uğradığı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. İsraildə 2:7 hesabı ilə uduzan komandamız böyükhesablı məğlubiyyətin qisasını almağa çalışıb. Çünki sonuncu pillədən qurtulmaq iddiasında olan yığmamız üçün istənilən xal çox dəyərli idi.
Millimiz lazım olan qələbəni qazanıb. Ağabala Ramazanov hesabı açdıqdan sonra Rəhman Hacıyev 2 qol vurub. Nəticədə, millimiz rəqibini böyük hesabla məğlub edib. Bu qələbə sayəsində həmyerlilərimiz xallarını 7-ə çatdıraraq, 4-cü pilləyə yüksəliblər.
Yeri gəlmişkən, U-21 baş məşqçisi Bernard Lippertə yubiley bəxş ediblər. Qazanılan qələbə almaniyalı üçün 5-ci olub. Komandadan ayrılacağını açıqlayan Lippert 5-ci qələbə sevincini son ev oyununda yaşayıb. Bu qarşılaşma onun U-21-də 26-cı oyunu kimi tarixə düşüb. Əvvəlki 25 matçda almaniyalı 4 qələbə, 5 heç-heçə və 16 məğlubiyyət görüb. Onun yetirmələri 21 qol vurub, 53-nü buraxıb. Bütün bu göstəricilər yalnız seçmə oyunlarına aiddir. Ümumilikdə isə, İsraillə oyun seçmə mərhələlərdə yığmamızın keçirdiyi 81-ci matç olub. İndiyədək hesabında cəmi 8 qələbə və 13 heç-heçə olan millimiz 59 dəfə uduzmuşdu. Bu qarşılaşmalarda futbolçularımız 40 top vurmuş, öz qapısından 188-ni buraxmışdı.
Oyundan sonra
Mixael Ness (İsrail milli komandasının baş məşqçisi): "İlk oyunla müqayisədə, bu gün Azərbaycan yığması əla təsir bağışladı, əvvəlki oyunlarda belə çıxış etmirdilər. Amma bu dəfə fərqli oyun sərgilədilər. Ola bilər, komandam bir qədər arxayın idi. Lakin biz Azərbaycandan belə oyun gözləmirdik. Hər iki komanda bir-birini çox yaxşı tanıyırdı. Etiraf edim ki, futbolçularım potensiallarından zəif çıxış etdilər. Bir neçə epizodda bəxtimiz gətirmədi”.
Bernhard Lippert (Azərbaycan milli komandasının baş məşqçisi): "Bu oyuna təzyiq altında çıxdıq. Çünki ilk oyunda rəqibə böyük hesabla uduzmuşduq. Etiraf edim ki, bu, karyeramdakı ən biabırçı məğlubiyyət idi. Müdafiədə etibarlı oynadıq, eləcə də rəqibi əks hücumlarda cəzalandırdıq. Təbii ki, qələbə qazandığımız üçün çox şadam. Amma hesab arasındakı fərq daha böyük ola bilərdi. Xeyli qol vəziyyəti yaratsaq da, bundan faydalana bilmədik”.
Avropa çempionatının seçmə oyunu
8-ci qrup
Azərbaycan - İsrail - 3:0 (2:0)
Qollar: Ağabala Ramazanov, 22, Rəhman Hacıyev, 31; 87.
Hakimlər: Andris Treymanis, Aleksey Spasionikov, Raymonds Tatriks, Vitali Spasionnikov (hamısı Latviya).
3 sentyabr. Bakı. "Dalğa Arena” stadionu.