Son çempion isə hələ də qələbə qazana bilmir
Ötən həftə Topaz Premyer Liqasında IV turun oyunlarına yekun vurulub. 3 gün davam edən tur Lənkəranda start götürüb. Bu tur liderin dəyişməsi ilə əlamətdar olub.
İlk oyun günü bir oyun təşkil edilib. Lənkəranda "Xəzər Lənkəran”la "İnter” qarşılaşıb. Cari mövsümə çox pis başlayan cənub təmsilçisi ilk qələbəsini qazanmaq arzusunda idi. "Bankçılar” isə tura lider kimi başlamışdılar və zirvədəki yerlərini qorumaq ümidində idilər. Oğuz Çətinin komandası, nəhayət bu turda əsas rəqiblərindən birinə qalib gəlməyi bacarıb. Erkən qol buraxan paytaxt təmsilçisinin sonrakı dəqiqələrdə fəallığı bəhrəsini verməyib. Beləliklə, "ağ-yaşıllar” uğursuz gedişata son qoya biliblər. "İnter” isə zirvəni əldən verməli olub.
Çünki cari mövsüm məhz "Xəzər Lənkəran”a səfərdə qalib gələn, "Qarabağ”a 0:3 hesabı ilə uduzmasına baxmayaraq, texniki qələbəyə sevinən "Sumqayıt” bu tur daha bir zəfərə sevinib. Düzdür, Aqil Məmmədovun komandası əvvəlki turda "İnter”ə bböyük hesabla uduzmuşdu. Görünür, elə həmin məğlubiyyətin əvəzini çıxmaq istəyinin də "Araz Naxçıvan”la ev oyunundakı qələbədə müəyyən payı vardı. Baxmayaraq ki, sumqayıtlıların bu qələbəsi Naxçıvan təmsilçisinin düşərgəsində böyük narazılıqlara səbəb olub. Muxtar Respublika təmsilçisinin rəsmiləri hakim səhvlərindən şikayət edib. Hər halda, "Sumqayıt”ın baş məşqçisinin dediyi kimi, hazırda bir reallıq var, o da "Sumqayıt”ın Premyer Liqamızın lideri olmasıdır.
Maraqlı nəticələrdən biri də Qəbələdə qeydə alınıb. Yerli "Qəbələ” doğma azarkeşlər önündə AZAL-ı sınağa çəkib. "Təyyarəçilər” bu tura kimi qələbəyə həsrət idi. İlk turda "İnter”ə məğlubiyyətinin ardından ardıcıl iki qələbəyə sevinən Dorinel Muntyanunun komandası isə uğurlu çıxışını davam etdirmək istəyirdi. Amma paytaxt təmsilçisi böyük əzmkarlıq nümayiş etdirərək heç kimin gözləmədiyi halda bu çətin səfərdən qələbə ilə qayıtmağı bacarıb. Nəticədə, "Qəbələ”nin qeyri-sabit çıxış etdiyi bir daha təsdiqini taparkən, Tərlan Əhmədovun komandası da ilk dəfə 3 xal qazanmağın sevincini yaşayıb.
"Neftçi” yeni mövsümə uğurlu başlayan "Simurq” klubunu qəbul edib. Avroliqadakı çıxışını başa vurduqdan sonra bütün diqqətini Premyer Liqaya yönəldən paytaxt təmsilçisi hər hissənin ilk dəqiqələrində vurduğu qollar sayəsində qələbə qazanıb. Böyükağa Hacıyevin bu oyunda Ernest Nforun xidmətindən ümumiyyətlə yararlanmaması isə diqqətçəkən məqam olub. Zaqatala klubunun uğurlu seriyası isə qırılıb. Bir oyunu təxirə salınan Georgi Çixradzenin komandası cari mövsümdə ilk dəfə xal itirib: özü də məğlubiyyətlə. Bununla da Premyer Liqanın elə 4-cü turundan etibarən məğlubiyyətsiz komanda statusu daşıyan təmsilçisi qalmayıb.
Yeri gəlmişkən, tur "Neftçi”nin futbolçusu Flavinyo üçün yubileylə əlamətdar olub. Braziliyalı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində 150-ci oyununu keçirib. "Simurq”la qarşılaşmayadək 149 görüşə çıxan legioner kapitanı olduğu komandanın 2:1 hesablı qələbəsinə şahid olub. Ötən mövsüm 100-cü çempionat matçını keçirən Flavinyo ölkə kuboku, avrokuboklar və Superkubokla birlikdə növbəti yubileyini qeyd edib. "Neftçi”nin hazırkı heyətində bu göstəricidə 1-ci olan braziliyalı qarşılaşmalarda 36 dəfə fərqlənib.
Tura "Qarabağ” - "Bakı” klublarının qarşılaşması ilə yekun vurulub. Bu görüşdə Ağdam təmsilçisinin asan qələbə qazanacağını gözləyənlər çox idi. Amma "Qarabağ” hesabı çox çətinliklə, penaltidən açıb. Fasilədən sonra isə əzmkar oyun göstərən "zolaqlılar” ardıcıl iki qol vurmaqla hər kəsi təəccübləndiriblər. Lakin Qurban Qurbanovun komandası əsasən gənclərdən qurulmuş komandaya biabırçı məğlubiyyətdən son anda qurtula biliblər. Nəticədə, qarşılaşma heç-heçə başa çatıb. Son çempion növbəti dəfə xal itkisi ilə üzləşdiyi halda, paytaxt təmsilçisi yeni mövsümdə ilk xalını qazanıb.
Topaz Premyer Liqası
IV tur
29 avqust (cümə)
"Xəzər Lənkəran” - "İnter” - 1:0
Qol: Elnur Abdullayev, 5.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Fərid Məmmədov.
Lənkəran. Mərkəzi şəhər stadionu.
30 avqust (şənbə)
"Qəbələ” - AZAL - 1:2
Qollar: Cavmd Hüseynov, 83 (pen.) - Rəşad Abdullayev, 45+1 (pen.), Kərim Diniyev, 68.
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Ramil Əhmədov.
Qəbələ. Şəhər stadionu.
"Sumqayıt” - "Araz Naxçıvan” - 1:0
Qol: Kiyan Sultanpur, 23.
Hakimlər: Ömər Paşayev, Rza Məmmədov, Coşqun Həsənov, Mahir Məmmədov.
Sumqayıt. "Kapital Bank Arena” stadionu.
31 avqust (bazar)
"Neftçi” - "Simurq” - 2:1
Qollar: Araz Abdullayev, 2, Julius Vobay, 47 - Karlos Kardoso, 54 (öz qapısına).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
"Qarabağ” - "Bakı” - 2:2
Qollar: Çumbinyo, 32 (pen.), Muarem Muarem, 84 - Nurlan Novruzov, 66, Yure Travner, 70.
Bakı. "İnter Arena” stadionu.