Blatter yenidən FİFA prezidenti olmaq istəyir

Blatter yenidən FİFA prezidenti olmaq istəyir


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatter gələn il FİFA-nın yeni rəhbəri vəzifəsinə seçkilərdə iştirak edəcəyini təsdiqləyib. Blatter bunu Mançesterdə "Soccerex” konfransında elan edib.
Blatter konfrans iştirakçılarının gördükləri videomüsahibədə deyib: "Mənim missiyam hələ başa çatmayıb”. Onun sözlərinə görə, sentyabrın 25-26-da FİFA-nın İcraiyyə Komitəsinin iclasında o, öz namizədliyini rəsmən irəli sürəcək. Əgər 79 yaşlı isveçrəli gələn il may ayında keçiriləcək seçkilərdə qalib gələrsə (UEFA-nın prezidenti Mişel Platini Blatterə rəqib olmaqdan imtina edəndən sonra Blatterin qələbə şansı çox böyükdür), o, artıq beşinci dəfə FİFA-ya rəhbərlik etməli olacaq.
Xatırladaq ki, Blatter FİFA-nın prezidenti vəzifəsinə ilk dəfə 1998-ci ildə seçilib.
Seçkilərdə Blatterin yeganə rəqibi FİFA-nın baş katibinin keçmiş müavini Jerom Şampandır.