Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başladı

Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başladı

Sentyabrın 9-da Azərbaycan milli komandası EURO-2016-nın seçmə mərhələsində mübarizəyə qoşulub. Berti Foqtsun rəhbərlik etdiyi yığma yeni seçmə mərhələyə Bakıda təşkil olunan ev oyunu ilə start verib. İlk dəfə EURO-1996-nın seçmə mərhələsində çıxış edən komandamızın rəqibi Bolqarıstan millisi olub. "Bakcell Arena”da təşkil olunan qarşılaşmada komandamız uduzub. İlk hissədə qapısından top buraxan yığmamız ikinci hissədə hesabı bərabərləşdirib. Lakin oyunun sonuna 3 dəqiqə qalmış, matça ikinci hissədə daxil olan Ventsislav Xrisov komandasını sevindirib.


EURO-2016-nın seçmə mərhələsi
H qrupu
Azərbaycan - Bolqarıstan - 1:2 (0:1)
Qollar: Dmitri Nazarov, 54 - İliyan Miçanski, 14, Ventsislav Xrisov, 87.

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Mahir Şükürov, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 20. Ufuk Budak, 13. Dmitri Nazarov, 7. Vaqif Cavadov, 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev.
Bolqarıstan: 12. Vladislav Stoyanov, 4. Apostol Popov, 5. Nikolay Bodurov (k), 11. Stanislav Manolev, 14. Veselin Minev, 17. Georgi Milanov, 18. Vladimir Qadjev, 21. Svyatoslav Dyakov, 22. Georgi İliyev, 7. Mixail Aleksandrov, 19. İliyan Miçanski.
Hakimlər: Alon Yefet, Danni Krasikov, David Elias Bitton, Nissan Davidi.
Əlavə köməkçi hakimlər: Liran Liani, Roy Reynşreyber (hamısı İsrail).
9 sentyabr. Bakı. "Bakcell Arena” stadionu.

Bolqarlar 10 ildən sonra yenidən Bakıda

İlk dəfə EURO-1996-nın seçmə mərhələsində çıxış edən komandamız qrupda 3 dəfə sonuncu, 2 dəfə 5-ci olub. DÇ-lərin seçmə mərhələsindəki rekordumuzu - 4-cü yeri Avropada da təkrarlamaq, hətta daha yaxşı nəticə göstərmək yolunda ilk matç komandamız üçün böyük əhəmiyyət kəsb edirdi. Bundan sonra iki çətin səfər görüşənə çıxacaq millimiz H qrupunun favoritləri İtaliya və Xorvatiya ilə görüşlər öncəsi müsbət nəticə qazanmağa borclu idi. Yeri gəlmişkən, bu oyun millimizin Bolqarıstanla 2-ci matçı idi. 2004-cü il noyabrın 17-də üz-üzə gələn Azərbaycan və Bolqarıstan milliləri Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmışdılar. Futbolçu kimi əfsanə adını qazanan iki sima - yığmamızın braziliyalı çalışdırıcısı Karlos Alberto Torres və bolqarıstanlı Xristo Stoiçkovun rəhbərlik etdiyi komandalar qalibi müəyyənləşdirə bilməmişdilər - 0:0. Həmin oyun Elmar Baxşıyev, Daniel Axtyamov və Rauf Mehdiyevin yığmamızdakı debütü ilə əlamətdar olmuşdu. Həmin görüşdən 10 il sonra təşkil olunan matça isə komandamızı Berti Foqts çıxarıb. Onun rəhbərliyi altında başladığımız ardıcıl 4-cü seçmə mərhələdəki ilk rəqibimiz də Avropa çempionatlarında uğura həsrət idi. Yalnız bir dəfə - 1996-cı ildə final mərhələsinə yüksələn balkanlılar orada da mübarizəni qrupda dayandırmışdı.
Oyuna rəng qatan daha bir məqam FİFA reytinqi idi. Burada qonşu olan komandalar matçdan asılı olaraq, mövqeyini dəyişə bilərdi. Hazırda Bolqarıstan 72-ci, Azərbaycan isə 73-cüdür. Qələbə qazansa, millimiz FİFA reytinqinin 20 illik tarixində ilk dəfə Bolqarıstandan öndə qərarlaşacaqdı.


İlk "11-lik”də təcrübəlilərə üstünlük verildi

Oyundan bir neçə saat əvvəl Azərbaycan millisinin start heyəti bəlli idi. Berti Foqts seçmə mərhələnin ilk qarşılaşmasına gözlənilən "11-liy”i buraxıb. Heyəti az qala əvvəlcədən bilinən komandamızda yalnız şübhə doğuran mövqelərdə yer alacaq oyunçular sonda bəlli olub. Arxa xətdə də çox şey dəyişməyib. B. Foqts qapını həmişə olduğu kimi yenə Kamran Ağayevə tapşırıb. Müdafiənin mərkəzində "Qarabağ”ın üzvləri qərarlaşıblar. Bunlar yığmamızın kapitanı Rəşad Sadıqov və Bədavi Hüseynov idi. Arxa xəttin cinahları vitse-kapitan Mahir Şükürovla Ufuk Budaka həvalə olunub.
Ruslan Abışovun dayaq yarımmüdafiəçisi kimi oynayacağını öncədən söyləmək olardısa, onun yanında qərarlaşacaq futbolçunu Berti Foqts sonda müəyyənləşdirib. Təcrübəli Rahid Əmirquliyevlə Qara Qarayev arasında seçim edən mütəxəssis "Qarabağ”la avrokuboklarda uğur qazanan sonuncuya güvənib.
Yarımmüdafiənin bir cinahı Vaqif Cavadova həvalə olunub. Digər cinahda Araz Abdullayevlə Dmitri Nazarov "cütlüy”ündən biri yer almalı idi. Almaniyalı yüngül zədəsi olan Arazı ehtiyatda saxlamağa üstünlük verib.
Hücum xəttində isə artıq xeyli müddətdi birgə çıxış edən cütlük mübarizə aparıb. Berti Foqtsun hücum tandemini təşkil edən Rauf Əliyevlə Rüfət Dadaşov seçmə mərhələnin ilk oyununda qol ümidlərimiz olub.

99-cu matçda 71-ci məğlubiyyət

Bolqarıstanla qarşılaşma Azərbaycan yığmasının tarixində 208-ci matç olub. Ilk görüşünü 1992-ci ilin sentyabrın 17-də Gürcüstanla səfərdə keçirən (3:6) komandamız EURO-2016-nın seçmə mərhələsinin startına qədər 207 oyunda qüvvəsini sınamışdı. "Bakcell Arena” stadionundakı qarşılaşmayadək 38 qələbə qazanan yığmamız 56 dəfə heç-heçə ilə kifayətlənmişdi. 113 dəfə meydanı başıaşağı tərk edən millimiz uduzmasa, 95-ci məğlubiyyətsiz oyununa sevinəcəkdi. Komandamızın futbolçuları bu görüşlərdə 146 dəfə rəqib qapısına yol tapmışdılar. Bu qarşılaşmalarda qapıçılarımız 352 topun buraxılmasına üzülmüşdülər.
2014-cü ildə 5-ci qarşılaşmaya çıxan komandamız qol həsrətinə son qoymağa çalışacaqdı. Filippin üzərində 1:0 hesablı qələbədən sonra 3 oyuna çıxan komandamız ABŞ (0:2), Özbəkistan (0:0) və Rusiya (0:4) ilə qarşılaşmalarda qol vura bilməmişdi.
Ümumilikdə 11-ci, Avropa çempionatlarında isə 6-cı seçmə mərhələyə başlayan komandamız əvvəlki seçmə mərhələdə 98 oyun keçirmişdi. 99-cu qarşılaşmaya çıxan millimiz 9 qələbə qazandığından yubiley - 10-cu uğurun astanasında idi. 19 heç-heçəsi olan yığmamız üçün heç-heçə 20-ci kimi tarixə düşəcəkdi. Yığmamız bu matçlarda 70 dəfə uduzmuşdu. Seçmə oyunlarda 50-ci qolun intizarında olan futbolçularımız 48 dəfə fərqlənmiş və qapısında 214 top görmüşdü. Avropa çempionatlarının seçmə oyunlarında isə 5 qələbə, 6 heç-heçə və 39 məğlubiyyət qeydə alınmışdı. Top fərqi də rəqiblərimizin xeyrinə idi - 29:129.
Budəfəki matç yığmamız üçün elə də yaxşı başlamayıb. Artıq matçın 14-cü dəqiqəsində rəqib komanda hesabı açmağa müvəffəq olub. Müdafiəçilərin səhvindən sonra topu ələ keçirən İliyan Miçanski qapıçı Kamran Ağayevə heç bir şans verməyib. Qoldan sonra özlərinə gəlməyə çalışan təmsilçilərimiz hücumlara atılıblar. Komandamız yalnız fasilədən sonra istəyinə çatıb. Ikinci hissənin əvvəllərində Dmitri Nazarovun uzaq məsafədən zərbəsi qarşısıalınmaz olub - 1:1. Buna baxmayaraq, qonaq komanda Bakını qələbə ilə tərk etməyi bacarıb. Oyunun başa çatmasına 3 dəqiqə qalmış künc zərbəsindən ötürülən topu Ventsislav Xrisov başla qapıdan keçirib.
Beləliklə, millimiz seçmə mərhələyə məğlubiyyətlə başlayıb.

Qol vuran 50-ci futbolçu

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov yığmamızda qol hesabını açıb. 24 yaşlı yarımmüdafiəçi EURO-2016-nın seçmə mərhələsinin Bolqarıstanla Bakıda keçirilən ilk oyununda fərqlənib.
Millidəki 4-cü oyununda qol sevinci yaşayan legioner yığmamızın heyətində bunu bacaran oyunçuların siyahısına daxil olub. Nazarov bu cədvələ 50-ci futbolçu kimi düşüb. Belə ki, Bolqarıstanla oyunadək 146 dəfə fərqlənən komandamızda 49 qol vuran futbolçu qeydə alınmışdı. 145 qol vuran bu futbolçularımızdan başqa, 1 dəfə də rəqib avtoqoluna təsadüf olunmuşdu.
Qeyd edək ki, 50 qol müəllifinin siyahısına Qurban Qurbanov başçılıq edir - 14 qol. Vaqif Cavadov 9, Rauf Əliyev, Elvin Məmmədov və Branimir Subaşiç hərəyə 7 dəfə fərqlənib.


Uğursuz yubiley oyunu

Bolqarıstan yığması ilə qarşılaşma Mahir Şükürov üçün əlamətdar olub. Bakıda rəqibimizə 1:2 hesabı ilə məğlub olduğumuz görüş 32 yaşlı müdafiəçinin yığmada yubiley - 75-ci oyunu olub. Millidə 2004-cü ildə debüt edən Şükürov bu rəqəmə 10 ildən sonra çatıb. Bu müddətdə 4 qol vuran müdafiəçi yığmada "75”i fəth edən 5-ci oyunçu kimi tarixə düşüb.
Mahirə qədər bunu bacaranlardan Rəşad Sadıqov 90, Aslan Kərimov 80, Mahmud Qurbanov 76, Tərlan Əhmədov 75 dəfə yığmanın heyətində meydana çıxıb.
Qeyd edək ki, meydana start heyətdə çıxıb və 90 dəqiqə mübarizə aparan Şükürov Tərlan Əhmədova çatıb.

Oyundan sonra
Berti Foqts (Azərbaycan milli ko
mandasının baş məşqçisi): "İki kobud səhvə yol verdik. Rəqib də bundan yararlandı. Hesabı bərabərlışdirsək də, təəssüf ki, qol buraxdıq. 70 dəqiqə rəqiblə bərabər səviyyədə oynadıq. Sonra güc qalmadı və səhvlərə yol verdik. Müdafiədə çətinliklər vardı. Heyətdə Vladimir Levin, Elnur Allahverdiyev kimi təcrübəli futbolçu yox idi. 10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklara görə klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm.
Biz qrupdan çıxmağa oynayırıqsa, evdə heç-heçəni qorumalıyıq. Qolu vurandan sonra oyunçularımın yorulduqlarını gördüm, ona görə müdafiəçi buraxdım”.

Lyuboslav Penev (Bolqarıstan milli komandasının baş məşqçisi): "Alqışlara görə minnətdaram. Azərbaycan yığmasının necə oynadığını əvvəlcədən bilirdim. Bizim məqsədimiz məhz 2 qol vurmaq deyildi. Biz qələbə qazanmaq üçün yaxşı şanslar yaratmalı idik. Bunu da bacardıq. Rusiya ilə oyunda zəif cəhətlərinizi özümdə qeyd etmişdim. İndi meydançanın durumu yaxşı deyildi. Sevinirəm ki, ilk oyunda 3 xal qazandıq. Bu, çox vacib idi. Bu gün güclü idik. Ona görə qalib gəldik. Amma heç-heçəyə də razı idim. Zədəli oyunçuların olmağına baxmayaraq, biz qələbə qazandıq. 2 ildir ki, bu komandadayam. Sevinirəm ki, yetirmələrim mənim tapşırıqlarımı icra edə bilir. Dmitri Nazarovun İliyan Mitsanskiyə milliniz haqqında məlumat verməsinə isə inanmıram. Ola bilər ki, onlar öz aralarında danışıblar. Amma bizə belə informasiya daxil olmayıb. Sizə gələcək oyunlarda uğurlar arzulayıram”.

Rəşad Sadıqov (Azərbaycan milli komandasının kapitanı): "Bu məğlubiyyəti izah etmək çox çətindi. Oyunun nəticəsi bizim üçün gözlənilməz oldu. Qarşılaşmaya yaxşı başlamışdıq. Ani səhvdən sonra qol buraxdıq. İkinci hissəyə də yaxşı başladıq. Nəticədə qol vurduq. Bundan sonra özümüzə inam artdı. Amma sonradan oyunumuzda eniş oldu. Rəqib də təzyiqi artırdı. Standart vəziyyətdən qol buraxdıq. Rəqib meydandan lazım olan nəticə ilə ayrıldı. Ən azı heç-heçə etsə idik, onları özümüzdən irəli buraxmayacaqdıq. İndi üçüncü yerə real namizədlərdən birini 3 xal irəli buraxdıq. Üstəlik, bu nəticə ev oyunumuzda qeydə alındı. Fikirləşirdik ki, ev oyunlarında yaxşı çıxış edək, maksimum xal toplayaq. Ancaq ilk oyundan xalsız ayrılmağımız durumumuzu çətinləşdirdi. Üçüncü yerə iddialı komanda, artıq səfərdəki oyunlarda da xal toplamalıdır”.

Nikolay Bodurov (Bolqarıstan milli komandasının kapitanı): "Belə havada çox gözəl qələbə qazandıq. Biz oyunda qalib gələ bilməsə idik, bu, bəhanə sayılmayacaqdı. Komandanın əsas kapitanı İvelin Popov və bütün futbolçuları təbrik etmək istəyirəm. Bu matçda komandanı kapitan kimi meydana çıxardığım üçün bunun özü də mənim üçün böyük üstünlük oldu. Qələbə qazandığımıza görə çox məmnunam”.

Vaqif Cavadov (Azərbaycan milli komandasının yarımmüdafiəçisi): "Mübarizə apardıq, amma səhvə yol verdiyimizə görə qapımızda 2 qol gördük. Yaxşı oynadığımızı deyə bilərəm. Ancaq istəyimiz alınmadı. Meydançanın bərbad vəziyyətdə olması, eləcə də sona yaxın qol buraxmağımız həlledici oldu. 1:1 hesabı bu oyun üçün əla olardı. Oyunum haqda danışmaq istəmirəm. Kənardan hər şey daha yaxşı görünür. Uşaqlar qələbə üçün əllərindən gələni etdilər. Ancaq meydançanın vəziyyəti pis idi. Bu da oyunumuza mənfi təsir göstərdi. Sanki ikiqat güc sərf edirdik. Amma bunu bəhanə etmək istəmirəm. Hər şeyi bununla bağlamaq düzgün olmaz. Sadəcə, iki ciddi səhvdən sonra toplar buraxdıq. Buna görə kimisə də qınamaq olmaz. Təbii ki, hər kəs öz oyununu təhlil edəcək”.

İliyan Miçanski (Bolqarıstan milli komandasının hücumçusu): "Çətin və maraqlı görüş oldu. Belə bir səfərdən evə 3 xalla qayıtmaq bizi sevindirməyə bilməz. Düzdür, qələbə qazandıq, amma narazı qaldığımız məqamlar da oldu. Məsələn, stadionun ot örtüyü çox pis vəziyyətdə idi. Yaxşı oyun göstərməyə imkan vermirdi. Seçmə mərhələyə uğurlu başladıq. İnanıram ki, davamını gətirəcəyik. Azərbaycan yığması haqqında isə xoş sözlər demək olar. Onlar bizə xeyli problem yaratdılar. Artıq qrupda iddialı olduğumuzu göstərdik. Azərbaycan yığmasının da şansları az deyil. Heç bir komanda onları hesabdan silə bilməz. Qarşıda çox gərin oyunlar olacaq. Dmitri Nazarovla bu matç haqqında oyundan öncə söhbətlərimiz olmuşdu. Amma bu barədə ətraflı danışmaq istəmirəm”.

Vladislav Stoyanov (Bolqarıstan milli komandasının qapıçısı): "Biz qələbəyə layiq futbol nümayiş etdirdik. Həm də oyunumuzla sübut etdik ki, Azərbaycan yığmasından güclüyük. Stadionun ot örtüyü bərbad idi və biz istədiyimiz oyunu göstərə bilmədik. Seçmə mərhələyə 3 xalla başladığımız üçün isə çox sevinirəm. Rəqibin qol vəziyyətində zərbəni görmədim. Sola bir addım atdım və bundan sonra əks istiqamətdə hərəkət etmək çətin idi. Nəticədə hesab bərabərləşdi. Hesab 1:1 olsa idi, bu, faciə sayılmazdı. Amma heç-heçə bizim üçün yaxşı nəticə olmazdı. Çünki biz Azərbaycan millisindən güclü idik və meydanda daha yaxşı oyun göstərdik. Qazandığımız qələbəyə də tam layiq idik. Düşünürəm ki, bu qələbə ilə biz irəli bir addım atmışıq. Qrupda III yeri tutmaq üçün biz daha iddialı komandayıq. Bunu Bakıda da göstərdik”.

Qara Qarayev (Azərbaycan milli komandasının müdafiəçisi): "Oyuna yaxşı hazırlaşmışdıq. Biz də seçmə mərhələyə qələbə ilə başlamaq istəyirdik. Oyunun gedişi də göstərdi ki, uduzmağa layiq deyildik. Xal itiriləsi oyun deyildi. Məğlubiyyətdə heç kimi günahlandırmaq olmaz. Məqsədimiz pley-off mərhələsinə yüksəlməkdir. Qarşıdakı oyunlarda çalışacağıq ki, bu cür xal itkilərinə yol verməyək. Özünüz də gördünüz ki, Bolqarıstan bizdən güclü deyildi. Sadəcə, kobud səhvlərə görə uduzduq”.

Georgi İliyev (Bolqarıstan milli komandasının yarımmüdafiəçisi): "Bizim üçün çox yaxşı oyun oldu. Düzdür, rəqib ikinci hissəyə daha yaxşı başladı. Amma komandamız yaxşı hücum qurub, qol vurmağa nail oldu. Seçmə mərhələyə çox yaxşı başladıq. 3 xal qazanmaqla, iddiamızı ortaya qoyduq. Əlbəttə, əvvəlcədən biz qələbəyə ümid edirdik. Son dəqiqələrdə də olsa, qol vurmaq üçün çalışırdıq. Baş məşqçimizin də dəyişiklikləri sırf qələbəyə hesablanmışdı. Elə bunun nəticəsi idi ki, Ventsislav Xristov əvəzetmədən meydana çıxıb qol vurdu. Ümumiyyətlə, Azərbaycan millisi yaxşı futbolçulara malik komandadır. Amma onlar yaxşı oyun göstərə bilmədilər. Biz də tam istədiyimiz kimi oynaya bilmədik. Bunun əsas səbəbi də stadionun ot örtüyünün bərbad vəziyyətdə olması idi. Daha yaxşı ot örtüyünə malik meydanda futbol oynamaq olardı. O zaman daha baxımlı qarşılaşma alınardı. Əlbəttə, biz daha güclüyük. Çünki qazandığımız nəticə də bunu göstərdi. Əgər səfərdə Azərbaycan yığmasını məğlub etmişiksə, deməli, biz üstünük”.

Rahib Səmədov