«Sumqayıt» qələbələrini davam etdirir

«Sumqayıt» qələbələrini davam etdirir


Meydan sahiblərindən isə qələbəni yalnız «ağ-qaralar» qazandılar

Ötən həftə Topaz Premyer Liqasında V tura yekun vurulub. 3 gün davam edən 5 oyundan yalnız birində meydan sahibləri qələbəyə seviniblər. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra azarkeşlər ilk qarşılaşmaya Naxçıvanda baxıblar.
Turun açılış oyununda "İnter” Naxçıvanda yerli "Araz Naxçıvan”la görüşüb. Yeganə qələbəsini ilk turda "Neftçi” üzərində qazanmış Əsgər Abdullayevin komandası bu turda da məğlubiyyətlə üzləşib. Bakılılar bütün qolların 2-ci hissədə vurulduğu matçda 3 xalı 3 qolla qazanıblar - 1:3. Paytaxt təmsilçisi bu qələbə sayəsində ikinci pillədəki mövqeyini qoruyub saxlayıb.
İkinci oyun gününün ən maraqlı görüşlərindən biri "Neftçi” ilə "Xəzər Lənkəran” arasında olub. Mövsümə məğlubiyyətlə başlamasına baxmayaraq, sonrakı oyunlarda qələbə qazanan paytaxt təmsilçisi bu oyuna yeni baş məşqçi ilə çıxmışdı. Arif Əsədov yenidən qayıtdığı "ağ-qaralar”ın baş məşqçisi vəzifəsində ilk oyunda qələbə qazanmaq istəyirdi. Qeyri-sabit oyun göstərən Oğuz Çətinin komandası isə, ən azı, bir xal qazanmaq fikrində idi. Amma bakılıların kapitanı Flavinyonun birinci hissənin ortalarında vurduğu top oyunda yeganə qol olub. Cənub təmsilçisi məğlub duruma düşməsinə baxmayaraq, bu görüşdə qələbə qazanmaq üçün kifayət qədər yaxşı şans qazanmışdı. Fasilə öncəsi qapıçı Saşa Stamenkoviçin meydandan çıxarılması, meydan sahiblərinin qapısına onbirmetrlik cərimə zərbəsi təyin olunması, ən azı, məğlubiyyətdən qaçmaq üçün yetərli idi. Amma həm Tyeqo bu şansı qaçırıb, həm də sonrakı dəqiqələrdə cənub təmsilçisi rəqib qapısına yol tapa bilməyib. Nəticədə, «Xəzər Lənkəran» növbəti "böyük oyun”da da meydanı məğlub tərk edib.
Zaqatalada "Simurq” "Qəbələ" ilə qarşılaşıb. Bu oyunda hər iki komanda qeyri-sabit çıxışa son qoymaq ümidində idi. Meydan amili Zaqatala klubunun xeyrinə idi. Məhz bundan yararlanan Georgi Çixradzenin komandası ilk dəqiqələrdə qazandığı onbirmetrliyi qola çevirməyi bacarıb. Amma ikinci hissəyə tamam başqa cür başlayan Qəbələ təmsilçisi Dodonun 2 qolu sayəsində oyunda dönüş yaradıb. Nəticədə, "Qəbələ” əzmkar qələbə sayəsində turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb.
Günün son oyununda "Qarabağ” səfərdə AZAL klubu ilə qarşılaşıb. Ağdam klubu bu mövsüm ilk qələbəsini məhz bu oyunda qazanıb. Tərlan Əhmədovun komandası son turda "Qəbələ” üzərindəki qələbədən sonra bu görüşdə də sürprizə imza atmaq fikrində idi. Amma şüvəlanlıların bu istəyi reallaşmayıb. Qurban Qurbanovun komandası isə ilk qələbə sayəsində son pillələri tərk edə bilib.
Hesabat turunun son oyununda isə lider "Sumqayıt” çempionatın aşkar autsayderinə çevrilən "Bakı”nın qonağı olub. Maliyyə problemlərindən əziyyət çəkən paytaxt təmsilçisi bu görüşdə ilk qələbəsini qazanmaq istəyində idi. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Buna baxmayaraq, sumqayıtlılar liderə xas oyunla qarşılaşmada hesabı dəyişdirə biliblər. Nəticədə, Aqil Məmmədovun yetirmələri cari mövsümdə 4-cü qələbəsini qazanaaraq, zirvədəki mövqelərini möhkəmləndiriblər.

Topaz Premyer Liqası
V tur
12 sentyabr (cümə)
"Araz Naxçıvan” - "İnter” - 1:3
Qollar: Ruslan Zubkov, 80 - Baçana Sxadadze, 50, Coşqun Diniyev, 60, Asif Məmmədov, 83.
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
Naxçıvan. Muxtar Respublika stadionu.



13 sentyabr (şənbə)
"Neftçi” - "Xəzər Lənkəran” - 1:0
Qol: Flavinyo, 28.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Mübariz Haşımov, Rauf Cabbarov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

"Simurq” - "Qəbələ” - 1:2
Qollar: R. Eyyubov, 6 (pen.) - Dodo, 70; 84.
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Sərxan İsmayılov.
Zaqatala. Şəhər stadionu.

AZAL - "Qarabağ” - 0:3
Qollar: Çumbinyo, 20, Leroy Corc, 41, Reynaldo, 66.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov.
Bakı. "AZAL Arena” stadionu.

14 sentyabr (bazar)
"Bakı” - "Sumqayıt” - 1:2
Qollar: Nurlan Novruzov, 2 - Məhəmməd Qurbanov, 57, Kiyan Sultanpur, 78.
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Hüseynli.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.