Elnur Allahverdiyev yenidən “Neftçi”yə qayıtdı

Elnur Allahverdiyev yenidən “Neftçi”yə qayıtdı

Bakının "Neftçi” klubu daha bir futbolçunu heyətinə qatıb. "Ağ-qaralar” əvvəllər də komandada oynamış Elnur Allahverdiyevi geri qaytarıblar.
Müdafiəçinin adı artıq Peşəkar Futbol Liqasına təqdim olunan sifariş vərəqəsinə daxil edilib. Azərbaycan milli komandasının üzvü bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. 2 illik müqaviləyə imza atan E. Allahverdiyev "Neftçi”nin heyətində 14 nömrəli futbol köynəyində çıxış edəcək.
Təcrübəli müdafiəçi "ağ-qaralar”ın heyətində ilk məşqindən əvvəl klubun rəsmi saytına fikirlərini bildirib: «"Neftçi” mənim üçün doğma klubdur və bura qayıtdığıma görə çox şadam. Azərbaycan futbolunun ən köklü və titullu klubunda oynamaq həm məsuliyyət, həm də böyük şərəfdir. "Neftçi” hər zaman ən yüksək mükafatlar uğrunda mübarizə aparıb. Təkcə onu deyim ki, komanda son 4 mövsümdə 3 dəfə ardıcıl çempion olub və 2 dəfə kuboku qazanıb. Çalışacağam ki, mənə göstərilən etimadı öz oyunumla doğruldum. "Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, komanda yoldaşlarımla birgə vəzifəmizin öhdəsindən layiqincə gələcəyik».
Qeyd edək ki, 31 yaşlı arxa xətt oyunçusu "Ədliyyə”, "Şəfa”, MOİK, "Neftçi” (hamısı Bakı), "Turan” (Tovuz), "Qarabağ” (Ağdam), "Xəzər Lənkəran” və "Qəbələ” klublarında forma geyinib.