Klublarımız arasında yarım xallıq fərq

Klublarımız arasında yarım xallıq fərq

Avrokubokların pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA-nın klublar üçün yeni reytinq cədvəli açıqlanıb. Cavab oyunu çərçivəsində təşkil olunan 44 qarşılaşma müəyyən dəyişikliklərə səbəb olub.
Bu siyahıda yer alan Azərbaycanın 7 komandası da xal hesabını artırıb. UEFA Avropa Liqasında mübarizəni dayandıran "Neftçi” ən yaxşı təmsilçimiz olaraq qalır. Hesabında 8,750 xal olan bakılılar Avropanın 176-cısıdırlar. Qrup mərhələsinə çıxan və orada xal hesabını zənginləşdirmək imkanına malik "Qarabağ” yarım xal geri qalır. 8,250 xalı olan ağdamlılar 188-ci sıradadırlar. Qurban Qurbanovun yetirmələri pley-offdan əvvəlki 1 xallıq fərqi azaldıblar.
Digər klublarımızdan "İnter" 4,750 xalla 268-ci, "Xəzər Lənkəran" 4,000 xalla 300-cü, "Bakı" 3,000 xalla 348-cidir, "Qəbələ" və AZAL isə hərəyə 2,500 xalla 372-ci yerə şəriklər arasındadırlar.
Qeyd edək ki, 454 komandanın yer aldığı siyahıya İspaniya "Real”ı başçılıq edir - 143,599 xal.