“Qarabağ” qrup mərhələsinə heç-heçə ilə başladı

“Qarabağ” qrup mərhələsinə heç-heçə ilə başladı

Dünən UEFA Avropa Liqasında yeni mövsümə start verildi. Yarışın təsnifat mərhələsinin ardından qitənin ikinci dərəcəli klub turnirinin əsas hissəsi başladı. 48 komandanın 12 qrupda mübarizə apardığı yarış isə Bakıda start götürdü. Qrup mərhələsində çıxış edən Azərbaycan çempionu "Qarabağ” doğma azarkeşlər önündə Fransanın "Sent-Etyen” klubunu sınağa çəkdi.
UEFA Avropa Liqası
F qrupu
I tur
"Qarabağ” (Azərbaycan) - "Sent Etyen” (Fransa) - 0:0

Hakimlər: Steven Maklin, Qavin Harris, Fransis Konnor, Alasdair Ross.
Əlavə köməkçi hakimlər: Brayan Kolvin, Endryu Dallas (hamısı Şotlandiya).
18 sentyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Azərbaycan çempionatının son qalibi "Qarabağ” komandası doğma azarkeşlər önündə "Sent-Etyen”lə görüşü yüksək səviyyədə keçirdi. Matç ərzində rəqibdən üstün olan Qurban Qurbanovun yetirmələri hesabı açmaq üçün əlverişli imkanlar əldə etdilər. Lakin "Qarabağ” futbolçuları bu imkanlardan yararlana bilmədilər. 90 dəqiqə ərzində qapıları toxunulmaz saxlayan komandalar qolsuz heç-heçə ilə kifayətləndilər. Bununla da UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən "Qarabağ” ilk görüşünü 1 xalla başa vurdu.
Qeyd edək ki, klub təmsilçimiz növbəti görüşünü oktyabrın 3-də səfərdə İtaliyanın "İnter” komandasına qarşı keçirəcək.