Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) prezidenti Mişel Platini Braziliya Futbol Konfederasiyasından hədiyyə kimi aldığı saatın dəyərinə bərabər məbləği xeyriyyə təşkilatına ödəyəcəkdir.Platini özünün bu qərarını 2020-ci il Avropa Çempionatına ev sahibliyi edəcək şəhərlərin adları elan ediləndən sonra mətbuat konfransında açıqlayıb. 2014-cü ildə futbol üzrə dünya çempionatı zamanı Braziliya Futbol Konfederasiyası yüksək vəzifəli bir neçə futbol məmurunun hər birinə konfederasiyanın 100 illiyi münasibətlə onun sponsorlarından biri tərəfindən istehsal edilmiş 8750 dollar dəyərində saat hədiyyə edib.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının Etika Komitəsinin İstintaq Palatası bu təşkilatın üzvlərinə həmin saatları geri qaytarmağı tapşırıb. Çünki bu hədiyyə rəmzi xarakter daşımır və deməli, FİFA qanunlarına ziddir. Təşkilat bu iş üzrə araşdırmanı tamamlayaraq, qərara alıb ki, sözügedən 65 saatın hamısı oktyabrın 24-dən gec olmayaraq geri qaytarılmalı və qeyri-kommersiya təşkilatlarına verilməlidir.
UEFA prezidenti jurnalistlərə deyib: "Bu əhvalat və saatın dəyəri məni çox təəccübləndirdi. Bu saat hədiyyə idi və mənim tərbiyəm hədiyyəni geri qaytarmağa imkan vermir. Mən saatın dəyərini öyrənib, həmin məbləği xeyriyyə təşkilatına ödəyəcəyəm”.