2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi 2015-ci il iyulun 25-də Sankt-Peterburqun Konstantinovsk Sarayında olacaq. Bu barədə turnirin Təşkilat Komitəsinin mətbuat xidməti məlumat verib.
Rusiya Federasiyasının idman naziri Vitali Mutko Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) püşkatmanın Sankt-Peterburqdakı Konstantinovsk sarayında keçirilməsi fikrini dəstəklədiyi üçün məmnun olduqlarını bildirib. O, həmçinin Rusiyanın mədəniyyət ənənələrini əks etdirən XVIII yüzilliyin möhtəşəm abidəsi "Konqres Sarayı” dövlət kompleksinin ölkəsini milli assosiasiyalar, qonaqlar, tərəfdaş və tamaşaçılar qarşısında layiqincə təmsil etməyə qadir olduğuna əminliyini bildirib.
Xatırladaq ki, dünya çempionatının oyunları Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Kalininqrad, Volqoqrad, Yekaterinburq, Samara, Soçi və Rostov şəhərlərində keçiriləcək.