Oktyabrın 15-də XXIII Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında keçirilən tədbirdə 1/16 və 1/8 final mərhələsinin cütləri müəyyənləşib.
Tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bütün klublara uğurlar arzulayaraq deyib: "Layiq olan komanda kuboku qazansın. Biz hər zaman çalışmışıq ki, ən güclü klub qalib gəlsin. Bəzən hansısa komandaya dəstək olduğu barədə iddialar səslənir. Amma bu belə deyil. Son illər hər zaman ən layiqli komanda Azərbaycanda uğur qazanıb. Bu da özünü avrokuboklardakı nəticələrdə göstərir”.
Qeyd edək ki, 10-u Premyer Liqa, 8-i isə birinci divizion təmsilçisi olmaqla yarışda 18 komanda iştirak edəcək. Birinci mərhələdə 4 komanda mübarizə aparacağı təqdirdə, qalan 14 klub yarışlara 1/8 finaldan başlayacaqlar.
Püşkə əsasən, 1/16 finalda MOİK - "Lokomotiv”, "Qaradağ Lökbatan” - "Zirə” oyunları keçiriləcək. 1/8 finalda isə "Sumqayıt” - "Bakı”, "Xəzər Lənkəran” - "Araz-Naxçıvan”, "Simurq” - "Rəvan”, "Neftçala”- "AZAL”, "Şahdağ” - "İnter”, "Qəbələ” - "Ağsu” komandaları qarşılaşacaqlar.
1/8 finalda, həmçinin "Qarabağ” komandası MOİK - "Lokomotiv” cütünün, "Neftçi” isə "Qaradağ Lökbatan”-”Zirə” cütünün qalibi ilə görüşəcək.
Məlumat üçün qeyd edək ki, 1/16 final mərhələsinin oyunları oktyabrın 22-də, 1/8 final mərhələsinin oyunları isə dekabrın 3-də təşkil olunacaq.