Lider xal itirdi

Lider xal itirdi


Son çempion isə növbəti dəfə 3 xal qazandı

Topaz Premyer Liqasında VIII tura yekun vurulub. Milli komandaların oyunları ilə əlaqədar yaranan 3 həftəlik fasilədən sonra klublar növbəti matçlarına çıxıblar. Turun mərkəzi görüşü olan "Qarabağ” - "Qəbələ” matçı və liderin görüşü paytaxtda təşkil olunduğundan, əsas diqqətlər Bakıya yönəlib. 3 gün ərzində təşkil olunan matçda sensasiya qeydə alınmayıb.
Tura Sumqayıtda start verilib. Burada eyniadlı komanda "Neftçi” klubunu sınağa çəkib. Son iki matçda qələbə qazana bilməyənlərin görüşündə hər iki komanda üçün 3 xal qazanmaq vacib idi. Meydan sahibləri bununla liderliyə yüksələ bilərdirsə, bakılılar, ən azı, bir neçə saatlıq ikinci yeri əldə etmək arzusunda idi. Sumqayıtda sevinən tərəf "ağ-qaralar” olub. "Neftçi” səfərdən 3 xalla qayıdıb. Paytaxt təmsilçisinin heyətində yeganə qolu kamerunlu legioner Ernest Nfor vurub.

İlk oyun gününə turun mərkəzi qarşılaşması ilə yekun vurulub. Eyni xalla 3-cü pilləyə şərik olan "Qarabağ”la "Qəbələ” paytaxtda üz-üzə gəliblər. Ardıcıl 3 qələbə qazanan çempion seriyasını davam etdirmək iddiasında idi. Qonaqlar isə ötən mövsüm çempionatda xal ala bilmədiyi, kubokda isə mübarizədən kənarlaşdırdığı rəqibi "büdrətməyə” çalışacaqdı. Tofiq Bəhramov adına Respublika stadionunda azarkeşlər 2 qolun şahidi olublar. İlk hissənin son dəqiqəsində Vüqar Nadirovun dəqiq zərbəsindən sonra meydan sahibləri fasiləyə öndə yollanıblar. İkinci qolu isə matçın 89-cu dəqiqəsində penalti zərbəsindən Reynaldo vurub - 2:0.
Turun ikinci oyun günündə AZAL "Araz Naxçıvan”ın qonağı olub. Son iki oyununda uduzmayan və mövqeyini nisbətən yaxşılaşdıran bakılılar ardıcıl 5 dəfə məğlub olan Naxçıvan təmsilçisi ilə matçın favorit sayıla bilərdi. Lakin istefa təhlükəsi ilə üz-üzə qalan Əsgər Abdullayevin yetirmələri meydan amilindən yararlanmaq niyyətində idi. Matçda 4 qol vurulsa da, qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən tərəflər 1 xala seviniblər.
Günün digər matçında Premyer Liqanın lideri "İnter” "Simurq” klubunu sınağa çəkib. Gürcüstanlı baş məşqçilərin növbəti qarşılaşması hər iki çalışdırıcı üçün önəmli idi. Bu matçda da qalib müyyənləşməyib. Rəqib qapısına 1 qol vuran tərəflər meydanı 1 xalla tərk ediblər (1:1).
Tura Lənkəranda yekun vurulub. Bir vaxtlar görüşləri prinsipiallığı ilə seçilən "Xəzər Lənkəran” və "Bakı” yenidən üz-üzə gəlib. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan rəqiblər bu dəfə fərqli vəzifənin öhdəsindən gəlməkdə iddialı idi. Belə ki, hər iki komanda təhlükəli zonadan uzaqlaşmaq, liderlər qrupuna yaxınlaşmağı arzulayırdı. Heyəti əvvəlki illərdən xeyli zəif olan qonaqlardan fərqli, olaraq meydan sahibləri iddialı olduğunu təsdiqləmək üçün mütləq qalib gəlməli idi. İlk hissədə 3 top vuran cənublular fasiləyə üstün yollanıblar. İkinci hissədə isə Oğuz Çətinin yetirmələri yalnız bir dəfə fərqlənməyi bacarıblar - 4:0.
Topaz Premyer Liqası
VIII tur
17 oktyabr (cümə)
"Qarabağ” - "Qəbələ” - 2:0
Qollar: Vüqar Nadirov, 45; Reynaldo, 90 (pen.).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

"Sumqayıt” - "Neftçi” - 0:1
Qol: Ernest Nfor, 12.
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev.
Sumqayıt. "Kapital Bank Arena” stadionu, süni örtüklü meydança.

18 oktyabr (şənbə)
"Araz Naxçıvan” - AZAL - 2:2
Qollar: David Canalidze, 44; Bəxtiyar Soltanov, 63 - Rəşad Abdullayev, 24 (pen.); Eduardo Konseysan, 49.
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Teymur Fərhadov.
Naxçıvan. Muxtar Respublika stadionu.

"İnter”- "Simurq” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Coşğun Həsənov, Ziya Nəsirov.
Bakı. "İnter Arena” stadionu.

19 oktyabr (bazar)
"Xəzər Lənkəran” - "Bakı” - 4:0
Qollar: Alfred Sanko, 34 (pen.), Qalin İvanov, 37, Elnur Cəfərov, 43, Rauf Əliyev, 79 (pen.).
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov.
Lənkəran. "Xəzər Lənkəran” mərkəzi stadionu.