Oktyabrın 17-də futzal üzrə Azərbaycan çempionu "Araz”ın UEFA Kubokunun elit mərhələsindəki rəqibləri müəyyənləşib. İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, "Araz” komandası "Dina” (Rusiya), "Slov-Matik” (Slovakiya) və "Xrudim” (Çexiya) kollektivləri ilə qarşılaşacaq.
Qeyd edək ki, elit mərhələdə komandalar 4 qrupda mübarizə aparacaqlar. Qaydalara görə, əsas mərhələdə bir qrupda mübarizə aparan komandalar elit mərhələdə eyni qrupda yer ala bilməz.
Məlumat üçün bildirək ki, yeni baş məşqçi Faustino Peresin rəhbərliyi altında çıxış edən "Araz” bu mövsüm UEFA Kubokunda mübarizəyə noyabrın 18-də Xrudim şəhərində başlayacaq. Noyabrın 23-dək müəyyənləşəcək qrupun qalibi 2015-ci il aprelin sonlarında keçiriləcək "Dördlər finalı”na birbaşa vəsiqə qazanacaq.