“Qarabağ” Kiyevdə tarixi qələbə qazandı

“Qarabağ” Kiyevdə tarixi qələbə qazandı


UEFA Avropa Liqasında qrup mərhələsinin III turunda növbəti oyunlar keçirilib. Qitə klub turnirində mübarizə aparan təmsilçimiz "Qarabağ” da bu turda meydana çıxıb. Ağdam klubu Ukraynada "Dnepr”lə münasibətlərinə aydınlıq gətirib. İlk iki matçda 1 xal toplayan Qurban Qurbanovun yetirmələri Kiyevin "Olimpiyski” stadionunda maksimum nəticə əldə edərək, tarixi nəticəyə imza atıblar.

UEFA Avropa Liqası
III tur
F qrupu
"Dnepr” (Ukrayna) - "Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Muarem Muarem, 21.

Dnepr: 73. Denis Boyko, 3. Ondrjey Mazux, 23. Duqlas, 17. İvan Striniç, 44. Artyom Fedetski, 4. Sergey Kravçenko, 20. Brunu Qama, 28. Yevgeni Şaxov, 29. Ruslan Rotan (k), 9. Nikola Kaliniç, 10. Yevgeni Konoplyanka.
Qarabağ: 1. İbrahim Şehiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 2. Qara Qarayev, 10. Muarem Muarem, 9. Reynaldo, 17. Vüqar Nadirov.
Hakimlər: Libor Kovarjik, Kristof Menkl, Yan Patak, Petr Blaje.
Əlavə hakim köməkçiləri: Radek Priqoda, Yan Jilek (hamısı Çexiya).
23 oktyabr. Kiyev. "Olimpiyski” stadionu.

Ukraynadakı siyasi vəziyyətlə əlaqədar olaraq, matç Dnepropetrovskda deyil, Kiyevdə təşkil olunub. Bu isə o deməkdir ki, rəqibi də "Qarabağ”la eyni taleyi yaşayır. Çünki illərdir ki, Ağdam təmsilçisi doğma şəhərdə deyil, Bakıda oynamaq məcburiyyətindədir.

F qrupunun autsayderlərinin görüşündə hər iki komanda ilk qələbəsini qazanmağa çalışacaqdı. "Qarabağ” bunu bacarardırsa, həm sonuncu pillədən qurtulacaq, həm də bir sıra ilklər və rekordların gerçəklənməsinə səbəb olacaqdı. Bu qələbə təkcə klubun deyil, ölkə futbolunun tarixinə düşə biləcək məqamlarla zəngin olacaqdı. Ölkəmiz mövsumdə 9-cu, qrupda 1-ci qələbəsinin həsrətində idi. Ağdamlılar isə əsas mərhələdə ilk qol, ilk səfər xalı, ümumilikdə isə 20-ci qələbəni gözləyirdilər.
Avrokuboklarda Ukrayna təmsilçiləri ilə yalnız 1999/2000-ci illər mövsümündə üz-üzə gələn klublarımızın uğursuzluğunu "Qarabağ” unutdurmağa çalışacaqdı. Xatırladaq ki, 15 il əvvəl "Krivbass”la qarşılaşan "Şəmkir” hər iki görüşdə məğlub olmuşdu - 0:2, 0:3.
Həm "Qarabağ”ın, həm də "Dnepr”in daxili çempionatda da işlərinin yaxşı getməsi Kiyevdə gərgin mübarizə vəd edirdi. Ukrayna Premyer Liqasında 1 heç-heçə edən və 9 matçda 4 top buraxan "Dnepr” "Şaxtyor” və "Dinamo” (Kiyev) kimi "nəhəngləri” geridə qoymuşdu. "Qarabağ” isə rəqibindən fərqli olaraq, həm beynəlxalq, həm də dazili arenada özünü göstərməyə çalışırdı. Topaz Premyer Liqasında lider olan ağdamlılar qitə "səhnəsində” də mümkün qədər irəliləmək iddiasında idi. Qarşıda 2 ev oyununun qaldığını nəzərə alsaq, səfərdə 1 xal da qənaətbəxş sayılacaqdı.
Matç meydan sahiblərinin ərazi üstünlüyü ilə başlasa da, ilk təhlükəli hücumu qonaqlar reallaşdırıb. Oyunun 9-cu dəqiqəsində "Qarabağ” hesabı açmağa yaxın olub. Reynaldo rəqib müdafiəçidən keçərək, yaxın məsafədən topu qapıya vursa da, rəqib qapıçı Boyko zərbəni dəf edib. Ümidlərini daha çox əks-hücumlara yönəldən ağdamlılar azarkeşlərini sevindiriblər. Matçın 21-ci dəqiqəsində komanda yoldaşından ötürmə alan Muarem rəqibin cərimə meydançasında 2 müdafiəçini aldatdıqdan sonra topu uzaq küncə göndərib - 0:1. Bundan sonra rəqib hücuma atılsa da, müdafiəçilərimiz və qapıçımız əla çıxışı ilə onların hücumlarını zərərsizləşdirirdi.
Fasilədən sonra təmsilçimiz daha bir dəfə fərqlənə bilərdi. Lakin Reynaldonun zərbəsini rəqib qapıçı dəf edib. Matçın sonlarında da diqqətli oyunu ilə seçilən təmsilçimiz minimum hesabı qoruyub.

Bununla da "Qarabağ” klubu tarixi uğura imza atıb. Azərbaycan çempionu təkcə avrokubokların qrup mərhələsində özünün deyil, həm də Azərbaycan təmsilçiləri arasında ilk qələbəni qazanıb. Xatırladaq ki, 2 il əvvəl "Neftçi” də avroliqanın qrup mərhələsində oynamış, amma 3 heç-heçə ilə kifayətlənmişdi. "Qarabağ” isə "Dnepr” üzərində 1:0 hesablı səfər qələbəsi sayəsində xallarını 4-ə çatdırıb və paralel keçən matçda "Sent Etyen”in "İnter”lə heç-heçə etməsi səbəbindən 2-ci pilləyə yüksəlib. "İnter” III turu 7 xalla 1-ci, "Sent Etyen” 3 xalla 3-cü, "Dnepr” isə 1 xalla 4-cü pillədə başa vurub.
Yeri gəlmişkən, "Qarabağ”ın futbolçusu Muarem Muarem Ağdam klubunun tarixinə düşüb. Makedoniya millisinin üzvü təmsilçimizin Avropa Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifi olub. "Sent-Etyen” və "İnter”lə oyunlarda qol vura bilməyən Qurban Qurbanovun yetirmələri istəklərinə çatıblar. Qeyd edək ki, Muarem "Tvente” ilə Avroliqanın pley-off mərhələsinin cavab oyununda da fərqlənmişdi. Bakıda 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra "Qarabağ” ümidini Hollandiyadakı cavab matçına yönəltmişdi. Oyunun 38-ci dəqiqəsində Luk Kastaynosun vurduğu topla hesabda geri düşən Ağdam klubunu 51-ci dəqiqədə (1:1) makedoniyalı futbolçu sevindirmişdi. Onun fərqlənməsindən sonra "Qarabağ” ilk dəfə Avropa Liqasın qrup mərhələsinə vəsiqə qazanmışdı.
"Dnepr” (Ukrayna) - "Qarabağ” (Azərbaycan) qarşılaşması Azərbaycan futbolunda bir sıra tarixi nailiyyətlərlə əlamətdar olub. Ağdam təmsilçisinin 1:0 hesablı səfər qələbəsi görünməmiş rekordlarımızla nəticələnib. Onlardan bəziləri qrupun qarşıdakı 3 oyununda növbəti dəfə yenilənə də bilər. Bunun üçün "Qarabağ”ın uğurlu çıxışı davam etdirməsi lazımdır.
"Qarabağ”ın qələbəsi 2014/15-ci illər mövsümündə əldə olunan 9-cu uğur olub. Bununla, klublarımızın avrokuboklarda 20 illik çıxışı ərzində ən yüksək nailiyyət əldə edilib. İndiyədək ən yaxşı nəticə 2013/14-cü illər mövsümündəki 8-ci qələbə sayılırdı.
Azərbaycan klubları cari mövsüm UEFA reytinqi üçün 3,125 xal toplayıb. Bu da avrokuboklar tarixində rekordumuz sayılan 2012/13-cü illər mövsümünü geridə qoyur. Həmin vaxt ölkəmiz 3,000 xalla kifayətlənmişdi.
Bu qələbədən sonra "Qarabağ” Avropa Liqasının qrupunda ən çox xal toplayan Azərbaycan klubu adını qazanıb. Ağdamlılar xallarını 4-ə çatdırmaqla, 2 il əvvəl 3 xal qazanan "Neftçi”ni keçib.
Son 5 mövsümün nəticəsinə əsasən hesablanan reytinqimiz isə 12,000-yə çatıb. Cari mövsümədək ən yüksək nəticəmiz 10,375 idi.

Oyundan sonra
Qurban Qurbanov ("Qarabağ” klubunun baş məşqçisi): "Bizim üçün ağır oyun oldu. Oyunun sonlarının daha gərgin keçdiyini düşünürəm. Güclü komandaya qarşı mübarizə apardıq. "Dnepr”in futbolçuları topla yaxşı davranırdı. Azarkeşlərimizi təbrik edirəm. Meydan sahiblərinin fanatları çox olsa idi, məncə, qarşılaşma daha maraqlı ola bilərdi. İkinci pilləyə sahib olmağımızı söyləmək indidən tezdir. Gəlin, bu haqda yox, qarşıdakı oyunu fikirləşək. Bakıdakı oyun daha ağır keçəcək. Həmin matça daha ciddi hazırlaşacağıq”.
Miron Markeviç ("Dnepr” klubunun baş məşqçisi): "Bu oyuna qələbə üçün çıxmışdıq. Lakin alınmadı. Əgər sən avroliqada mübarizə aparmaq istəyirsənsə, onda oynamaq lazım idi. Təəssüf ki, oyunçularım bunu bacarmadı. Biz müdafiə və yarımmüdafiədə daha çox topla oynayırdıq. Evdə belə çıxış etmək olmaz. Seleznyov xüsusi yerdə topu qəbul edə bilmirdi. Məğlubiyyətə görə, komandanın aparıcı oyunçuları ilə ciddi danışacağam. Onlar meydanda çox çarəsiz qalmışdılar. Matç barəsində danışmaq çətindir. "Qarabağ” yaxşı təşkilatlanmış komandadır. Bu gün ən pis oyunumuzu keçirdiyimizi deyə bilərəm. Rəqib müdafiədə çox ağıllı oynadı və bizə nəsə etməyə imkan vermədi. Onlar öz qol imkanlarından maksimum yararlandılar. Bu komandanın oyun üslübu xoşum gəldi”.