AVRO 2020:Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti

AVRO 2020:Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti


2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək 13 şəhərdən biri də Bakı olacaq. UEFA-nın İcraiyyə Komitəsi sentyabrın 19-da bu barədə qərar çıxarıb.


SSRİ DÇ-1990-ı keçirməyə namizəd olsa da...
Sovet dövründə Azərbaycan rəsmi beynəlxalq futbol qarşılaşmalarına həsrət idi. SSRİ-nin əsas yığması Odessa, Volqoqrad və Simferopol kimi şəhərlərdə çıxış etsə də, heç vaxt Bakıda oynamamışdı.
Müstəqillikdən əvvəl respublikamızın əsas futbol komandası "Neftçi” də o vaxtlar qitə turnirlərinə vəsiqə qazana bilməmişdi. SSRİ-nin şimal klubları isə soyuq aylarda ev oyunlarını keçirmək üçün cənuba üz tutanda, nədənsə, Bakı yada düşmürdü. Hətta ötən əsrin 60-70-ci illərində Moskva "Torpedo”su və "Dinamo”sunun avrokuboklarda üç ev oyunu Daşkənddə baş tutub.
Xatirimdədir, 1991-ci ilin sonlarında UEFA kubokunun 1/8 finalı çərçivəsində "Dinamo” (Moskva) - "Gent” (Belçika) oyununun, dekabrda Moskvada hava şəraitinin əlverişsiz olacağı səbəbindən, Bakıda keçirilməsi məsələsi gündəmə gəlsə də, amma sonra dinamoçular nədənsə sözügedən matçı Simferopolda oynamağa üstünlük verdilər.
Ən yaxşı halda respublikamızda U-20 dünya birinciliyinin oyunları keçirilib. Bu, 1985-ci ildə baş verib. Düzdür, Bakının hətta əsas milli komandalar arasında dünya çempionatının qarşılaşmalarına ev sahibliyi etmək şansı olub, amma DÇ-1990-ı keçirməyə namizəd olan SSRİ-nin seçimdə yeganə rəqibi İtaliyaya uduzması bu ümidlərin həyata keçməsinə imkan verməyib.


"İlk dəfə bir müsəlman ölkəsində...”
Amma Azərbaycan müstəqillik qazandıqdan sonra azarkeşlərimiz dünyanın aparıcı milli komandalarının oyununu canlı izləyə bilirlər, hətta ölkəmizin əyalət şəhərlərində avrokubok oyunları keçirilir.
Artıq rəsmi futbol turnirlərinə ev sahibliyi etmək təcrübəmiz də var. 2012-ci ilin payızında ölkəmizdə altı qitədən 16 komandanın iştirakı ilə FIFA U-17 qadınların dünya çempionatı keçirilib. O vaxt Bakıda və Lənkərandakı altı stadionda 32 oyun baş tutub.
FIFA-nın prezidenti Yosef Blatter affa.az saytına müsahibəsində Azərbaycanda keçirilən U-17 qadınların dünya çempionatı barədə təəssüratlarını bölüşərkən belə demişdi: "Bu turnir ilk dəfə idi ki, bir müsəlman ölkəsində keçirilirdi və bu amil futbolun bütün cəmiyyətdə inkişaf etməsi üçün çox faydalıdır. Bu baxımdan həmin çempionat tarixi önəm daşıyan bir hadisə idi. Təşkilati işlərə gəldikdə isə, hər şey mükəmməl səviyyədə təşkil olunmuşdu. Təşkilatçılar, söz verildiyi kimi, stadion tikib təhvil verdilər. Turnir gözəl keçirildi və Azərbaycan digər FIFA turnirlərini, eləcə də 2015-ci il Avropa Oyunlarını keçirməyə hazırdır və ümumiyyətlə, Azərbaycan bu baxımdan düzgün yoldadır.
Azərbaycan dünyanın elə bir önəmli nöqtəsidir ki, burada müxtəlif mədəniyyətlər uzlaşır. Bilirsiniz ki, Azərbaycan, sözün həqiqi mənasında, tarixi mərkəzdə - mədəniyyətlərin qovşağındadır və bu, futbol naminə çox faydalıdır. Çünki futbol hamı üçündür”.
Yeri gəlmişkən, Avro-2020-dən əvvəl - 2016-cı ilin mayında ölkəmizdə U-17 yeniyetmələrin Avropa çempionatının keçiriləcəyini də xatırladım.

"Bura ya Paris, ya da Barselonadır!”
Avropa çempionatı-2020-nin oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışdıqda belə yarışların Azərbaycanın daha da tanınmasında, necə deyərlər, reklamında mühüm amil olduğunu vurğulamaq lazımdır. Bu da respublikamıza turist axınını sürətləndirə bilər. Belə tədbirlər həm də ərazisinin bir hissəsi işğal edilmiş ölkə barədə daha da müsbət fikrin formalaşmasına səbəb olur ki, bu da indiki halda bizim üçün çox vacib məsələdir.
Diqqət yetirin: 2014-cü ilin aprelində Bakıda keçirilən və "Barselona”nın da iştirak etdiyi futzal üzrə UEFA kubokunun final turnirini izləmək üçün ölkəmizdə olan Qazaxıstanın "Futbolnıe vesti” jurnalının əməkdaşının təəssüratları ilə bağlı yazısı Azərbaycanın təbliği deyilmi?
Qazaxıstan jurnalisti yazır: "Şəhərdə gəzərkən ağla gələn ilk fikir bu olur: doğrudanmı, bura keçmiş sovet şəhəridir? Mərkəzdə Sovet İttifaqından heç bir əsər-əlamət yoxdur. Artıq aeroportdan şəhərə yola düşdükdə yol boyu düşünürsən: bura ya Paris, ya da Barselonadır! Binaların ciddiliyi bəzi yerlərdə Kataloniya paytaxtını, bahalı mağazaların Avropa dəbdəbəsi, küçələrdəki təmizlik, səliqəli çiçəklənən qazonlar və genişlik isə Parisi xatırladır.
Qısaca təsvir etsək, Bakı gəzinti üçün gözəl şəhərdir. Belə bir deyim var: "Şəhər insanlardır”. Amma fikrimcə, şəhər canlı orqanizmdir, insanlar isə öz enerjiləri ilə onu qidalandırırlar. Bakı kimi şəhərdə daha çox gözəlliklər görmək üçün piyada gəzmək lazımdır.
Dəniz boyunca sahildə salınan bulvar bir neçə kilometr uzanır və gəzinti üçün ecazkar yerdir. Orada velosiped yolu da var. Hər yerdə təmizlikdir. Az qala, hər 500 metrdən bir kiçik çayxanalar var: həm çadıraoxşar yerlərdə, həm də küçədə stol arxasında çay içmək mümkündür. Çayın yanında şirniyyat də verirlər, məsələn, heyva və ya albalı mürəbbəsi, yumşaq paxlava və ləbləbi ilə quru meyvələr.
Parlaq rənglərlə rənglənmiş skamyalar, fənərlər və heyranedici attraksion-panoramı da maraqlı görünürlər.
Müasirlik, əlbəttə, yaxşıdır, amma Bakıda köhnə şəhər də var ki, orada qədim zamanların ruhunu hiss etmək olar. İçərişəhər şəhər içində şəhərdir, xalq arasında Qala və ya Köhnə şəhər kimi də adlanır. Yaxşı qalan qala divarları ilə əhatə olunan qədim yaşayış məskəni, tarixi-memarlıq qoruğudur. Az vaxta onu uzununa-eninə gəzmək mümkündür. Təbii, İçərişəhərdə olarkən Qız qalasından zövq almamaq mümkün deyil...”

"Nice country”
Avropa çempionatının 60-cı yubiley ilində - 2020-ci ildə bütün qitə boyu keçirilməsi ideyası Mişel Platiniyə məxsusdur. Vaxtilə məşhur futbolçu olmuş bu şəxsin 2007-ci ildə UEFA prezidenti vəzifəsinə gəlişindən və həyata keçirdiyi yeniliklərdən sonra nisbətən kiçik ölkələrin komandalarının da avrokuboklarda qrup mərhələsinə, Avropa çempionatında final turnirinə düşmək şansı artıb (Avro-2016-dan başlayaraq final mərhələsində iştirakçıların sayı 16-dan 24-dək yüksələcək).
2014-cü ilin avqustunda Avropanın ən yaxşı futbolçusunun seçimi üçün Monakoda olanda Platini ilə salamlaşarkən Azərbaycanın adını çəkdim. Fransalı bir an durub cavab verdi: "Nice country”. Yəni "Gözəl ölkə”. Təbii ki, dünyaca məşhur şəxsdən bu sözləri eşitmək çox xoş idi.

"Ölkədə təşkil olunan mühüm tədbirlərin sayı artır”
Yeri gəlmişkən, hələ seçimdən əvvəl UEFA-nın Bakının namizədliyi barədə hesabatında yazılanlardan oyunların ölkəmizdə yüksək səviyyədə təşkil ediləcəyinə böyük əminlik hiss olunurdu: "Ölkədə siyasi və iqtisadi vəziyyət sabitdir. Milli futbol federasiyası dövlətlə sıx əlaqədədir və dəstəklənir. Bakının namizədliyi Avropa çempionatının oyunlarını keçirməkdə böyük marağın olduğunu göstərir.
Bütün məsələlərlə ölkə prezidentinin sərəncamı ilə yaradılan xüsusi komitə məşğul olur.
Bakıdakı Olimpiya stadionu inşa edilməkdədir. Arena 69870 azarkeş tutumuna malik olacaq. Stadionun tikintisinə 710 milyon dollar xərclənəcək. Stadionun bütün göstəriciləri beynəlxalq standartlara cavab verəcək.
Şəhərdə beynəlxalq aeroport fəaliyyət göstərir. Həmçinin şəhərin avtomobil və dəmir yolları ilə qonşu ölkələrlə əlaqəsi var. Stadiona elə birbaşa aeroportdan avtobusla getmək mümkündür. Bakı UEFA-nın sürətlə hərəkət etmə qabiliyyəti ilə bağlı tələblərinə cavab verir.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Avropa çempionatı vaxtı qonaqların və azarkeşlərin qəbulu üçün kifayət qədər yer ayrılacağına zəmanət verib. Ölkədə keçirilən mühüm tədbirlərin sayı artır.
Namizədliyin maliyyə tərəfi çox möhkəm dayaqlara əsaslanır və UEFA ilə əməkdaşlıq üçün yaxşı amildir”.

"Bizim üçün çox önəmli və tarixi qərar”
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı Avro-2020-nin bir neçə oyununun Bakıda keçiriləcəyi ilə bağlı qərarı da xüsusi xatırladıb: "Gələn il birinci Avropa Oyunları, - buna qeyri-rəsmi Avropanın Olimpiya Oyunları deyirlər, - Bakıda keçiriləcək. Bu da çox əlamətdar hadisədir. Çünki Avropada bu günə qədər Olimpiada səviyyəsində yarışlar keçirilməmişdir. Burada da Azərbaycan öz namizədliyini irəli sürmüşdür və Avropanın olimpiya ailəsi bizə böyük etimad göstərmişdir.
2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Cəmi iki il ərzində həm Avropa, həm İslam Oyunları Azərbaycanda keçiriləcək. Bu da dediyim sözlərin təsdiqidir. Bu, bizim rolumuzdur və biz çalışırıq ki, xalqları birləşdirək. Onu da qeyd etmək istəyirəm ki, keçən ay bizim üçün çox önəmli və tarixi qərar qəbul edilmişdir - futbol üzrə Avropa çempionatı 2020-ci ildə, o cümlədən Bakıda keçiriləcək. Cəmi 13 şəhər - Avropanın 13 şəhəri seçilmişdir. Onlardan biri də Bakıdır. Yəni, budur bugünkü Azərbaycan. Biz Avropa ailəsinin üzvüyük, müsəlman ailəsinin üzvüyük və sübut edirik ki, bu, mümkündür. Biri o birisini inkar etmir və etməməlidir. Bu gün inkişafda olan ölkəmiz göstərir ki, düşünülmüş siyasət, cəmiyyətdə müsbət meyillər güclü olanda böyük uğurlara imza atmaq mümkündür”.

Avropa çempionatının mədaxili son iyirmi ildə 30 dəfədən çox artıb
Böyük idman yarışlarını keçirmək həm də maddi baxımdan qazanc deməkdir. UEFA Avro-2012 ərəfəsində qitə birinciliyindən əldə olunan gəlirin böyük artımını vurğulamışdı. Həmin məlumata əsasən, Avropa çempionatının mədaxili son iyirmi ildə 30 dəfədən çox artıb.
Bu üzdən futbol üzrə dünya və Avropa çempionatlarını keçirməyə nail olmaq heç də asan məsələ deyil. Rəqabət çox güclüdür. Bu mövzu ilə bağlı çoxdan diqqətimdə olan bir faktı paylaşmaq istəyirəm: Mərakeş düz 4 dəfə (!) dünya çempionatını keçirməyə namizəd olsa da, istəyini heç vaxt reallaşdıra bilməyib (DÇ-1994, DÇ-1998, DÇ-2006, DÇ-2010).
Elə qardaş Türkiyənin də 2008, 2012, 2016-cı illərin Avropa çempionatına ev sahibliyi etməklə bağlı cəhdləri uğursuzluqla nəticələnib. Keçmiş sovet respublikalarından isə yalnız Ukrayna bundan əvvəl qitə birinciliyini keçirib (2012-ci ildə Polşa ilə birlikdə).

Olimpiya stadionu Avropanın ən böyük 20 arenasından biri olacaq
Yazının əvvəlində qeyd etdiyim kimi, Avro-2020 bütün qitə boyu 13 ölkədə və 13 şəhərdə keçiriləcək. Bakıdan başqa yarışa London, Münxen, Sankt-Peterburq, Roma, Kopenhagen, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlazqo da ev sahibliyi edəcək.
Bakıda ümumilikdə 4 oyun keçiriləcək: qrup mərhələsinin üç qarşılaşması və 1/4 finalın bir matçı. Oyunlar Olimpiya stadionunda baş tutacaq. Fərəhləndirici faktdır ki, bu stadion tutumuna görə nəinki Avro-2020-nin qarşılaşmalarının keçiriləcəyi arenalar arasında ən böyüklərdən biri olacaq, ümumiyyətlə, Avropanın mövcud ən böyük 20 stadionunun siyahısında yer alacaq.
Bundan sonra isə əsas iş futbolçuların üzərinə düşəcək. Azərbaycan millisi də 24 komandanın qatılacağı Avro-2020-nin final turnirinə vəsiqə qazanıb azarkeşlərə ikiqat sevinc yaşatmalıdır.
Rasim Mövsümzadə