AFFA-nın mərhum prezidenti yad edildi

AFFA-nın mərhum prezidenti yad edildi

Oktyabrın 29-da «Olimpiya dünyası» qəzeti, «OlimpSport» jurnalı və AFFA-nın təşkilatçılığı ilə qurumun mərhum prezidenti Ramiz Mirzəyevin 60 illik yubileyinə həsr olunmuş mini futbol turniri keçirildi. Olimpiya növləri üzrə milli komandalar üçün təlim-məşq mərkəzində təşkil olunan turnirdə «Neftçi» futbol klubunun veteranları, incəsənət ustaları və jurnalistlərdən təşkil olunmuş 4 komanda iştirak edirdi. Açılış mərasimində çıxış edən keçmiş futbolçu Oqtay Abdullayev, tanınmış məşqçi Ağasəlim Mircavadov və Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər. Onlar AFFA-nın mərhum prezidentinin həyat yolundan söhbət açdılar. Sonra yarışlara start verildi. Bütün görüşlərdə qalib gələn «Neftçi» futbol klubunun veteranlardan ibarət komandası birinci yerə layiq görüldü. İncəsənət ustalarının komandası ikinci oldu. Yarış başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi. «Olimpiya dünyası» qəzetinin baş redaktoru Murad Fərzəliyev, AFFA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğlu və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Dilqəm Quliyev mükafatlandırma mərasimində çıxış edərək belə turnirlərin müntəzəm şəkildə keçirilməsinin vacibliyini vurğuladılar.
Xatirə turnirinin bütün iştirakçılarına hədiyyələr təqdim olundu.