Zirvə uğrunda mübarizədə vəziyyət gərginləşir

Zirvə uğrunda mübarizədə vəziyyət gərginləşir


3 klub lideri izləməkdə davam edir
Oktyabrın 29-da Topaz Premyer Liqasında 2-ci dövrəyə start verilib. Yeni dövrənin ilk turunun oyunları hamısı eyni gündə təşkil olunub. Liderlərin qarşılaşmasında qalib müəyyənləşməyib. Lakin liderlərin ən yaxın izləyiciləri qələbə qazanıblar. Hazırda Topaz Premyer Liqasının üst pillələrində gərginlik diqqət çəkir. 17 xala malik 3 komanda liderdən cəmi 1 xal geri qalır. Baxmayaraq ki, onlardan ikisinin - lider "Qarabağ”la "Neftçi”nin ehtiyatda da bir oyunu var. Hətta "Simurq”la "Xəzər Lənkəran”ı da liderlər qrupundan cüzi xal ayırır.



Topaz Premyer Liqası

X tur
29 oktyabr (çərşənbə)
"Araz Naxçıvan” - "Qəbələ” - 0:1
Qol: Pavol Farkaş, 21.
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev.
Naxçıvan. Muxtar Respublika stadionu.

Çempionatın autsayderi olan "Araz Naxçıvan” ikinci dövrəyə də məğlubiyyətlə başlayıb. Doğma meydanda "Qəbələ” ilə qarşılaşan Əsgər Abdullayevin yetirmələri uğursuz oyuna son qoymaq üçün çox çalışsalar da, matçın 21-ci dəqiqəsində buraxılan yeganə qolun əvəzini çıxa bilməyib. Rəqib qapısından yeganə qolu Pavol Farkaş vurub. Nəticədə, "Qəbələ” ilk dövrədə olduğu kimi, bu dəfə də naxçıvanlıları minimum hesablı qələbə ilə məğlub edib. Bu qələbə ilə Dorinel Muntyanunun yetirmələri liderlər qrupuna bir qədər də yaxınlaşıb.


"Bakı” - "Neftçi” - 1:3
Qollar: Nurlan Novruzov, 55 - Julius Vobay, 38, Araz Abdullayev, 62; Silva Kaue, 85.
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

Bu görüşlə eyni vaxtda paytaxt derbisi keçirilib. "Bakı” öz meydanında "Neftçi” klubunu qəbul edib. İlk dövrədə minimum hesablı məğlubiyyətlə üzləşən "zolaqlılar” bu dəfə həmin məğlubiyyətin qisasını almaq, aradakı xal fərqini minimuma endirmək istəyində idi. Amma Arif Əsədovun yetirmələri bu dəfə də özündən qat-qat zəif rəqibinə belə bir imkan verməyib. Düzdür, "Bakı” buraxdığı ilk qoldan sonra hesabı bərabərləşdirə bilib. Lakin rəqibin sonrakı iki qoluna cavab vermək mümkün olmayıb və "Neftçi” növbəti qələbəsini qazanaraq ikinci pilləyə yüksəlib.
Nəticədə, "Bakı”nı 3:1 hesabı ilə məğlub edən "ağ-qaralar” son mövsümdə ilk dəfə bir oyuna 3 və daha çox qol vurub. Çempionatın I dövrəsinin 8 oyununda 6 qolla antirekordçu olan bakılılar 2014-cü ildə cəmi 1 dəfə belə məhsuldarlıq göstərmişdilər. "Neftçi” fevralın 9-da təşkil olunan 2014-cü ilin ilk oyununda "Simurq”u 3:0 hesablı ilə məğlub edəndən sonra qol vurmaqda çətinlik çəkirdi. Ötən çempionatın son 17, cari mövsümün ilk 8 görüşündə paytaxt təmsilçisi rəqib qapılarına 2 topdan çox vura bilmirdi. 262 gündən sonra bu uğursuzluğa son qoyan "Neftçi” mövsümdə ilk dəfə müsbət balansa malik olub - 9:8.

"Sumqayıt” - "Xəzər Lənkəran” - 1:2
Qollar: Məhəmməd Qurbanov, 42 - Fernando Qabriel, 26, Alfred Sanko, 67.
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev.
Sumqayıt. "Kapital Bank Arena” stadionu.
Cari mövsümə çox yaxşı başlayan, ardından isə məğlubiyyətləri sıralayan "Sumqayıt” bu turda "Xəzər Lənkəran”la qarşılaşıb. Aqil Məmmədovun komandası nə qədər baxımlı futbol nümayiş etdirsə də, xalsızlıq sindromuna son qoya bilmirdi. Cənubluları ilk dövrədə səfərdə məğlub etmiş sumqayıtlılar, nəhayət bu görüşdə müsbət nəticəyə ümid edirdi. Amma onların bu dəfə də bəxti gətirməyib. Buraxılan qolun əvəzini çıxmağı bacaran "Sumqayıt” çox cəhd göstərsə də, bəxtsizlik növbəti məğlubiyyəti qaçılmaz edib. "Xəzər Lənkəran” isə bu qələbə sayəsində turnir cədvəlində "Sumqayıt”ı qabaqlamağa nail olub.

AZAL - "Simurq” - 2:2
Qollar: Rəşad Abdullayev, 56 (pen.), Eduardo Makiel, 80 - Samir Zərgərov, 15; Əli Gökdemir, 90+1.
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli.
Bakı. "AZAL Arena” stadionu.
Çempionatın daha bir uğursuz komandası sayılan AZAL "Simurq” klubunu qəbul edib. Tərlan Əhmədovun yetirmələri hesabda geri düşsələr də, ikinci hissədə daha üstün oyun göstəriblər, hətta qələbə qazanmağa da yaxın olublar. Amma qonaqların matça əlavə olunmuş dəqiqələrdə vurduğu qol qarşılaşmanın heç-heçə ilə başa çatmasına səbəb olub. 1 xal "Simurq”u 5-ci pillədə saxlayıb, "təyyarəçilər” isə hələ də turnir cədvəlinin aşağı pillərindədir.

"İnter” - "Qarabağ” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov.
Bakı. "İnter Arena” stadionu.

Turun son və mərkəzi oyununda lider "Qarabağ” əsas izləyicisi "İnter” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Ağdamlılar bu qarşılaşmada liderliyi qorumaq istəyində idilər. Bunun üçün hətta 1 xal da yetərli olacaqdı. "Bankçılar” isə məğlub olacaqları halda 4-cü pilləyə düşə bilərdilər. Çünki qələbə qazanan "Qəbələ” və "Neftçi” xal ehtiyatına görə bu komandanı qabaqlamışdı. İddialıların 90 dəqiqə ərzində qapılara qol vura bilməməsi, qarşılaşmanın, bəlkə də, zirvə uğrunda mübarizə aparan bütün komandalara sərfəli olan heç-heçə ilə başa çatmasına şərait yaradıb. Nəticədə, Ağdam klubu zirvədə qalıb, "bankçılar” da ikinci pillədəki mövqeyi qoruyublar.
Yeri gəlmişkən, son çempion "Qarabağ”ın 5 oyunluq qələbə seriyası qırılıb. "İnter”lə qarşılaşan Ağdam klubu 6-cı qalibiyyətinə sevinə bilməyib. 9 qarşılaşmada meydana çıxan "Qarabağ” rəqib qapılarından 18 top keçirib, öz qapısından isə 8 top buraxıb. Qeyd edək ki, "Qarabağ”ın qələbə seriyası Topaz Premyer Liqasının V turunda AZAL-la görüşdən başlayıb. Həmin matçda Ağdam təmsilçisi "təyyarəçilər”i 3 cavabsız qolla məğlub edib. 18 xalla turnir cədvəlinə başçılıq edən ağdamlılar daha sonra müvafiq olaraq "Simurq”a 1:0, "Neftçi”yə 3:1, "Qəbələ”yə 2:0 və "Xəzər Lənkəran”a isə 3:2 hesabı ilə qalib gəliblər.