"Bankçılar” isə ardıcıl 5-ci dəfə 1 xalla kifayətləndilər
Ötən həftə Topaz Premyer Liqasında XI turun görüşləri keçirilib. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində klublar son matçlarına çıxıblar. Eyni gündə keçirilən bütün oyunlarda maraqlı nəticələr qeydə alınıb. "Qarabağ” və "Neftçi” klubları böyükhesablı qələbə qazandıqları halda, onların ən yaxın izləyiciləri xal itkisi ilə qarşılaşıblar.
Topaz Premyer Liqası
XI tur
2 noyabr (bazar)
"Qəbələ” - "Bakı” - 1:1
Qollar: Dodo, 5 - Nurlan Qurbanov, 45.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Teymur Fərhadov.
Qəbələ. Şəhər stadionu.
I dövrədəki oyun - 2:0
Tura Qəbələdə start verildi. Yerli "Qəbələ” "Bakı” klubunu sınağa çəkib. Rəqiblə müqayisədə Dorinel Muntyanunun yetirmələri əvvəlki turlarda özünü yaxşı tərəfdən göstərmişdi. Bu səbəbdən də maliyyə problemləri içində olan, gənclərin ümidinə qalan "zolaqlılar”ın səfər matçında sürprizə imza atması inandırıcı görünmürdü. Dodonun matçın 5-ci dəqiqəsində vurduğu erkən qoldan sonra da "Qəbələ”nin asan qələbə qazanacağına heç kim şübhə etmirdi. Amma paytaxt təmsilçisi matçın qalan dəqiqələrində göstərdiyi oyunla iddialı rəqibindən xal almağı bacarıb. Bölgə təmsilçisi isə rəqibi düzgün qiymətləndirməməsinin cəzasını çəkib. Nəticədə, xal itkisi "Qəbələ”ni geri saldısa, "Bakı” növbəti xalını qazanmaqla bir daha rəqiblərinə gücsüz olmadığını sübut edib.
"Sumqayıt” - "İnter” - 0:0
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ziya Nəsirov.
Sumqayıt. "Kapital Bank Arena” stadionu.
I dövrədəki oyun - 1:5
Növbəti oyun son turların uğursuzları - "İnter”lə "Sumqayıt” komandaları arasında keçirilib. Aqil Məmmədovun yetirmələri ilk 4 turdakı ardıcıl qələbələrdən sonra 6 oyun idi ki, məğlubiyyətlə üzləşirdi. "Bankçılar” isə son 4 oyunda heç-heçə etmişdi. Bu səbəbdən də ilk turların liderləri, nəhayət öz aralarındakı oyunda uğursuz gedişata son qoymaq istəyində idilər. Amma tərəflərin 90 dəqiqəlik mübarizəsində qapılara qol vurulmadı. Nəticədə, "İnter” ardıcıl 4-cü dəfə qolsuz heç-heçəyə razılaşıb. Bundan əvvəlki qollu heç-heçəni də nəzərə alsaq, bu komanda 5-ci dəfədir 1 xalla kifayətlənir. Bu xal itkiləri "bankçılar”ı 1 pillə də geri salıb. Sumqayıtlılar isə 6 məğlubiyyətdən sonra nəhayət xal qazanmağı bacarıblar.
"Xəzər Lənkəran” - "Simurq” - 2:1
Qollar: Qalin İvanov, 40, Benjamin Lambot, 60 - İdan Vaytsman, 38.
Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
Lənkəran. "Xəzər Lənkəran” mərkəzi stadionu.
I dövrədəki oyun - 0:2
Cari mövsümün qeyri-sabit çıxış edən daha iki komandası Lənkəranda qarşılaşıblar. "Xəzər Lənkəran” "Simurq” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Oyunda hesabı qonaqlar açsa da, cəmi 2 dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirməyi bacarıblar. Fasilədən sonra isə qonaqların avtoqola imza atması cənub təmsilçisinə vacib xallar qazandırıb. Bu qələbə sayəsində "Xəzər Lənkəran” turnir cədvəlində Zaqatala təmsilçisini qabaqlayıb. Hazırda lənkəranlılar 17 xalla 3-ci pillədə qərarlaşıblar.
"Neftçi” - AZAL - 4:0
Qollar: Eltun Yaqublu, 10 (öz qapısına), Denis Silva, 38, Nikolas Kanales, 70; 85.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Mahir Məmmədov.
Bakı. "Bakcell Arena” stadionu.
"Qəbələ” və "İnter”dən fərqli olaraq, "Neftçi” bu dəfə xal itirməyib. Paytaxt derbisində AZAL-la qarşılaşan "ağ-qaralar” rəqibini 4 cavabsız qolla məğlub ediblər. "Təyyarəçilər” bu oyunda, demək olar ki, rəqibinə müqavimət göstərə bilməyib. Nəticədə, böyükhesablı qələbə Arif Əsədovun yetirmələrini ikinci pilləyə yüksəldib. Tərlan Əhmədovun yetirmələri isə turnir cədvəlinin alt pillələrindən qurtulmaq üçün hələ çox çalışmalıdır. Bu qarşılaşmada komandaya gələndən bəri qol vura bilməyən Nikolas Kanalesin dubla imza atması da xüsusi qeyd olunası məqamlardandır.
"Qarabağ” - "Araz Naxçıvan” - 4:0
Qollar: Muarem Muarem, 10, İnnosent Emeqara, 34, Reynaldo, 50; 62 (pen.).
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Lider "Qarabağ” da eyni aqibəti "Araz Naxçıvan”a yaşadıb. Autsayderlə qarşılaşmada son çempionun qələbə qazanacağı onsuz da heç kimdə şübhə doğurmurdu. Reynaldonun dublu, Emeqara və Muaremin qolları çempionatın aşkar autsayderi üzərindəki asan qələbəni təmin edib.
Qeyd edək ki, Topaz Premyer Liqasında növbəti turun oyununa qədər böyük bir fasilə yaranacaq. XII turun matçlarına noyabrın 19-da start veriləcək.
