Pakistanda təşkil olunan xatirə turniri yekunlaşıb

Pakistanda təşkil olunan xatirə turniri yekunlaşıb


Pakistanın Abbotabad şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan futbol turniri keçirilib. Bu məqsədlə Gənclər və İdman Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti noyabrın 19-dan 24-dək Pakistanda səfərdə olublar. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Pakistanın Mardan, Peşəvar və Abbotabad şəhərlərində olub, Xayber Paxtunxva əyalətinin idman naziri, əyalət polisin rəisi, Xayber Bankın icraçı direktoru, İslamiyyə Kolleci və Əbdül Vəli Xan Universitetlərinin rektorları və bir sıra digər rəsmilər ilə görüşüblər. Görüşlərdə qarşılıqlı maraq kəsb məsələlər və gələcək əməkdaşlıq istiqamətində müzakirələr aparılıb. Nümayəndə heyəti eyni zamanda Malik Saad Futbol Akademiyasına, Peşavarda yerləşən "Daily Express” qəzetinin redaksiyasına da səfər ediblər.

Futbol turnirinin yarımfinal oyunları noyabrın 22-də, final oyunu isə noyabrın 23-də keçirilib. Finaldan sonra təntənəli təltifolunma mərasimi olub. Mərasimdə çıxış edən əyalətin informasiya və təhsil naziri Muştaq Qani Əhməd Azərbaycandan gələn nümayəndə heyətini salamlayaraq iki qardaş ölkə arasında olan yüksək səviyyəli münasibətlərdən danışıb, ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaradılmasındakı əvəzsiz rolundan bəhs edib. Çıxışdan sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri və AGİN-in Elm və Təhsil şöbəsinin müdiri Vüqar Əhmədov nazir Muştaq Qani turnirin qalibi olan "Peşəvar” və "Mansehra” (ikinci yeri) komandalarının kapitanlarına kubokları təqdim ediblər. Bundan başqa "Peşəvar” radiosu ulu öndər Heydər Əliyev haqqında geniş proqram təqdim edib.