Belə qeyri-adi hesabla bitən görüş Madaqaskarda keçirilən futbol üzrə ölkə çempionatı zamanı qeydə alınıb. Qonaq "Adema” klubu, oyuna ev sahibliyi edən Tumasin şəhərinin "Olimpik” komandasına, sözün əsl mənasında, meydan oxuyub. Həmin oyun bütün dünyanı təəccübləndirib və futbol tarixinə düşüb. Məsələ burasındadır ki, "Adema” komandası "Olimpik”i 149:0 hesabı ilə məğlub edib. Hesaba diqqətlə nəzər salsaq, belə bir qənaətə gəlmək olar ki, top hər 36 saniyədən bir qapı torunu silkələyib. Ən maraqlısı da odur ki, bu cür rekord məhz ev sahiblərinin məğlubiyyəti ilə qeydə alınıb. Qeyd edək ki, bu nəticə "Adema” klubunun gücünün göstəricisi deyil. Qonaqlar bu qarşılaşmada, demək olar ki, topa heç toxunmayıblar. Yerli komandanın futbolçuları topu hər dəfə öz qapılarından keçiriblər. Buna səbəb, "Olimpik” komandası ilə rəhbərlik arasında baş verən mübahisə olub. Əmək haqqlarını ala bilməyən futbolçular topu öz qapılarına vurmaqla rəhbərlikdən qisas alıblar.