Ali məktəb komandaları futzal turnirində

Ali məktəb komandaları futzal turnirində

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) respublikamızın ali məktəb komandaları arasında futzal üzrə turnir keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan turnirdə Bakı, Gəncə və Sumqayıt şəhərlərindən 19 ali məktəbin komandası qalib adı uğrunda mübarizə aparıb.
Turnirin keçirilməsində əsas məqsəd tələbələrin idmana cəlb edilməsi və onların asudə vaxtlarının səmərəli təşkili olub.
Yarışlar 4 yarımqrupda keçirilib. İlk 2 yeri tutan komandalar "pley-off” mərhələsini keçiblər. Bununla da mükafatlar uğrunda mübarizə aparacaq komandalar müəyyənləşib.
Turnirin final görüşündə ADİU-nun komandası Bakı Dövlət Universitetinin təmsilçiləri ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən yarış "İqtisadçılar”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Üç ildir ki, 1-ci yeri tutan "İqtisadçılar” komandasına Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlar təqdim olunub.