UEFA İcraiyyə Komitəsi Millətlər Liqasının keçirilməsi ilə bağlı qərar qəbul edib. Yoldaşlıq oyunlarını əvəzləyəcək turnir 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatından sonra keçiriləcək. Millətlər Liqası 2018-ci ilin sentyabrında reallaşacaq ki, təqvim də futbol həftəsinin konsepsiyasına uyğun olaraq təsdiq ediləcək. 4 diviziondan ibarət olacaq turnir hər biri 3-4 komandadan ibarət 4 qrupa bölünəcək. Komandaların divizionlara bölünməsi isə yığmaların reytinqinə əsaslanacaq.
A və B liqaları 3 komanda 4 qrupdan, C liqası 3 komanda 2 və 2-4 qrupdan, D liqası 4 komanda üzrə 4 qrupdan ibarət olacaq. Hər divizionda qrupların 4 qalibi yuxarı diviziona və ya "dördlər finalı”na çıxacaq. Qrupun 4 ən pis komandası isə ən aşağı liqaya yuvarlanacaq.
"Dördlər finalı”nda A divizionunun 4 qrupunun qalibləri oynayacaqlar ki, yarımfinallardan və finaldan ibarət olacaq. "Dördlər finalı”nın iştirakçıları isə EURO-2020-nin seçmə mərhələsində püşk atması zamanı imtiyazlara malik olacaqlar.
Qeyd edək ki, Millətlər Liqasının keçirilməsi mart ayının 27-də Qazaxıstanın paytaxtı Astanada UEFA-nın növbəti konqresində müzakirə edilib. Qitə futbol qurumuna üzv olan ölkələrin nümayəndələrinin səsverməsindən sonra qərara alınıb ki, yoldaşlıq oyunlarını əvəzləyəcək turnirə start verilsin. Tədbirə qatılan AFFA rəsmiləri də liqaya "hə” deyiblər.
Yeri gəlmişkən, UEFA İcraiyyə Komitəsi EURO-2020-nin seçmə mərhələsi ilə bağlı qərar da verib. Seçmə oyunları 2019-cu ilin mart-noyabr aylarında təşkil olunacaq.
UEFA-nın rəsmi saytında bildirilir ki, 54 komanda 5 və ya 6 komanda üzrə 10 qrupda bölüşdürüləcək. 1 və 2-ci yerləri tutacaq millilər final mərhələsinə 24 vəsiqə uğrunda mübarizə aparacaq. 4 yerin sahibi isə Millətlər Liqasının pley-off-unda iştirak edən komandalar olacaq.
Qeyd edək ki, DÇ-2022-nin də seçmə mərhələsində də bu qayda tətbiq ediləcək.