Bu həftə UEFA Avropa Liqasında son turun oyunları keçiriləcək. Ölkəmizin turnirdəki yeganə təmsilçisi "Qarabağ” klubu növbəti oyununa çıxacaq. Növbəti mərhələ şanslarını saxlayan Ağdam təmsilçisi doğma azarkeşlər önündə İtaliyanın "İnter” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Avropa Liqası
VI tur
F qrupu
"Qarabağ” (Azərbaycan) - "İnter” (İtaliya)
11 dekabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00.
"Qarabağ” klubu növbəti mərhələyə vəsiqə qazansa, bir sıra ilklərə imza atacaq. Ağdamlıları növbəti mərhələdə gözləyən şansları araşdırmağa çalışdıq.
Avrokuboklarda mübarizəni davam etdirən "Qarabağ” mövsümün ikinci hissəsinədək irəliləməyin bir addımlığındadır. Avropa Liqasının qrup mərhələsinin sonuna 1 tur qalmış 1/16 finala çıxmaq şansına malik Ağdam təmsilçisi buna nail olsa, mübarizəni gələn il də davam etdirəcək. Belə hal isə Azərbaycan futbolu tarixində olmayıb. Amma bunun üçün ilk növbədə İtaliya "İnter”i ilə dekabrın 11-də təşkil olunacaq oyunda qalib gəlmək lazımdır. Bakıdakı görüşdə 1 xal qazanılsa, Ukraynada isə "Dnepr”lə "Sent-Etyen” heç-heçə etsə, "Qarabağ”ın qarşısında Nyonun qapıları açılacaq. Hazırda təmsilçimiz İsveçrənin bu şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında keçiriləcək növbəti püşkatmaya düşmək perspektivinə malikdir. Bunun nə vəd etdiyi də artıq məlumdur.
Söhbət dekabrın 15-də keçiriləcək mərasimdən gedir. Həmin gün Nyonda Avropa Liqasının iki mərhələsinin püşkü atılacaq.
Əvvəl 32 komanda iki səbətə bölünəcək. Avropa Liqasının qrup mərhələsində qalib gələnlər 1-ci, ikinci yer sahibləri isə 2-ci səbətdə qərarlaşacaqlar. Bu "12-lik”lərə Çempionlar Liqasının qrup üçüncüləri də qoşulacaqlar. Sonuncular arasında ən yüksək reytinqli 4 komanda 1-ci, digər 4 klub isə 2-ci səbətdə olacaq.
Göründüyü kimi, "Qarabağ” mərhələ adlasa, digər 11 qrupun ikincisi, həmçinin qitənin ən nüfuzlu klub turnirinin üçüncülərindən 4 ən zəifi ilə eyni səbətdə yer alacaq. Bu isə Azərbaycan çempionuna 1-ci səbətdən rəqib vəd edir.
Amma bu püşkdə müəyyən tələblər var. Eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar bir-biri ilə görüşə bilməz. Deməli, "Qarabağ” İtaliya "İnter”i ilə 1/16 finalda qarşılaşmayacaq. Digər 11 qrupun qalibi və Çempionlar Liqasından gələn yüksək reytinqli qrup üçüncüləri təmsilçimizi perspektivdə gözləyənlərdir.
Moskva "Dinamo”su (Rusiya), "Fiorentina” (İtaliya), "Eveton” (İngiltərə), "Zalsburq” (Avstriya) potensial rəqiblər sırasında yerini təmin etsə, "Legiya” (Polşa), Kiyev "Dinamo”su (Ukrayna), "Napoli” (İtaliya), "Feyenoord” (Hollandiya), "Tottenhem” (İngiltərə), "Borussiya M” (Almaniya), "Brügge” (Belçika) də qrup liderliyini qorusalar, onlara qoşulacaq. Çempionlar Liqasının üçüncülərindən yalnız "Anderlext”ın Avropa Liqasına gələcəyi dəqiqləşib. Buna görə də onların hansı səbətdə olacağı bilinmir.
1/16 finalın oyunları martın 19-da və 26-da keçiriləcək. Əsasnaməyə görə, 2-ci səbətdə yer alanlar ilk oyunda meydan sahibi olacaq.
Bu mərhələnin püşkünün ardınca isə 1/8 final cütləri müəyyənləşəcək. Bu zaman "kor” püşkdən istifadə ediləcək. İstənilən komanda istənilən rəqiblə düşə bilər. Burada onların eyni ölkəni təmsil etməsi və ya eyni qrupdan gəlməsi əhəmiyyət kəsb etməyəcək. Bu zaman eyni səbətdə 1-dən 16-ya qədər olan rəqəmlər yer alacaq. Onların hərəsi 1/16 finalın 1 cütünü ifadə edəcək. Bu mərhələnin matçları isə martın 12-də və 19-da keçiriləcək.