"Bakı”nın sloveniyalı futbolçusu Yure Travnerin Azərbaycana qayıtmamağının əsl səbəbi məlum olub. 29 yaşlı müdafiəçinin "zolaqlılar”ın düşərgəsinə qayıtmamağı kredit borcu ilə deyil, ölkəmizdən qaçmaq istəyi ilə bağlıdır.
Belə ki, paytaxt təmsilçisinin yolunu gözlədiyi Travner klubdan ayrıldığı 2 aya yaxın müddəti boşa verməyib. "Bakı”nın böhran yaşadığı günlərdə özünü kluba sadiq göstərən sloveniyalı yeni iş axtarışı ilə İngiltərəyə yollanıb.
Artıq bir neçə müddətdir Dumanlı Albionda olan futbolçu "Ridinq”in düşərgəsində məşq keçir. Burada baxışdan uğurla keçən Travner müqavilə ilə bağlı olduğu "Bakı” ilə problemini həll etsə, İngiltərənin 2-ci dəstəsi sayılan Çempionşipdə çıxış edəcək.
Lakin bunun qış fasiləsindən tez olmayacağı bildirilir. Komandanın baş məşqçisi Naycel Adkins bir neçə yoxlama oyununda da sınadığı müdafiəçinin xidmətində maraqlı olduğunu açıqlayıb: "Bizimlə hazırlıq keçən Yurenin oyunu məni qane edir. Onun fiziki hazırlığı da yüksək səviyyədədir. Lakin sənədləri qaydasında olmadığı üçün müqavilə imzalamağımız hazırda mümkün deyil. Çünki hazırda Azərbaycan klubuna məxsusdu. Bu problemini həll edəcəyi halda, az xərclə sıralarımıza qoşulacaq. Buna baxmayaraq, bizimlə məşqlərini davam etdirib, hazırlıqlara qatılacaq”.
Qeyd edək ki, əvvəllər də Böyük Britaniyada çıxış etmiş Travner Şotlandiyada "Sent Mirren”in, İngiltərədə "Uotford”un formasını geyib. Sloveniyalı 2013-cü ildən "Bakı”da oynayır.