Baş hakim “Qarabağ”ın tarixi qələbəsinə kölgə saldı

Baş hakim “Qarabağ”ın tarixi qələbəsinə kölgə saldı

Ümid UEFA-nın qərarına qaldı


UEFA Avropa Liqasının qrup mərhələsinin VI turuna yekun vuruldu. Qrupun son qarşılaşmaları ilə 1/16 final mərhələsinin son vəsiqələrinin sahibləri bəlli oldu. Turnirdə yeganə təmsilçimiz "Qarabağ” klubu da meydana çıxdı. Ağdam təmsilçisinin taleyinə bu görüşdə aydınlıq gətirilməli idi. Belə ki, F qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri son sınaqda "İnter” klubu ilə qarşılaşırdı. 1/16 final yolunda son addımını atan təmsilçimizə bu oyunda istənilən hesablı qələbə də kifayət idi. Lakin "Qarabağ” bunu reallaşdıra bilmədi. Amma ağdamlıların matçda qələbə qazanmamasında baş hakimin "rolu” danılmaz oldu.


UEFA Avropa Liqası
Qrup mərhələsi, VI tur
F qrupu
"Qarabağ” (Azərbaycan) - "İnter” (İtaliya) - 0:0 (0:0)

Qarabağ: 1. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc, 17. Vüqar Nadirov, 99. Namiq Ələsgərov.
İnter: 30. Xuan Pablo Karrizo, 6. Marko Andreolli (k), 14. Uqo Kampanyaro, 25. İbrahima Mbaye, 33. Danilo D-Ambrosio, 54. Ayzek Donkor, 20. Coel Obi, 44. Rene Krhin, 90. Yann M’Vila, 7. Pablo Osvaldo, 97. Federiko Bonassoli.
Hakimlər: Miroslav Zelinka, Andjey Pelikan, İrji Molaçek, Antonin Kordulin;
Əlavə hakim köməkçiləri: Petr Ardeleanu, Yan Jilek (hamısı Çexiya).
Hakim-inspektor: Ray Ellinqhem (Uels).
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova).
11 dekabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 32 000 tamaşaçı.

Layiqli mübarizəyə
"kölgə salanlar”
2 il əvvəl ölkəmizə "Neftçi” ilə qarşılaşmaq üçün gələn Milan təmsilçisi ikinci dəfə Tofiq Bəhramov adına Respublika stadionuna çıxdı. Həmin vaxt 3:1 hesabı ilə qalib gələn "İnter” indi ölkəmizə qrup qalibi kimi gəlmişdi. Son matçadək 1-ci yeri təmin edən İtaliya klubu üçün Bakıdakı görüş formal xarakter daşıyırdı. Qonaqların tanınmış məşqçisi Roberto Mançini də bu qarşılaşmada, əsasən, əvvəlki qarşılaşmalarda oynamayanlara şans verəcəyini açıqlamışdı. Özünü göstərməyə çalışan bu futbolçular "Qarabağ”ın 1/16 final yolundakı son əngəl olacaqdı.
Bu mərhələni keçmək isə Qurban Qurbanovun yetirmələrinin öz əlində idi. Son turadək turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Ağdam təmsilçisi mövqeyini qorumaq üçün mübarizə aparırdı. Bu səbəbdən "Qarabağ”a istənilən hesablı qələbə kifayət idi. Təmsilçimiz qalib gəlsə idi, Ukraynada yerli "Dnepr”lə Fransa "Sent-Etyen”inin oyununun 1/16 final baxımından heç bir əhəmiyyəti qalmayacaqdı.
Ağdamlılar 1 xal qazansa idilər, ümidlərini digər oyuna bağlayacaqdılar. Çünki hər iki görüşdə heç-heçənin qeydə alınması da, "Qarabağ”ı 1/16 finala daşıyacaqdı. Çempionumuz bunu bacarardırsa, qrup mərhələsini adlayan və mövsümün ikinci hissəsinə keçən ilk Azərbaycan klubu kimi futbol tariximizə düşəcəkdi.
Lakin Azərbaycan klubları üçün avrokuboklarda daha bir mövsüm başa çatdı. Əslində, ölkəmiz üçün 19-cu olan mövsüm, ən azı, gələn ilin fevralına, yəni pley-off mərhələsinin startına kimi uzanmalı idi. Çünki sonuncu təmsilçimiz olan "Qarabağ” mübarizə apardığı Avropa Liqasında qrupdan çıxmağa layiq idi. Ancaq Miroslav Zelinkanın başçılıq etdiyi çexiyalı hakimlər briqadasının Ağdam klubunun son saniyələrdə vurduğu təmiz qolu saymaması, həmin epizodda oyundan kənar vəziyyət qeydə alması ilə bağlı ədalətsiz qərarı 1/16 finala vəsiqəni əlimizdən aldı.

Buna görə mövsümə yekun vurarkən, "Qarabağ”ın çıxışını belə qiymətləndirmək olar: layiqli çıxış, ədalətsiz sonluq. Əlbəttə, indi bütün futbolsevərlər UEFA-dan xoş xəbər gözləyirlər. Ancaq biz nə qədər ümid etsək də, reallıq başqa şeyi deyir. Bu isə hakim səhvinə görə oyunun nəticəsinin dəyişdirilməməsindən ibarətdir. Dünya futbolunda ən ali qurumlar - FİFA və UEFA məsələyə birmənalı olaraq belə yanaşır. Deməli, bizlərə gələn mövsümü düşünməkdən başqa bir şey qalmır.

Ağdamlılar "ağ-qaralar”ın
nəticəsini yaxşılaşdırdılar
Beləliklə, "Qarabağ” klubu qrupdakı mübarizəni 6 xalla başa vurdu. Bu isə qrup mərhələsində ilk təmsilçimiz olan "Neftçi”dən (2012/13-cü illər mövsümü) 2 dəfə çox xal toplanması deməkdir. 3 xallıq fərq isə qələbəyə görədir. "Qarabağ” da "Neftçi” kimi 3 dəfə heç-heçə etsə də, tarixi rəqibindən fərqli meydanı qalib tərk edə bildi. Sadəcə, bu, səfərdə - Kiyevdə olduğundan, qrup mərhələsində evdə, hələ ki, qələbə qazana bilməmişik. Ağdam təmsilçisi qrupda mübarizəni 3-cü, paytaxt klubu 4-cü pillədə başa vurdu. Əslində, "Neftçi” onu qabaqlayan "Partizan” kimi 3 xal toplamışdı. Sadəcə, şəxsi oyunlardakı nəticə, daha doğrusu, səfərdə vurulan qol (Belqradda 0:0, Bakıda 1:1) təmsilçimizi qrup sonuncusu etdi.
Yeri gəlmişkən, qrup mərhələsindəki hər iki komandamız mübarizəni İtaliya "nəhənglərindən” olan "İnter”lə oyunla başa vurdu. Özü də maraqlıdır ki, rəqib nə qədər güclü olsa da, hər iki halda meydanı məğlub tərk etmədik - "Neftçi” 2:2, "Qarabağ” 0:0. Fərq yalnız məkanlardadır ki, iki il əvvəl Milanda, məşhur "San-Siro”da, bu dəfə isə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda heç-heçə qeydə alındı. Qrup mərhələsində "İnter”lə rəqib olmağımız diqqət çəkir. Milan təmsilçisi hər iki halda 1/16 finala çıxmaq vəzifəsinin öhdəsindən asanlıqla gəlib. Digər maraqlı məqam MDB məkanı təmsilçilərinin rəqib olmasındadır. Belə ki, "Neftçi” Rusiya "Rubin”i, "Qarabağ” Ukrayna "Dnepr”i ilə bir qrupa düşdü. Qalan rəqiblər isə "Partizan” (Serbiya) və "Sent-Etyen”in (Fransa) timsalında Avropa təmsilçiləri idilər.

"Qarabağ” ən çox xalı "Dnepr”lə oyunda qazanmışdı...
"Qarabağ” qrupdakı rəqiblərinin hər birindən xal ala bildi. Maraqlıdır ki, Ağdam klubu ən çox - 3 xalı 2-ci yerin sahibi "Dnepr”dən götürsə də, yekunda ondan cəmi 1 xalla geridə qaldı. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda "Sent-Etyen”dən 2, "İnter”dən 1 xal aldı. Azərbaycan çempionu "Dnepr”dən məğlubiyyəti Bakıda, "İnter”dən Milanda aldısa, fransızlara məğlub olmadı. "Neftçi” isə buna "Partizan”la matçlarda nail olaraq, 0:0 və 1:1 hesablı heç-heçələrə imza atmışdı. Bakı təmsilçisi "İnter”ə Bakıda məğlub olmuş (1:3), "Rubin”dən xal ala bilməmişdi (hər iki oyunda 0:1). Ümumiyyətlə, "Qarabağ”ın bu mövsüm avrokuboklarda keçirdiyi bütün 12 oyuna nəzər salsaq, heç bir halda rəqibinə hər 2 matçda uduzmadığını görərik - Çempionlar Liqasında "Valletta” (Malta, 1:0 və 4:0) və "Zalsburq”la (Avstriya, evdə 2:1, səfərdə 0:2), avroliqada "Tvente”ylə (Hollandiya, evdə 0:0, səfərdə 1:1).
Qeyd edək ki, "Qarabağ”ı pley-offdan kənarda qoyan 0:0 qrup mərhələsində bizim üçün hələ ki ən "populyar” hesabdır. Belə ki, "Qarabağ” 2, "Neftçi” isə 1 dəfə qolsuz heç-heçəyə imza atıb. Özü də hər iki komandamızın qrupda debütləri məhz bu hesabla olub. Təmsilçilərimizin "İnter”ə məğlubiyyətlərinin 2 top fərqi ilə olması da, diqqət çəkir (1:3, 0:2).


Kanalesi keçən olmadı
Azərbaycan klubları qrupda ümumilikdə 7 qol vurub. "Neftçi” xal sayına görə "Qarabağ”dan geri qalsa da, qollarda onu qabaqlayır - müvafiq olaraq, 4 və 3. Qrup mərhələsindəki bombardirimiz də "Neftçi”nin futbolçusudur. Söhbət hazırda bu komandanın şərəfini qoruyan çilili hücumçu Nikolas Kanalesdən gedir. Debüt mövsümündə 26 qolla çempionatımızın bombardiri olan bu legioner qrup mərhələsində 2 dəfə fərqlənib. Özü də Kanales hər iki halda milanlıların qapısına yol tapıb. Nikolas qrup mərhələsində ilk qolumuzun müəllifi kimi də adını Azərbaycan futbolunun tarixinə yazdırıb. "Neftçi”dən habelə Rəşad Sadiqov "İnter”i (Milanda), Flavinyo "Partizan”ı (Bakıda) məyus edib.
"Qarabağ”a gəlincə, Muarem Muarem "Dnepr”ə Kiyevdə, Leroy Corc Bakıda qol vurub. Vüqar Nadirov isə "Sent-Etyen”i Fransada oyuna mərkəzdən başlamağa məcbur edib. Muaremlə ("Tvente”ylə səfərdə) Corc ("Valletta”yla evdə) təsnifat mərhələsində də fərqləndiklərindən, hərəyə 2 qolla "Qarabağ”ın bu mövsüm avrokuboklarda bombardirləri oldular. Komandanın bu qədər sayda qol vuran digər legionerləri - Danilo Diasla Çumbinyo isə yalnız təsnifat mərhələsində Malta çempionu ilə matçlarda fərqləniblər. Azərbaycanın bu mövsüm avrokuboklarda bombardiri isə "Neftçi”nin kamerunlu hücumçusu Ernest Nfor oldu. Komandasının avroliqanın III təsnifat mərhələsində Gürcüstanda "Çixura”ya 3:2 hesabı ilə qalib gəldiyi cavab oyununda fərqlənən legioner 2014/15-ci illər mövsümündə 3 qolun yeganə müəllifi kimi tarixə düşdü.


Təmsilçilərimizin heyətində
4 əvəzolunmaz futbolçu
Ağdam təmsilçisinin qrup mərhələsində 4 futbolçusu əvəzolunmaz çıxış edib. Bunlar bosniyalı qapıçı İbrahim Şehiç, alban müdafiəçi Ansi Aqolli və millimizin arxa xətt oyunçuları Bədavi Hüseynovla Qara Qarayevdir. Ağdamlılar pley-offa çıxaran, ancaq sayılmayan qolunun müəllifi olan braziliyalı yarımmüdafiəçi Riçard Almeyda da 6 turun hamısında meydanda olsa da, 1 dəfə əvəzlənib ("Dnepr”lə səfər oyununun 82-ci dəqiqəsində). Maraqlıdır ki, "Neftçi”dən də 4 futbolçu qrup mərhələsində əvəz olunmadan oynamışdı. Bunlar serb qapıçı Saşa Stamenkoviç, müdafiəçilər - makedoniyalı İqor Mitreski ilə braziliyalı Bruno Bertuççi və çilili hücumçu Nikolas Kanalesdir. Göründüyü kimi, təmsilçilərimizdə qapıçılar əvəzolunmazdırlar. Şehiç 5, Stamenkoviç 8 dəfə topu tordan çıxarmağa məcbur olub.
Gənc müdafiəçi Tərlan Quliyev isə qrup mərhələsində hər 2 təmsilçimizin heyətində olmuş yeganə futbolçudur. Artıq əsas yığmaya da cəlb olunan U-21-in keçmiş kapitanı "Neftçi”ilə yalnız "İnter”lə Bakıdakı matçda ehtiyatda qalmış, qalan 5 oyunun hər birində 90 dəqiqə forma geyinmişdi. "Qarabağ”ın heyətində qrup mərhələsində meydana çıxmayan T. Quliyev yeganə oyununu "Valletta”ya qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirib.

Futbol tariximizin
ən yüksək göstəricisi
UEFA-nın ölkələr üçün reytinq cədvəli açıqlanıb. UEFA Avropa Liqasının qrup mərhələsinin VI turundan sonrakı cədvəli 2014-cü il üçün son siyahı olub.
Son 5 mövsümün nəticələrinə əsasən hesablanan cədvəlin yekunlaşmasına isə qitə kuboklarının pley-off mərhələlərinin oyunları qalıb. Bu matçlar da 2015-ci ildə keçiriləcək. Lakin həmin oyunlarda yalnız 17 ölkə təmsilçiləri çıxış edəcəklər. Avropanın digər 37 ölkəsi üçün isə avrokubok mövsümü başa çatıb.
Azərbaycan da sonuncular sırasındadır. Belə ki, sonuncu təmsilçimiz "Qarabağ” Avropa Liqasının qrup mərhələsindəki son oyununda İtaliya "İnter”i ilə qolsuz heç-heçə edib və mübarizəni dayandırıb. Bununla da Azərbaycan üçün avrokubok mövsümü sona çatıb.
Bu heç-heçə Azərbaycanın hesabına daha 0,250 xal gətirib. Bununla da, rekordlarla zəngin mövsümü başa vurmuş olduq. Belə ki, cari mövsüm toplanılan 3,625 xal ölkəmiz üçün ən yüksək mövsümlük göstəricisidir.
5 mövsümə, əsasən, 12,500 xal toplamağımız da 22 illik müstəqillik dövrünün rekordudur. Bu xal siyahıda 29-cu olmağa imkan verib. Aşağı pillələrdəkilər mübarizəni dayandırdığından bu mövqe toxunulmaz qalacaq. 29-cu pillə də ölkəmiz üçün yeni rekorddur.

Almeyda 3-cü, Sadıqov 10-cu oldu
Avropa Liqasının qrup mərhələsinin statistik göstəriciləri məlum olub. Mübarizəni dayandıran "Qarabağ” bir neçə maraqlı məqamla yadda qalıb.
Ən çox ötürmə verən futbolçular arasında Ağdam klubunun üzvü də var. Belə ki, kapitan Rəşad Sadıqov qrup mərhələsi ərzində 292 ötürmə verməklə ilk "10-luğ”a düşüb. 10-cu yeri tutan Rəşadın 254 ötürməsi dəqiq olub ki, bu da 87 faiz deməkdir. Sıralamaya 344 ötürmə ilə "Olborq”lu Rasmus Vürts başçılıq edib.
"Qarabağ”ın heyətində ən çox kobudluq edən oyunçu Maksim Medvedev olub. Müdafiəçi 14 dəfə rəqibləri kobudluqla dayandırıb. Qrup mərhələsində ən çox kobudluğa məruz qalan oyunçulardan biri isə Riçard Almeydadır. Braziliyalı yarımmüdafiəçi 19 dəfə "Qarabağ”a cərimə qazandırıb və bu baxımdan o, cədvəldə 3-cü yeri bölüşüb. Təmsilçimizin digər üzvü Qara Qarayev isə 16 dəfə kobudluğa məruz qalıb.
Yeri gəlmişkən, Azərbaycan 2014/15-ci illər mövsümündə avrokubokların 24-cüsüdür. Klublarımız cari mövsümdə 3,625 xal toplayıb və 54 ölkədən 30-nu geridə qoyub. Bunun 2,250-si "Qarabağ”ın hesabındadır. "İnter” 0,750, "Neftçi” 0,625 xalla ölkəmizin reytinqinə töhfə verib. "Qəbələ” isə mövsümü xalsız başa vurub.
Azərbaycanın geridə qoyduğu ölkələrdən yalnız Danimarkanın avrokuboklarda təmsilçisi qalıb. 2,900-ə malik şimallıların uğur qazanması ehtimalının olması ölkəmizin mövsümü ən pis halda 25-ci başa vurması deməkdir.

Gələn mövsüm əsas hədəf ÇL-in qrupuna düşmək olmalıdır
Bu mövsüm futbolumuz üçün avrokuboklar mövsümü həm də ona görə uğurlu sayılmalıdır ki, qrupda birdən-birə 2 komanda ilə təmsil olunmağa yaxın idik. Ancaq Belqraddan münasib nəticə (2:3) ilə qayıdan "Neftçi” son anda "büdrəyərək”, "Partizan”ı keçə bilmədi. "Neftçi” qrupda oynadığı zaman avrokuboklarda mövsüm bizim üçün dekabrın 6-da başa çatmışdırsa, bu dəfə həyəcan 5 gün artıq çəkdi. Təbii ki, futbolsevərlərimiz qrup mərhələsinin həyəcanını yenə yaşamaq istəyir. Özü də avroliqada bu, artıq keçilən yol olduğundan, növbəti çıxışın Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında (ÇL) olmasını çox arzulayırıq. Əlbəttə, bunu ilk gerçəkləşdirən Azərbaycan klubu daha böyük tarix yazmış olacaq. Həm də onu unutmayaq ki, həm "Neftçi”, həm də "Qarabağ” avroliqanın qrupuna çempion olaraq mübarizəyə başladıqları ÇL-dən düşüb. Həmin turnirin III təsnifat mərhələsində mübarizəni dayandıran klublar, qaydalara əsasən, avroliqanın pley-offuna qatılırlar. İndi qalır ÇL-də bu mərhələyə yüksəlmək və son sınaqdan üzüağ çıxmaqla qrupa düşmək. Bunu isə avrokuboklarda Azərbaycan üçün yubiley ilində - 20-ci mövsümdə gerçəkləşdirmək yerinə düşərdi.

Oyundan sonra

Roberto Mançini: "Təəssüf ki, "Qarabağ” mərhələ adlaya bilmədi”

- Oyun haqda fikirlərinizi bilmək istərdik.
- Çox yaxşı oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Təəssüf ki, "Qarabağ” növbəti mərhələyə adlaya bilmədi.
- Təcrübəli məşqçi kimi, qəbul edirsiniz ki, qol oyundan kənar vəziyyətdən vurulmamışdı?
- Futbolda hər şey olur. "Qarabağ” əvvəlki şanslarından istifadə edə bilmədi.
- Bu gün biz "İnter”in ifasında yaxşı oyun görmədik. Sadəcə, hakimlər "Qarabağ”ın qələbəsini əlindən aldılar...
- Elə isə "Qarabağ”ı təbrik edirəm.

Qurban Qurbanov: "O anda
hakimin oyundan kənar vəziyyət qeydə alması böyük risk idi”

- Matç həqiqətən də gərgin alındı...
- Hər birinizə alqışlara görə təşəkkür edirəm. Sizə, azarkeşlərə minnətdaram. Onlara çox sağ ol deyirəm. Çox istəyirdik ki, mərhələ adlayaq. Amma bu nəticə məğlubiyyətə bərabər oldu. Futbolçulara təşəkkür edirəm. Təəssüf ki, Vüqar Nadirov zədələndi. Bu oyun bizim üçün böyük zərbə oldu. Taleyimizlə barışmalıyıq. Amma bizim üçün qrup mərhələsi təcrübə oldu. Gələcəkdə qrupda oynasaq, futbolçular başa düşərlər ki, böyük klublara qarşı da oynamaq olar. Əfsuslar olsun ki, azarkeşlər məyus getdilər. Qismətimizdə qələbə yox imiş.
- Avropa Liqasının qrup mərhələsində əvvəlcədən nələri düşünürdünüz, indi nə düşünürsünüz?
- Əvvəlcədən bilirdik ki, maraqlı qrupa düşmüşük. Futbolçuları sınamaq baxımından maraqlı oldu. Onlara həmişə deyirəm ki oyunda, hər bir nəticə ola bilər. Zəif rəqib də güclü komandanı məğlub edə bilər. Düşündüklərim özünü doğrultdu. Bir daha deyirəm, bu, bizim üçün böyük təcrübə oldu. Hər bir rəqibə qarşı düzgün oyun oynasaq, qələbə qazanmaq olar.
- Son dəqiqədəki qol vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Qol vəziyyətinə iki fərqli tərəfdən baxdıq. Təmiz qol idi. Heç bir oyundan kənar vəziyyətdən söhbət getmir. Ansi vurduqdan sonra top Riçarda dəydi, amma həmin epizodda heç bir qayda pozuntusu yox idi. O anda hakimin oyundan kənar vəziyyət qeydə alması böyük risk idi. Artıq nə demək olar ki?
- Geridə qalan 6 oyunu yada salın. Sizə bir şans verilsə idi, hansı oyunun yenidən keçirilməsini istərdiniz?
- Siz bilməzsiniz ki, mən hər oyundan əvvəl və gedişində hansı hissləri keçirirəm. Buna görə də nəsə demək istəmirəm.
- Hakim səhvinə görə qrupda qaldıq. Hansı hissləri keçirirsiniz?
- Normal. Rəqibin oyunçusu matçdan sonra yaxınlaşıb mənə dedi ki, top mənə dəymişdi. Həmin anda desə idi, bəlkə də baş hakim qolu qeydə alardı.
- Bəxtimizin gətirmədiyini demək olar?
- Bəli. Amma bəxtimiz gətirdiyi oyunlar da olub. Onlar olmasa idi, bəlkə son oyuna qədər bu şansı qorumazdıq.