DÇ-2018-in tarixi bəlli oldu

DÇ-2018-in tarixi bəlli oldu


Dekabrın 19-da Mərakeşdə Beynəlxalq Futbol Federasiyasının (FİFA) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda 2018-ci ildə Rusiyada təşkil ediləcək futbol üzrə dünya çempionatının tarixi bəlli olub. FİFA-nın rəsmi saytının verdiyi xəbərə görə, 2018-ci ildə dünyanın futbol yığmalarının görüşü iyunun 14-dən iyulun 15-dək keçiriləcək.
Planetin 32 ən güclü futbol komandasının iştirak edəcəyi çempionatın matçları Rusiya Federasiyasının 11 şəhərində - Moskva, Kalininqrad, Sankt-Peterburq, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov Don, Soçi və Yekaterinburq və 12 stadionda təşkil ediləcək.
FİFA-nın Maliyyə Komitəsi 2014-cü ildə keçirilən dünya çempionatının maliyyə nəticələrinin yaxşı olmasını nəzərə alaraq, DÇ-2018-də iştirak etmək üçün seçilən komandaların hər birinə 300.000 dollar ödəməyi vəd edib.
Qeyd edək ki, 2017-ci ildə Konfederasiyalar Kubokunun keçiriləcəyi tarixlər də təsdiq olunub. Bu turnir iyunun 17-dən iyulun 2-dək keçiriləcək.