Qətərin paytaxtı Dohada keçirilən həlledici oyunda İtaliya Superkubokunun sahibi müəyyənləşib.
İtaliya çempionu «Yuventus» və İtaliya kubokunun sahibi «Napoli» arasında baş tutan final qarşılaşması olduqca dramatik alınıb.
Adətən, avqustda keçirilən İtaliya superkuboku uğrunda matç «Napoli»nin sıx oyun təqvimi üzündən daha münasib vaxta - ilin sonuna təxirə salınmışdı.
Dohanın «Əl-Sədd» arenasına toplaşanlar maraqlı oyunun şahidi olublar. Oyuna sürətli başlayan «Napoli» gözlənilmədən qapısında top görüb. Teves 5-ci dəqiqədə «Yuventus»u hesabda önə çıxarıb. Neapollular cavab qolu üçün 1 saat gözləməli olub. Əsas vaxtda qalib müəyyənləşmədiyindən oyuna əlavə vaxt verilib. Burada da hərəyə bir qol vuran komandalar ümidini penaltilərə bağlayıb. Qapılara 18 zərbə vurulub. Onlardan yeddisi hədəfə dəyməyib. Daha soyuqqanlı davranan Rafael Benitesin yetirmələri superkuboka sahib çıxıblar. «Napoli» sonuncu dəfə 24 il əvvəl - 1990-cı ildə bu sevinci yaşayıb. Onda Maradona fərqlənmişdi, indi isə qələbəyə səbəb İquayn olub.